Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:46

Qiymətlər daha 15 faiz bahalaşacaq-proqnoz


Bazar
Bazar

Dövlət başçısı İlham Əliyevin Ərəb-İslam-Amerika sammitində iştirakı, meyvə-tərəvəz məhsullarının bahalaşacağı ilə bağlı gözləntilər və ixraca dair rəsmi göstəricilərə inamsızlıq bu gün (23 may, 2017-ci il) medianın əsas mövzularındandır…

KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ BAHALAŞMASININ SƏBƏBLƏRİ...

«Exo» qəzetində «Yaya olan proqnoz: Azərbaycanda kənd təsərrüfatı məhsulları daha 15 faiz bahalaşacaq» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Nəriman Ağayev qəzetə deyib ki, keçən yay ilə müqayisədə bu yay bitkiçilik məhsulları ən azı 15 faiz bahalaşacaq:

«Təəssüf ki, qiymət bahalaşmasından qaçmaq mümkün deyil və bunun bir neçə səbəbi var. İlk növbədə bu onunla bağlıdır ki, yerli fermerlər məhsullarını bazarlara özləri çıxarmırlar. Məhsulu ikinci ələ ucuz qiymətə satırlar, onlar isə öz növbəsində qiymətləri qaldırırlar».

N.Ağayevin fikrincə, bundan əlavə aqrar məhsulların qiymətlərinin bahalanmasının obyektiv səbəbləri də var. Bura gübrə, nəqliyyat xərclərinin bahalanması aiddir.

Ekspert vurğulayır ki, bütün gübrə vasitələri xaricdən valyuta ilə alınır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bu yay meyvə-tərəvəz məhsullarının bahalaşacağını proqnozlaşdırır:

«Bunu da artıq bu gün əminliklə söyləmək olar ki, Azərbaycanda bir dəfə qalxan qiymət heç vaxt enmir. Təəssüf ki, ölkədə bu gün reallıqlar belədir. Bu isə ilk növbədə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hökumətin siyasətinin səmərəsiz olması ilə bağlıdır».

E.Hüseynov deyib ki, bu meylin qarşısını almaqdan ötrü hökumət ancaq yarmarkalar keçirir. Bu da səmərə vermir.

Ekspert vurğulayıb ki, bazarda yerli aqrar məhsul ümumu məhsulun cəmi 60 faizini təşkil edir. Qalan 40 faiz idxal məhsullarıdır:

«Bütün səbəb aqrar siyasətin zəif olmasındadır. Ölkəyə İrandan, Türkiyədən, bəzi Afrika ölkələrindən meyvə və tərəvəz gətirilir...».

Hesab
Hesab

KAĞIZ ÜZƏRİNDƏ İNKİŞAF

«Novoye Vremya» qəzetində «İxrac «uğurları»» sərlövhəli məqalə yer alır.

Yazıda bildirilir ki, Dövlət Gömrük Komitəsi bu günlər 2017-ci ilin 4 ayında xarici ticarətə dair hesabat dərc edib:

«Hamı buna ölkəyə xarici valyuta gətirən mənbə kimi baxır. Az qala, hər gün ölkənin bu və ya digər məhsulu ixrac edə biləcəyi kimi bəyanatlar verilir və hətta hansısa «uğur»lardan danışırlar».

Müəllif yazır ki, bütün pozitiv bəyanatlar və deyilənlər rəsmi rəqəmlərlə çox nadir hallarda üst-üstə düşür:

«2017-c ilin ilk rübünə dair Dövlət Statistika Komitəsinin hərtərəfli hesabatı buna misal oldu. Məsələn, Statistika Komitəsi nədən bilmir ki, Çinə 66 ton yun göndərilib. Yun ixracı barədə hər hansı informasiya yoxdur».

Müəllifin yazdığına görə, halbuki, Çinə 66 ton yun göndərildiyi bəyan edilmişdi.

Yazıda vurğulanır ki, hətta rəsmi statistik rəqəmlərin özü belə, şübhə doğurur. Orada sadalanan rəqəmlər gerçək mənzərəni vermir.

Müəllif yazır ki, indi hökumət rəsmiləri ölkədə qeyri-neft sektorunun inkişaf etdiyini iddia edirlər. Statistik rəsmi rəqəmlər də belə düşünməyə əsaslar verir. Ancaq müəllif tamam fərqli düşünür:

«Bütünlükdə təhlil göstərir ki, qeyri-neft ixracında heç bir dəyişiklik yoxdur. Başqa sözlə, ixracın stimullaşdırılması ilə bağlı fəaliyyət özünü doğrultmur və yalnız kağız üzərindədir».

Ərəb-İslam-Amerika sammiti
Ərəb-İslam-Amerika sammiti

İLHAM ƏLİYEVİN TƏŞƏBBÜSÜ...

«Azərbaycan» qəzetində isə «İlham Əliyevin təşəbbüsü qlobal hərəkata çevrilir» sərlövhəli məqalə dərc edilib.

Müəllif bu günlər prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika sammitində iştirakından bəhs edir.

Yazıda bildirilir ki, sammitdə İslam həmrəyliyinin yaradılması, müsəlman-xristian sivilizasiyaları arasında yeni əməkdaşlıq formatının təsis olunması və terrorizmlə birgə, effektiv mübarizə aparılması kimi ideyalar səslənib. Müəllifin gəldiyi nəticəyə görə, elə İ.Əliyevin beynəlxalq platformada fəaliyyət strategiyasının əsas hissəsini bu ideyalar tutur:

«Ötən həftəsonu Ər-Riyadda baş tutan Ərəb-İslam-Amerika sammiti son onilliklərdə davamlı olaraq gərginləşən İslam-xristian sivilizasiyalarının münasibətləri kontekstində mühüm hadisə oldu. Eyni zamanda, zirvə görüşünün qlobal miqyasda baş verən məlum proseslərdə dönüş yaradacağı ehtimalı da yüksəkdir».

Müəllif yazır ki, sammitdə dini zəmində təfriqələrin aradan qaldırılması, dini ekstremizm və radikalizmin zərərsizləşdirilməsi məsələləri gündəmə daşınıb. Həmin ideyalar artıq Azərbaycanda reallığa çevrilib:

«D.Trump-ın, həmçinin müsəlman liderlərin səmərəli fəaliyyət və real nəticələrin əldə olunması ilə bağlı irəli sürdükləri tezislər İlham Əliyevin illər öncə tam gerçəkləşdirdiyi proseslərdir! Sammitdə təklif olunan layihələr İlham Əliyevin ötən dövrdə dünyaya təqdim etdiyi nadir modellərdir!».

Müəllifə görə, İ.Əliyev Ərəb-İslam-Amerika sammitinə məhz bu xidmətləri ilə gedib.

XS
SM
MD
LG