Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:23

Təcridxana rəisi məhkəməyə verildi


Cəzaçəkmə müəssisəsi (arxiv fotosu)

Vəkil Elçin Sadıqov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasını və bu qurumun rəisi Rəşid Səfərovu məhkəməyə verib.

Buna səbəb təcridxanada vəkilə hüquqlarını müdafiə etdiyi iki nəfərlə – AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı ilə görüşməyə imkan verilməməsidir. Bu haqda AzadlıqRadiosu-na Elçin Sadıqov özü məlumat verib.

Buna da bax:​ Vəkil G.Bayramlı və Ə.Muxtarlı ilə görüşə buraxılmayıb

Elçin Sadıqov təcridxana rəisinə qarşı iddia ərizəsini iyunun 8-də Sabunçu Rayon Məhkəməsinə təqdim edib. Vəkil heç bir qanuni əsas olmadan görüşə icazə verilməməsini Gözəl Bayramlı və Əfqan Muxtarlının müdafiə hüququnun pozulması kimi qiymətləndirir.

Elçin Sadıqov deyir ki, iyunun 5-də səhər saatlarında istintaq təcridxanasına gedib. Orada vəkilə deyilib ki, təcridxana rəhbərliyi onunla görüşmək istəyir. Elçin Sadıqovun sözlərinə görə, onu rəis müavini qəbul edib. O, müxtəlif bəhanələr gətirərək, vəkilin Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşməsinə imkan verməyib.

Bu deyilənlərə Penitensiar Xidmət rəhbərliyindən açıqlama almaq, hələlik, mümkün olmayıb.

Buna da bax: Əfqan Muxtarlı: “Mənim həbsim Azərbaycan hakimiyyətinin sifarişidir”

XATIRLATMA

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan Azərbaycana gələrkən gömrük-keçid məntəqəsində saxlanılıb. Dövlət Sərhəd Xidməti bildirir ki, G. Bayramlının əl yükünə baxış keçirilərkən 12 min dollar pul tapılıb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Sonradan siyasətçi xanımın işi DSX-dan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

Əfqan Muxtarlı mayın 29-da saxlanıb. Rəsmi məlumatda onun sərhədi qanunsuz keçərkən tutulduğu bildirilir. Jurnalistə qarşı CM-nin 315 (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə), 318 (dövlət sərhədini qanunsuz keçmə) və 206 (qaçaqmalçılıq) maddələrilə ittiham irəli sürülüb.

Buna da bax:​ “Biz Gözəl Bayramlının həbsdən narahatıq”

Əfqan Muxtarlının işi üzrə istintaq da əvvəl DSX-da aparılırsa da, sonradan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

Həm Gözəl Bayramlı, həm də Əfqan Muxtarlı ittihamların saxta olduğunu, sifarişlə həbs olunduqlarını bildirilər. Gözəl Bayramlı 12 min dolların çantasına gömrük-keçid məntəqəsinin əməkdaşları tərəfindən çantasına qoyulduğunu, Əfqan Muxtarlı isə Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini, üzərindən tapıldığı iddia olunan 10 min avronu da cibinə atıldığını söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG