Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:54

Həbsdəki jurnalist: 'Əgər yazmaq cinayətdirsə...'


Əfqan Sadıqov

“Yeni Azərbaycan Partiyası hakimiyyətinin ədalət sistemindən bundan artıq, gözləntim yox idi....”

Həbsdəki jurnalist Əfqan Sadıqov bu gün, mayın 26-sı Şirvan Apellyasiya Məhkəməsinin barəsindəki qərarına belə reaksiya verib.

Həmin məhkəmə jurnalistin apellyasiya şikayətini rədd edib.

Məhkəmə prosesində jurnalistin vəkili Elçin Sadıqov çıxış edib. Vəkil deyib ki, jurnalistin işi qurama, saxtadır.

Buna da bax:​ Həbsdəki jurnalistin şəxsi işinə belə bir qeyd yazıblar...

Tibb sənədləri saxtalaşdırılıb

“Bu işin açar nöqtəsi ondan ibarətdir ki, Əfqan Sadıqovun xəsarət yetirdiyi bildirilən qadınla bağlı tibbi sənədlər saxtalaşdırılıb. Xəstəlik tarixçəsindən görünür ki, zərərçəkən saat 15:30-da xəstəxanaya daxil olub. İcra hakimiyyətinin aktında göstərilir ki, “təcili yardım” jurnalistin zərər yetirdiyi iddia olunan şəxsi saat 10.30-da xəstəxanaya aparıb. Şahid ifadələri, müstəntiqin hazırladığı sənədlərdə də bu uyğunsuzluq aşkar görünür. Bu, göstərir ki, cinayət işi saxtadır”, - vəkil deyib.

O, məhkəmədən Ə.Sadıqov barəsində Cəlilabad Rayon Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, jurnalistə bəraət verilməsi barədə qərar çıxarılmasını istəyib.

Buna da bax: Cəlilabadlı jurnalistin məhkəməsi - işdə yeni məqamlar

“Kəndlərimizdə insanlar isinmək üçün təzək yandırır...”

Əfqan Sadıqov da özünü günahkar bilmədiyini bildirib.

“Mən yazılarımda deyirdim ki, vətəndaşlar bir kiloqram toyuq budu almağa pul tapmır, nazir balaları isə ayı əti yeyir. Kəndlərimizdə insanlar isinmək üçün təzək yandırır, ancaq hökumət kilsələrə pulsuz qaz verir. Əgər bunları yazmaq cinayətdirsə, mən ittihamlarla razılaşaram. Məni yolumdan döndərmək istəyirdilər. Ancaq bildirmək istəyirəm ki, həbsdən sonra da fəaliyyətimi davam etdirəcəyəm. Mən bu yolu seçmişəm, yolum dəfələrlə məhkəmələrdən keçsə də ondan dönən deyiləm”, deyən Ə.Sadıqov iş üzrə zərərçəkənə barmağının belə toxunmadığını bildirib.

“Üzümə duranları anlayıram. Onlara bunu da demək istəyirəm ki, həbsdən çıxıb əzilən sizlərin, üzə durmağa məcbur edilən zavallı insanların hüquqlarının müdafiəsində dayanacağam”, jurnalist son sözünü bu ifadələrlə bitirib.

Buna da bax:​ Həbsdəki jurnalistin başında ağrılar var

Müşavirədən sonra Cəlilabad Rayon Məhkəməsinin hökmünün qüvvədə saxladığı elan edilib.

Məhkəmədən sonra jurnalistin vəkili qərarın qanunsuz olduğunu, Ali Məhkəməyə şikayət edəcəklərini bildirib.

XATIRLATMA

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanmışdı. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Buna da bax: 'Sərhədsiz Reportyorlar' Əfqan Sadıqova azadlıq istəyir

İttiham elə icra hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Rayon məhkəməsindəki proses zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Buna da bax:​ Jurnalistin son sözündən: 'Peşmanam. Ona görə ki...'

Cəlilabad Rayon Məhkəməsinin yanvarın 12-də verdiyi hökmlə Ə.Sadıqov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi «siyasi məhbus» siyahısına daxil edilib.

İndiyədək Cəlilabad rayon İcra Hakimiyyəti insidentlə bağlı hər hansı açıqlama verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG