Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:42

'Reallıqda inflyasiya 20 faizə bərabərdir' – Media icmalı


Bina

Azərbaycanda dənizçiliyin inkişafı, daşınmaz əmlak bazarındakı süstlük və ikirəqəmli inflyasiyanı doğuran səbəblər bu gün (14 iyun, 2017-ci il) medianın aparıcı mövzularındandır…

DAŞINMAZ ƏMLAK BAZARINDA QUŞ UÇUR, QULAQ CİNGİLDƏYİR

«Exo» qəzetində «Azərbaycanın mənzil bazarında «ölü fəsil»» sərlövhəli məqalə oxumaq olar.

Daşınmaz əmlak sahəsində ekspert Rəşad Əliyev bazardakı vəziyyəti qəzetə belə dəyərləndirib:

«Azərbaycan daşınmaz əmlak bazarında sabit durğunluqdur. Əgər əvvəl paytaxt bazarında aparıcı satıcı idisə, bu gün qaydalar dəyişib. Artıq bazarı alıcı tənzimləyir və burada tələb təklifi doğurur. Əhalidə mənzil almağa pul yoxdur. Azərbaycanın daşınmaz əmlak bazarı dayanıb və bazarda çökmə gözlənir».

Ekspertin deməsinə görə, hazırda bazarda «ölü fəsil»dir. 2017-ci ilin əvvəlində bir qədər bahalaşma hiss olunub. Amma qiymət artımı uzun çəkməyib:

«Bu, dövlətin ipoteka krediti proqramının aktivləşməsi ilə bağlı idi. Daşınmaz əmlak bazarı enmə dövrü yaşayır. Mən daşınmaz əmlak bazarında qiymətlərin bir qədər də enə biləcəyini istisna etmirəm. 2017-ci ilin sonuna kimi qiymət artımından danışmağa dəyməz. Çünki bunun üçün obyektiv səbəblər yoxdur».

R.Əliyev deyib ki, daşınmaz əmlak bazarında artıq gözləmə mövqeyi tutanlar da yoxdur. Bu dövr də arxada qalıb:

«Biz əvvəlki kimi yeni qiymət enməsini görməyəcəyik. Son iki ildə biz hamımız daşınmaz əmlak bazarında hər şeyin enməyə doğru getdiyini gördük. Tikinti şirkətləri öz işlərini dayandırmalı oldular. Əhalidə mənzil almağa pul yoxdur, həm də tikintinin maya dəyəri bahalaşır. Bu, hər şeydən əvvəl manatın düşməsi ilə bağlıdır. Tikinti materiallarının bahalanması gedir».

Supermarket
Supermarket

İNFLYASİYANI CİLOVLAMAQ OLMUR

«Novoye Vremya» qəzetində «İnflyasiyanı cilovlamaq olmur, bu hansı təhlükədən xəbər verir?» sualına cavab axtarılır.

Müəllif yazır ki, Azərbaycanda inflyasiya qış aylarında zirvə nöqtəsinə yaxınlaşıb. Manatın dəyər itirməsi qiymətlərin bahalaşması ilə müşahidə olunub:

«Ərzaq mallarına yaxın belə düşmək olmurdu. Hökumət məmurlarının supermarketlərə reydləri isə nəticə vermirdi. Birrəqəmli inflyasiyadan əsər əlamət qalmadı».

Müəllifin fikrincə, amma sonradan bəlli olub ki, inflyasiya heç də mövsümü deyilmiş. Manat sabitləşsə də, qiymət artımı davam edib.

Yazıda vurğulanır ki, son vaxtlar toyuq yumurtasının qiymətinin artması bunun əyani sübutudur.

Daha sonra müəllif statistik rəqəmlərə istinad edir. Yazıda bildirilir ki, rəsmi göstəricilərə görə, artıq inflyasiya 14 faizə çatıb.

Üstəlik, müəllif rəsmi rəqəmlərə şübhə edir.

Yazıda vurğulanır ki, hazırda reallıqda inflyasiya 20 faizə bərabərdir. Müəllif hesab edir ki, inflyasiyanın gerçək səbəbləri müəyyən edilmədən onunla səmərəli mübarizə aparmaq olmaz.

Yazıda inflyasiyanı doğuran başlıca səbəblər də göstərilir. Müəllif hesab edir ki, əsas səbəblərdən biri istehsalın həcminin azalmasıdır. Başqa bir səbəb isə inhisardır:

«Bu səbəb öz əhəmiyyətinə görə öndə dayanır. İnhisar aradan qaldırmadıqca, bütün tədbirlər əhəmiyyətsiz olacaq».

Yazıda vurğulanır ki, indi Azərbaycanda başlıca məsələ inflyasiyanı birrəqəmli səviyyəyə endirmək deyil. Bu imkan itirilib.

Müəllifin fikrincə, indi əsas məsələ onun artmasının qarşısını almaqdır.

İlham Əliyev «Dövlət Xəzər Dəniz Gəmiçiliyi»ndə. Foto arxiv
İlham Əliyev «Dövlət Xəzər Dəniz Gəmiçiliyi»ndə. Foto arxiv

DƏNİZ DÖVLƏTİ

«Azərbaycan» qəzetində «Azərbaycan 172 dəniz dövləti arasında ön sıraya yüksəldi» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, 26 illik müstəqillik dövründə bütün sahələr üzrə ölkənin qazandığı uğurların əsasında keçmiş prezident Heydər Əliyevin xidmətləri dayanır.

Müəllifin fikrincə, ölkədə dəniz nəqliyyatının qorunub saxlanması və inkişaf etdirilməsində də H.Əliyevin müstəsna xidmətləri olub:

«İqtisadiyyatın bütün sahələri kimi, dəniz nəqliyyatı sektorunun inkişaf etdirilməsi də prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu gün inamla deyə bilərik ki, İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradılmışdır».

Yazıda bildirilir ki, Azərbaycan 1995-ci ildən beynəlxalq dəniz konvensiyalarına qoşulub. Bu sahədə fəaliyyət beynəlxalq hüquqa söykənir.

Yazıda vurğulanır ki, beynəlxalq dəniz qurumları təmsilçilərindən ibarət Ekspert Qrupunun 2013-cü ildə Azərbaycanda keçirdiyi audit bu sahədə görülmüş işləri dəyərləndirib.

Müəllif yazır ki, audit yoxlamasının nəticələrinə əsasən, Azərbaycan 172 dünya dəniz dövləti sırasında hətta Skandinaviya dövlətlərini belə geridə qoyaraq ön sıralarda qərarlaşıb.

Yazıda bildirilir ki, ekspert qrupu dəniz üzgüçülüyünün təhlükəsizliyi, gəmilərin beynəlxalq tələblərə uyğun yoxlanılması və başqa istiqamətləri əhatə edib.

Müəllif bunu ölkə başçısı İlham Əliyevin uğurlu idarəçiliyi kimi təqdim edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG