Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:26

'İndi valideynlər toylara təsadüfi adamları da çağırırlar'


Kəmər inşası

«Cənub Qaz Dəhlizi» layihəsi, enerji resurslarından asılılığın davam etməsi, sənaye istehsalının azalması və toy biznesi bu gün medianın aparıcı mövzusudur...

CƏNUB QAZ DƏHLİZİ

«Azərbaycan» qəzetində «Onilliklər boyu Azərbaycanın iqtisadi maraqlarını təmin edəcək layihə» sərlövhəli məqalədə Cənub Qaz Dəhlizindən bəhs edilir.

Cənub Qaz Dəhlizi layihəsi «Şahdəniz» qazının Avropaya nəqlini nəzərdə tutur.

Yazıda bildirilir ki, Cənub Qaz Dəhlizi, onun tərkibi olan TANAP (Trans Anadolu Qaz Kəməri) və TAP ( Trans Adriatik Kəməri) layihələri üzrə işlərin müəyyən bir qismi başa çatıb.

2018-ci ildə layihənin önəmli hissəsi olan «Şahdəniz-2» və TANAP-ın icrasına başlanacağı gözlənilir.

Yazıda vurğulanır ki, bu transmilli layihələrin icrasında Azərbaycan lider rolunu saxlayır. Müəllif fikirlərinin təsdiqi kimi prezidentdən də sitat gətirir:

«Bu, böyük şərəfdir və böyük məsuliyyətdir. Azərbaycan nəinki ölkə daxilində enerji məsələlərinin həllində nümunə göstərir, biz regional və qlobal əməkdaşlıq baxımından da bu gün xüsusi rol oynayırıq».

Yazıda bildirilir ki, «Şahdəniz-2» layihəsi üzrə Azərbaycanın ərazisində quru və dəniz obyektlərində fəaliyyət davam edir. 2017-ci il Cənub Qaz Dəhlizi layihəsi baxımından həlledici dönəm sayılır.

Müəllif hesab edir ki, Azərbaycan 10 illər ərzində Cənub Qaz Dəhlizi layihəsinin icrasından iqtisadi maraqlarını təmin edəcək.

Neft çənləri
Neft çənləri

NEFT AZALIR, QAZ ARTIR...

«Yeni Müsavat» qəzetində «Azərbaycan iqtisadiyyatının neftdən asılılığı azalırmı?» sualına ekspertlərlə cavab axtarılır.

Müəllif yazır ki, dünya bazarında neft ucuzlaşdıqdan sonra ölkədə qeyri-neft sektorunun inkişafından ötrü proqramlar tərtib edilib, islahatyönlü addımlar atılıb.

İqtisadçı deputat Vahid Əhmədov mövcud vəziyyəti qəzetə belə dəyərləndirib:

«Bu asılılıq getdikcə azalır, uzun müddətdir ki, bu barədə çox danışılıb. Dövlət başçısı da müəyyən göstərişlər verib. Əsasən 2016-2017-ci illərdə asılılıq müəyyən qədər aradan qaldırılıb. Düzdür, hazırda neft yenə də əsas ixrac məhsulumuzdur, milli valyutamız da faktiki olaraq neftdən asılıdır. Amma buna baxmayaraq, qeyri-neft sektorunun inkişafı üçün işlər görülür».

V.Əhmədov vurğulayıb ki, 2016-cı ildə qəbul edilən strateji yol xəritələrində qeyri neft sektorunun inkişafına xüsusi önəm verilir:

«Hazırda Sumqayıtda, Mingəçevirdə, Balaxanıda salınan sənaye zonaları, nəqliyyat sektorundakı ciddi irəliləyişlər aparılan işlərin göstəricisidir. Bu gün Qaradağda böyük dəniz limanı tikilir...».

Amma deputat hesab edir ki, hələ ki, qeyri-neft sektorunun inkişafı, ürəkaçan deyil.

Başqa bir iqtisadçı Natiq Cəfərli də deyib ki, neftdən asılılıq bir elə azalmayıb:

«Makroiqtisadi göstəricilərə baxanda görürük ki, asılılıq azalmayıb. Çünki xarici ticarətdə hələ də neftin hegemonluğu hiss olunur. Son illərdə, sadəcə, qazla bağlı artım var və bir il öncə ixracın 2 faizini təşkil edən qaz indi 8 faizə yüksəlib. Neft azalsa da, qaz çoxalır. Bu yenə də enerji resurslarından asılılıq deməkdir».

N.Cəfərli deyir ki, Ümumi Daxili Məhsulda (ÜDM) neftin payı azalıb. Ancaq bu, hələ neftdən asılılığın aradan qaldırılması anlamına gəlmir.

Biznesmen
Biznesmen

RƏSMİ RƏQƏMLƏRƏ ŞÜBHƏ

«Novoye Vremya» qəzetində «İqtisadiyyatda həyəcanlı işarələr» sərlövhəli məqalə oxumaq olar

Müəllif yazır ki, son bir ildə sənaye istehsalı sahəsində geriləmə var.

Yazıda Dövlət Statistika Komitəsinə istinadən bildirilir ki, bu geriləmə təqribən 6 faizdir. Müəllif buna əsas səbəb kimi Azərbaycanda neftin qiymətinin düşməsini göstərir.

Yazıda rəsmi statistikada qeyri-neft sektorunun inkişafı ilə bağlı rəqəmlərin də üzərində dayanılır. Müəllif ölkədə qeyri neft sektorunun inkişafına şübhə ilə yanaşır:

«2.8 faiz artım heç nəyi dəyişmir, qeyri-neft sahələrinin ixrac imkanları ən aşağı səviyyədədir, büdcəyə və iqtisadiyyata isə pullar lazımdır. Dövlət xəzinəsini doldura biləcək yeganə mənbə isə neft-qaz kompleksidir. Odur ki, sənaye istehsalının azalması, ölkə iqtisadiyyatının gələcəyi narahatlıq doğurur».

Yazıda bildirilir ki, bu ilin 4 ayında əsas kapitala 4 milyard 533.4 milyon manat yönəldilib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz azdır:

«Etiraf edib-etməməyimizdən asılı olmadan əsas kapitala qoyulan investisiyanın azalması sosial sahəyə aid investisiyaların azalması deməkdir. Bu isə Azərbaycan iqtisadiyyatının neft xammalından asılı olmasının qanunauyğun nəticəsidir».

Şadlıq sarayı
Şadlıq sarayı

TOY BİZNESİ

«Exo» qəzetində «Azərbaycanda toy biznesi» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Azərbaycan toy etməyi sevən ölkədir. Toy xərclərinə görə ölkə dünyada ilk yerlərdən birini tutur.

Yazıda vurğulanır ki, iqtisadi böhrana baxmayaraq, ölkədə toylar əvvəlki templə davam etməkdədir.

Ekspertlərdən Fuad Əlizadə hesab edir ki, çoxları toya öz borcunu qaytarmağa gəlir. Üstəlik, bu prosesdən geyim mağazası, nəqliyyat, fotoqraf və musiqiçilər də yararlanır. Onlar da vergi ödəyiciləridir:

«Azərbaycan mentalitetində toylarda maliyyə məsələsi əsas rol oynayır və hətta iqtisadiyyatın ağır zamanında belə, arxa plana keçirilmir».

F.Əlizadə deyib ki, iqtisadi böhran və manatın devalvasiyasından sonra şadlıq saraylarında qiymətlər bir qədər düşüb. Ancaq bunun əvəzində verilən yeməklərin çeşidləri azalıb:

«İndi neqativ onu saymaq olar ki, valideynlər toya təsadüfi adamları da çağırır. Toy qohum-əqrəbanın və yaxın tanışların təntənəsinə yox, bəzən açıq vəsait yığılmasına dönür».

F.Əlizadə hesab edir ki, hazırda Azərbaycanda toy şənlikləri biznesə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG