Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:25

Ekspert: 'Krandan su içmək düzgün deyil'


Su
Su

Azərbaycanda dini tolerantlıq, qida təhlükəsizliyi və uşaqların kütləvi şəkildə zəhərlənməsi bu gün (12 iyun, 2017-ci il) medianın aparıcı mövzularındandır...

UŞAQLAR NƏDƏN ZƏHƏRLƏNİB?

«Yeni Müsavat» qəzetində «Kütləvi zəhərlənmə ilə bağlı yeni xəbər və iddialar» sərlövhəli yazı oxumaq olar.

Yazıda Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş arasında 119 uşağın zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilməsindən bəhs edilir.

Əvvəlcə yazıda balaca zərərçəkənlərin fikirlərinə yer verilib:

İqbal Mövsümov (zərərçəkən): «Uşaqlarla oynadım, sonra tərləyib su içdim. Sonra qaytardım, pis oldum».

Nəzrin Nəzərova (zərərçəkən): «Su içdim, qaytardım. Sonra pis oldum, boğazım ağrıdı».

Ancaq bu kütləvi zəhərlənmənin sudan baş verdiyi təkzib edilir. «Azərsu» ASC-nin açıqlamasına görə, həmin ərazilərdə sudan nümunələr götürülüb və məlum olub ki, zəhərlənmə sudan baş verməyib.

Yazıda daha sonra ekspert fikirlərinə yer verilib.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, bu hadisədən ilk növbədə Dövlət Təhlükəsizliyi Xidməti şübhələnməli və təxribat izlərini axtarmalıdır:

«Açığı, burada mən təxribat görmürəm. Bu işə cavabdeh olan şəxslərin səhlənkarlığı görünür. Uzun müddət qalan suyun nəticəsində belə mikroblar yarana bilər. Anar Cəbrayıllı («Azərsu» ASC sözçüsü) deyir ki, bizim mütəxəssislər sudan nümunə götürdülər, heç bir problem yoxdur. Su məsələsi elə şeydir ki, tonla zəhər tökürsən, amma axıb gedirsə, əhəmiyyətini itirir...».

Tibb elmləri doktoru, professor Adil Qeybulla da hadisəyə səbəb olacaq ehtimallardan danışıb:

«Uşaqlardan qan nümunələri götürülməlidir. Bütün bunlar ortada olmasa, birmənalı nəsə demək çətindir. Zəhərlənmənin içməli sudan baş verdiyini valideynlər də deyirlər. Ola bilər ki, içməli suya nəsə qarışsın… Krandan birbaşa içməli su qəbul etmək düzgün deyil. Su süzülməli, onun tərkibində çöküntülər süzülməlidir. Yaxşı olardı ki, su ilkin mərhələdə qaynadılsın, sonra içilsin».

Qarğıdalı
Qarğıdalı

QİDADAN TƏHLÜKƏ…

«Bizim Yol» qəzetində də «Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu» sərlövhəli məqalədə ölkədə qida təhlükəsizliyinin təminatı məsələsi ekspertlərlə dəyərləndirilir.

Müəllif yazır ki, son zamanlar sosial şəbəkələrdə süni yumurta, süni kələm, süni ət, süni düyü və başqa məhsullarla bağlı xəbərlər insanlar arasında ciddi narahatlıqlara səbəb olub.

Yazıda vurğulanır ki, XX əsrin 90-cı illərinin əvvəllərində dünya bazarlarına çıxarılan GMO (Genetik Modifikasiya Olunmuş) məhsullarının çəkisinin sürətlə artması ilk vaxtlar elmi inqilab sayıldı. Sonradan isə elm adamları bunun təhlükəsi barədə həyəcan təbili çalmağa başlayıblar:

«Nanotexnologiyalar əsasında meydana gətirilən yeni növ qida məhsullarının təbii məhsulları əvəz etməsi insan genefondunda müəyyən dəyişikliklərə səbəb olur. Ərzaq təhlükəsizliyi əhalinin sağlam genefonduna birbaşa təsir edən amildir. Buna görə də, hər bir dövlətin strategiyasında prioritet məsələdir…».

Azad İstehlakçılar Birliyinin ( AİB) sədri Eyyub Hüseynov qəzetə deyib ki, qida təhlükəsizliyi beynəlxalq səhiyyə təşkilatlarının da nəzarətə götürdüyü ən ciddi problemlərdən biridir.

Ekspertə görə, Azərbaycanda qida sahəsində müəyyən problemlər qalmaqdadır, çünki bu sahədə müvafiq qanun yoxdur.

E.Hüseynov deyib ki, spirtli içkilər bazarında durum daha gərgindir. Ölkəyə idxal edilən məhsulların üzərində son yararlılıq müddəti qeyd olunmur.

Məscid
Məscid

ŞƏRQLƏ QƏRBİ BİRLƏŞDİRƏN ÖLKƏ

«Azərbaycan» qəzetində «Müsəlman dünyasını Qərb aləmi ilə birləşdirən ölkə» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, sivil bəşər cəmiyyəti formalaşandan insanlar daim inteqrasiyaya can atıb. Vahid siyasi, iqtisadi, yaxud sosial-mədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışıblar.

Yazıda bildirilir ki, tolerantlıq düşüncə tərzi olmadan müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə malik insan qruplarının bir arada yaşaya bilməsi mümkün deyil. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi əsas uğurdur.

Müəllif hesab edir ki, indiki dövrdə bəzi dövlətlərdən tolerantlıq örnəyi götürmək olar və bu baxımdan Azərbaycanın adı xüsusi qeyd olunur:

«Azərbaycanda tolerantlıq irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil. Müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib».

Yazıda daha sonra çox dinliliyin təsdiqi kimi vurğulanır ki, ölkədə 34 qeyri-islam təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Müəllif bu birgəyaşayışı Azərbaycan modeli adlandıraraq bu yöndə əldə edilən uğurları bir çox ölkələrə nümunə sayır.

XS
SM
MD
LG