«İyunun 14-də xəstəxanasındakı uşaqlardan 15-i də evə buraxılacaq».
Bunu Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli bildirib.
Onun deməsinə görə, bu gün, iyunun 14-ü onlar buraxıldıqdan sonra xəstəxanada cəmi 17 zəhərlənmədən müalicə olunan uşaq qalacaq. Onlar da yaxın günlərdə evlərinə buraxılacaqlar:
«Artıq bu mərhələni başa vurduq, proses yekunlaşır, yeni müraciət edənlər yoxdur. Ağırlaşma halları baş verməyib, artıq hər şey öz təbii sonluğuna çatır».
XATIRLATMA
İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Onların bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb, təqribən 60-ı xəstəxanaya yerləşdirilib.
Yerli sakinlərin deməsinə görə, zəhərlənən bəzi uşaqlar isə həkim nəzarəti altında evdə müalicə alıb.
Valideynlər və Səhiyyə Nazirliyi infeksiyanın sudan düşdüyünü təxmin edirdilər.
Səhiyyə Nazirliyi iyunun 12-si uşaqların «Rotavirus» infeksiyasına yoluxduğunu açıqlayıb. Xəstəliyin əsas əlaməti baş ağrısı, ürəkbulanma və ishaldır.
Ancaq «Azərsu» ASC bundan əvvəl sudan nümunələr götürüldüyünü və bu deyilənlərin təsdiqlənmədiyini bəyan etmişdi.