Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:39

Atatürk-ün heykəlinə görə linç ediləcəkdi


Atatürk-ün heykəlinə baltayla hücum.
Atatürk-ün heykəlinə baltayla hücum.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürk-ün heykəlini vandalizmə məruz qoyanı kütlə linç etməyə çalışıb. Bu haqda «The Times» qəzeti yazır.

Bir nəfər Türkiyənin qərbində yerləşən Sakarya şəhərində Atatürk-ün heykəlinə baltayla hücum edəndən sonra üstünə benzin töküb. Hadisə bazar ertəsi baş verib. Şahidlər həmin şəxsin ərəbcə danışdığını söyləyir.

Bundan qəzəblənən əhali ona hücum çəkib, polis idarəsinə aparılanda da arxasınca düşüb. Həmin şəxsin Atatürk-ün xatirəsini təhqir etməkdə ittiham olunacağı gözlənir.

6 MİNƏDƏK HƏBS OLUNAN VAR

Atatürk 1919-1923-cü illər müstəqillik müharibəsi nəticəsində Türkiyə ərazisini işğalçı Avropa qüvvələrindən geri alıb. Daha sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyub. O, Türkiyəni Osmanlı imperiyasının söykəndiyi şəriət qaydalarından uzaqlaşdıraraq dünyəvi dövlət qurub.

Atatürk 1938-ci ildə, 57 yaşında qaraciyər xəstəliyindən vəfat edib. Buna onun uzun illər alkoqoldan istifadəsinin səbəb olduğu bildirilir

Türkiyənin hər yerində Atatürk-ün sitatlarını görmək mümkündür. Onu təhqir etməyə görə Türkiyə Cinayət Məcəlləsi 3 ilədək cəza nəzərdə tutur. İndiyədək həmin 301-ci maddəylə 6 minədək adam cəzalandırılıb.

Ancaq «The Times» yazır ki, 10 il öncə Atatürk-ü tənqid etmək heç ağla gəlməzdi. İndiysə belə hallara daha tez-tez rast gəlinir. Bu arada prezident Recep Tayyip Erdoğan-ı təhqir etməyə görə cəzalandırılanların sayı artır.

Tarixçi Süleyman Yeşilyurt və fundamentalist islamçı hərəkatın üzvlərindən olan Hasan Akar da Atatürk barədə dediklərinə görə həbs olunublar.

XS
SM
MD
LG