Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 09:24

Azərbaycan-AB danışıqları davam edir


İllüstrasiya

“Azərbaycan-Avropa Birliyi arasında tərəfdaşlıq sazişinin layihəsi üzrə danışıqlar konstruktiv və intensiv şəkildə aparılır. Tərəflər bundan məmnundur”.

Bu fikirlər Avropa Birliyinin (AB) Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devinin rəhbərlik etdiyi nümayəndə heyətinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə vurğulanıb.

Bu haqda Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Buna da bax:​ Elmar Məmmədyarov: 'Status-kvo dəyişməlidir'

Nümayəndə heyəti Azərbaycan-Avropa Birliyi arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu çərçivəsində Bakıdadır.

Görüş zamanı məlumat verilib ki, hazırkı raundda saziş layihəsi üzrə əsasən siyasi və ticarət məsələləri müzakirə olunur.

Görüşdə qeyd edilib ki, danışıqlar qarşılıqlı anlaşma şəraitində keçir. Tərəflər ümid edir ki, tərəfdaşlığa dair saziş layihəsi bu ilin sonunda keçiriləcək Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin zirvə toplantısına qədər yekunlaşdırılacaq.

Avropa Birliyi və Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi və perspektiv inkişaf istiqamətləri də görüşdə əsas müzakirə mövzularından olub.

Buna da bax: AB ilə danışıqlardan bu il nəticə gözlənmir

Görüşdə Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa Birliyinin Komissarı Yohannes Hannın iyunun 16-da Azərbaycana səfər edəcəyi vurğulanıb. Bu səfər çərçivəsində də Azərbaycan-AB əməkdaşlığının müxtəlif aspektləri, xüsusilə nəqliyyat, ticarət və başqa sahələr üzrə ətraflı müzakirələrin aparılacağına əminlik ifadə olunub.

Azərbaycanla Avropa Birliyi (AB) arasında yeni saziş layihəsi üzrə danışıqlara bu il başlanıb. Aprelin 26-sı danışıqların ilkin mərhələsi başa çatmışdı.

Azərbaycan-Avropa Birliyi arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu iyunun 13-də başlayıb.

Buna da bax:​ AB Azərbaycanda kənd təsərrüfatına dəstək verəcək

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Buna da bax:​ David McAllister: 'Demokratiya dəyərlərini qorumalıyıq'

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG