Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 22:49

Erdoğan-ın mühafizəçilərinə cəza istənilir


İyunun 6-da ABŞ Nümayəndələr Palatası Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın mühafizə dəstəsinin üzvlərinə ittiham verilməsinə çağırıb. Həmin mühafizəçilər ötən ay Vaşinqtonda etirazçılara hücum etmişdilər.

Palatada müzakirəyə çıxarılan qətnamə 397-0 səs çoxluğuyla qəbul olunub. Konqresmenlər mayın 16-da Türkiyə səfirinin iqamətgahı qarşısında dinc nümayişçilərə «qəddar» hücumla bağlı qəzəblərini dilə gətiriblər. Hücumda 11 nəfər xəsarət almışdı.

MÜHAFİZƏÇİLƏR TÜRKİYƏDƏDİRLƏR

«Silahlı Türkiyə təhlükəsizlik əməkdaşları silahsız nümayişçiləri döyüb, təpikləyib, boğublar», – qətnamədə deyilir.

AzadlıqRadiosu sənədin dilinin ABŞ-ın NATO müttəfiqinə qarşı qeyri-adi dərəcədə sərt olmasına diqqət çəkir.

«Dinc etirazın boğulmasını idarə, nəzarət edən, yaxud buna qatılan istənilən Türkiyə təhlükəsizlik işçisinə ABŞ qanunvericiliyinə uyğun olaraq, ittiham irəli sürülməli, mühakimə olunmalıdır», – qətnamədə vurğulanır.

Həmin insidentlə bağlı oxşar addımın ABŞ Senatında da atılacağı gözlənir, ancaq bu sənədlər hər hansı həbslə sonuclana bilərmi, bu bəlli deyil. Belə ki, hücumlara görə suçlanan mühafizəçilər artıq Türkiyəyə qayıdıblar.

Vaşinqton polisi, digər ABŞ rəsmiləri də Erdoğan-ın səfəri zamanı bir qrup kürdpərəst etirazçıya hücumu pisləmişdilər.

«ÜZR İSTƏNİLSİN»

ABŞ Dövlət Departamenti bu zorakılığın «dərin narahatlıq» doğurduğunu bildirib, bir sıra konqresmenlərsə Erdoğan idarəçiliyinin avtokratik təbiətinə, onun insan haqlarını gözardı etməsinə diqqət çəkiblər.

Türkiyə həmin aksiyaya görə qadağan etdiyi PKK tərəfdarlarını günahlandırıb. PKK-nı Vaşinqtonda da terrorçu qrup hesab edir. Ancaq Türkiyə nümayişdə PKK yaraqlılarının olmasına dair sübut təqdim etməyib.

Türkiyə Vaşinqton polisinin aksiyada «aqressiv və qeyri-peşəkar» davrandığını bildirib. Amma konqresmenlər Ankaranın yozumunu qəbul etməyiblər.

«Bu hücuma görə məsuliyyət tamamilə Türkiyə hökumətinin üzərinə düşür. İstanbulu məsuliyyətə qəbul etməyə və ziyan görmüş şəxslərdən üzr istəməyə çağırıram», – Nümayəndələr Palatasının spikeri Paul Ryan deyib.

SƏNƏDİN HÜQUQİ QÜVVƏSİ YOXDUR, AMMA...

Qətnamədə Dövlət Departamentindən xahiş olunur ki, hücumda iştirak edənlərin diplomatik toxunulmazlığı alınsın.

Sosial mediada yayılmış videolarda Erdoğan-ın maşınından həmin zorakılığı seyr etdiyi, maşından düşəndən sonra da o tərəfə baxdığı görünüb.

Vaşinqton polisi Erdoğan-ın mühafizə dəstəsinin iki üzvünü saxlasa da, daha sonra onları buraxıb və Erdoğan-la birlikdə Türkiyəyə qayıdıblar.

AzadlıqRadiosu qeyd edir ki, Nümayəndələr Palatasının qəbul etdiyi sənədin hüquqi qüvvəsi yoxdur, sadəcə, gələcək addımlara yol aça bilər. Təbii ki, Donald Trump administrasiyası qətnaməyə sayqı göstərməyi seçərsə. Dövlət Departamenti məsələni hələ də araşdırdığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG