Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:10

Həbsdəki OMON-çu məktub yazıb


OMON. Foto arxiv

Qobustandakı qapalı cəzaçəkmə müəssisəsində saxlanan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON ) ömürlük cəza alan üzvlərindən Elçin Əmiraslanovun məktubu yayılıb.

21 ildir cəza çəkən məhbus Qarabağ Azadlıq Təşkilatına ünvanladığı məktubda vəziyyətinin ağır olduğunu bildirir.

Ömürlük məhbus məktubunda yazır ki, Qarabağdakı döyüşlərdə aldığı yaralar onu çox incidir. Epilepsiya, ürəktutmaları, kəllə-beyin ağrılarından əziyyət çəkir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, onu müalicə müəssisəsinə göndərmir, tibbi yardım göstərmirlər.

E.Əmiraslanov məktubunda son vasitə kimi aclıq aksiyasına başlamağa qərar verdiyini bildirib. O, aksiyaya mayın 30-da başlayacağını yazıb.

E.Əmiraslanov həmçinin, Ombudsmana da müraciət göndərib.

Ömürlük məhbusun vəkili Elçin Sadıqov isə AzadlıqRadiosuna açıqlamasında onun səhhətinin onsuz da ağır olduğunu bildirib.

«Ömürlük məhbuslardan təkcə Elçin Əmiraslanovun yox, Səfa Poladov və Arif Kazımovun da səhhəti yaxşı deyil. Heç bir tibbi yardım da göstərilmir. Müalicə müəssisəsinə köçürülmür», - deyən vəkil müalicə ilə bağlı müraciətlərə müsbət yanaşılmadığını ifadə edib.

Məktuba və vəkilin açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə OMON arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət OMON-un Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirdilər. Atışmada, rəsmi bilgilərə görə, 22 hərbçi, yeddi mülki şəxs, bir polis əməkdaşı həlak olub. Səkkiz OMON əməkdaşı öldürülüb.

Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. OMON-un rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından Daxili İşlər Nazirliyinin (DİN) hospitalında vəfat edib. Dəstənin qalan üzvləri isə həbs ediliblər.

OMON-un Qazax bölməsinin keçmiş komandiri Elçin Əmiraslanov, Səfa PoladovArif Kazımova ömürlük cəza verilib.

Onlar qətl və bir sıra ağır cinayətlərdə ittiham ediliblər. Həmin şəxslər cəzalarının 20 il həbslə əvəzlənməsi ilə bağlı məhkəməyə də şikayət ediblər.

Yerli məhkəmələr onların şikayətini mümkün saymadığından, onların vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlayırlar.

Keçmiş OMON üzvlərindən bu üç nəfərdən başqa həmin hadisələrlə bağlı həbsdə qalan yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG