Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:36

Macron-un partiyası önə çıxır


Emmanuel Macron və xanımı Brigitte Trogneux
Emmanuel Macron və xanımı Brigitte Trogneux

Fransada parlament seçkilərinin birinci raundunun yekun nəticələri göstərir ki, prezident Emmanuel Macron-un mərkəzçi partiyası Milli Assambleyada çoxluğu qazanacaq.

Seçki rəsmilərinin iyunun 12-də bildirməsinə görə, bülletenlərin, demək olar, hamısı sayılıb. Macron-un «İrəli, Respublika» (Republique en Marche) Partiyası səslərin 28 faizini qazanıb. Müttəfiqlərlə birlikdə isə partiyanın 32.3 faiz səs topladığı bildirilir.

ÇOXLUĞU QAZANA BİLƏRLƏR

Mühafizəkar Respublikaçılar 16 faiz, ifrat sağçı Milli Cəbhə Partiyası isə 14 faiz səs toplayıb.

Jean-Luc Melenchon-un ifrat solçu partiyasının 11, keçmiş prezident Francois Hollande-nın Sosialistlər Partiyasının isə 7 faiz səs topladığı xəbər verilir.

Sorğu şirkətlərinin bildirməsinə görə, bu nəticələr Macron-un mərkəzçi partiyasının və mərkəzçi-sağçı MoDem müttəfiqlərinin sonucda 577 yerlik Milli Assambleyada 390-455 mandat qazana biləcəyini göstərir.

Bu səsvermədə seçici iştirakı az olub. Seçki rəsmiləri seçici fəallığının 49 faizdən də az olduğunu bildirirlər ki, bu da müasir Fransadan ötrü rekord aşağı göstərici sayılır.

Parlamentin aşağı palatasında yerlər uğrunda 7 min 882 namizəd mübarizə aparır.

Seçki plakatları
Seçki plakatları

CƏMİ 3 NAMİZƏD MANDAT QAZANIB

Birinci turda namizədlərdən heç biri 50 faizdən çox səs qazana bilməsə, azı 12.5 faiz səs toplayan bütün namizədlər iyunun 18-də keçiriləcək ikinci tura buraxılır. Birinci turda yalnız 3 namizəd mandat qazanıb.

Proqnozlar özünü doğruldarsa, avropapərəst Macron ölkəni idarə etməyə təmiz mandat əldə etmiş olacaq. O, Napoleon-dan sonra ölkəni idarə edən ən gənc liderdir, 39 yaşı var.

Keçmiş investisiya bankiri olan Macron iqtisadi və sosial islahatları irəli aparacağını, sərt əmək qanunlarını yüngülləşdirəcəyini, pensiya sistemini islah edəcəyini bildirir.

«Fransa qayıdır», – baş nazir Edouard Philippe Fransa televiziyasına deyib. «Milli Assambleya respublikamızın yeni sifətini alacaq», – o söyləyib.

Almaniya kansleri Angela Merkel-in ofisi Twitter-də Macron-u təbrik edib.

HAKİMİYYƏTİN BİR PARTİYADA CƏMLƏNMƏSİ

Macron-un rəqibləri isə bir partiyanın əlində bu qədər hakimiyyətin cəmlənməsinin təhlükələrindən danışmağa başlayıblar.

«Birinci turda cəmi 24 faiz səs toplamış prezidentdən ötrü bu, nə sağlam, nə də arzuolunan haldır…», – Sosialist Partiyasının lideri Jean-Christophe Cambadelis deyib.

Mühafizəkar Respublikaçıların lideri Francois Baroin deyib ki, siyasi hakimiyyət bir partiyanın əlində cəmləşməməlidir və tərəfdarlarını ikinci turda seçkiyə getməyə səsləyib.

«Bu gün Fransa xalqının yarıdan azı seçimini ifadə etdi. Bu, rekord səviyyədə aşağı göstəricidir və Fransa cəmiyyətində davam edən parçalanmaları üzə çıxarır», – o deyib.

XS
SM
MD
LG