Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:20

Neft sənayesinin inkişafı, ölkədən «beyin axını», daşınmaz əmlak bazarında durğunluq və paytaxtdakı liftlərin vəziyyəti bu gün medianın aparıcı mövzusudur…

NEFT SƏNAYESİNİN İNKİŞAFI

«Azərbaycan» qəzetində «Sənaye nəhənginin müasir gücü» sərlövhəli məqalə dərc edilib. Yazıda Bakı Dərin Özüllər Zavodunun neft sənayesinin inkişafında rolundan bəhs edilir.

Müəllif yazır ki, XX əsrin 60-cı illərində Azərbaycanda neft-qaz sənayesi getdikcə tənəzzülə uğrayırdı. Yalnız 70-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Dərin Özüllər Zavodu tikildikdən sonra Xəzər dənizində neft-qaz yataqlarının mənimsənilməsi Azərbaycanın tam nəzarətinə keçdi. Bununla da Azərbaycanın neft sənayesində yenidən dirçəliş mərhələsi başladı.

Yazıda bu zavodla bağlı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin fikirlərinə də yer verilir: «Dünyada tayı-bərabəri olmayan dərin dəniz özülləri zavodunun məhz Azərbaycanda inşa edilməsi üçün SSRİ rəhbərliyinin razılığının alınması və bu nəhəng müəssisənin müvəffəqiyyətlə tikilib işə salınması Heydər Əliyevin prinsipiallığının nəticəsidir. Bircə rəqəmə diqqət yetirin: 450 milyon ABŞ dollarından söhbət gedirdi. Zavodun inşa edilməsi üçün o vaxt sovet hökumətinin bu qədər maliyyə vəsaiti ayırmasına nail olmaq heç bilirsiniz nə deməkdir? Bu, həqiqətən də əsl qəhrəmanlıq idi».

Yazıda vurğulanır ki, zavodun inkişaf dövrü 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə başlayıb. Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq», «Günəşli» yataqlarının tam işləməsi neft sənayesində ciddi dönüş yaradıb.

Hava limanı
Hava limanı

ÖLKƏNİ NİYƏ TƏRK EDİRLƏR?

«Bizim Yol» qəzetində «Azərbaycanı tərk edənlərin sayı artır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, son illər ölkəni bir çox insanlar tərk edib. Buna isə əsas səbəb kimi ölkədə baş verən iqtisadi proseslər və sosial durumun ağırlaşması göstərilir: «Təkcə qardaş ölkəyə -Türkiyəyə ötən il Azərbaycandan mühacirət edənlərin sayı 40 min nəfərə yaxındır. Onlardan 7 min 300-dən çoxu bu ölkədə daimi məskunlaşıb, yəni həmişəlik gedib. Bu barədə Türkiyənin Miqrasiya Xidmətinin açıqladığı hesabatda deyilir».

Yazıda bildirilir ki, Azərbaycan vətəndaşları iraqlı və suriyalılardan sonra Türkiyədə yaşamaq icazəsi alan xaricilər arasında üçüncüdür: «Azərbaycandan gedənlərin 10 min 528 nəfəri təhsil almaq üçün yaşayış icazəsi alıb. Hesabata görə, 5 min 102 Azərbaycan vətəndaşı Türkiyədən «insani səbəblərlə və insan ticarətinin qurbanı kimi» uzunmüddətli yaşamaq icazəsi alıb».

İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, son iki ildə yaranan iqtisadi çətinliklər, maliyyə problemləri və ən müxtəlif ədalətsizliklər insanların ölkədən getmələrinə səbəb olur: «Çünki insanlar doğuşdan istəyir ki, daha yaxşı şəraitdə yaşaya biləcəkləri yerlərdə məskunlaşsınlar. Bu, təbii hisdir. Azərbaycanda iqtisadi, sosial vəziyyət gərginləşdikcə, məhkəmələrin ədalətsiz qərarları, səhiyyə və təhsillə bağlı problemlər öz həllini tapmadıqca, insanlar da, təbii ki, başqa ölkələrdə yaşamağa üstünlük verirlər».

Ekspert təəssüf hissiylə vurğulayır ki, ölkədən «beyin axını» davam edir.

Sahə
Sahə

HAMI TORPAQ SATIR

«Exo» qəzetində «Azərbaycanda daha çox adam torpağını satışa çıxarır» sərlövhəli məqalə diqqət çəkir.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov qəzetə deyib ki, Azərbaycanda maliyyə böhranı ilə bağlı torpaq bazarında təklif 20 faiz artıb.

«MDB-nin bir çox ölkələrində torpaq bazarında təklifin artması müşahidə edilir, orta göstərici 30 faizə yaxınlaşır. Azərbaycanın torpaq bazarı o qədər də böyük deyil. Odur ki, təkliflərin həcmi 20 faiz artıb. Amma bununla belə, bu, bizim ölkə üçün kifayət qədər yüksək göstəricidir… Birincisi, maliyyə çətinlikləri yaşayan fiziki və hüquqi şəxslər torpaq əmlaklarını satmağa məcburdurlar. Üstəlik, tikinti həcminin azalması da bazarda təklifin artmasına səbəb olur. Amma təklifdə artım olsa da, bu, özünü alqı-satqı əməliyyatlarında göstərmir. Əksinə, torpaq bazarında durğunluq hökmranlıq edir».

Ekspert hesab edir ki, devalvasiyaya qədər torpaq alaraq ev tikmək sərfəli idi. İndi əksinə, hazır mənzil almağa üstünlük verilir.

Yazıda tikintilərin azalmasının səbəblərinə də toxunulur. Bu, yalnız əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edilmir. Müəllifin gəldiyi nəticəyə görə, tikintilərin azalmasına səbəb həm də, qanunsuz tikintiyə görə cərimələrin tətbiqidir. Fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 3 min manat, hüquqi şəxslərə isə 30 min manat cərimə tətbiq olunur.

Lift
Lift

AYRILAN MİLYONLAR VƏ DƏYİŞMƏYƏN LİFTLƏR

«Novoye Vremya» qəzetində isə «Təhlükəsiz liftin belə təhlükəsi» sərlövhəli məqaləyə yer verilib.

Yazıda bildirilir ki, dünyada ən təhlükəsiz nəqliyyat lift sayılır. Amma müəllifin fikrincə, son vaxtlar lift sistemi Bakıda bu statusu itirməkdədir: «Aprel ayında liftlərin şaxtalara düşməsi nəticəsində iki nəfərin həlak olması, 11 nəfərin xəsarət alması haqda informasiyalar yayıldı. Bütünlükdə isə lift təsərrüfatı Bakının aktual problemlərindən bir olaraq qalmaqda davam edir. Bu ona görə təəccüb doğurur ki, dövlət orqanlarının liftlərin yenilənməsi ilə bağlı xərcləri artır. İldə ölkəyə min 300 ədəd lift gətirilir. 2013-cü ildə isə ən çox, 2 min 711 ədəd lift gətirilib».

Müəllif hesab edir ki, Bakıya bu qədər çox sayda lift gətirilməsinin səbəbi aydındır. Paytaxtdakı liftlərin 50 faizindən çoxu yararsız haldadır.

Yazıda vurğulanır ki, liftlərin təmiri bəzən keyfiyyətli aparılmır. Çox zaman isə təmir işləri sakinlərin hesabına görülür.

Müəllif Hesablama Palatasının məlumatlarına əsasən yazır ki, ölkədə istifadə edilən liftlərin ancaq 20.5 faizinin istifadə müddəti 5 ildən aşağıdır.

Yazıda vurğulanır ki, son illər yeni liftlərin alınması və təmirinə milyonlarla pul xərclənib.

Müəllif hesab edir ki, böyük pulların sərf olunmasına baxmayaraq, vəziyyət dəyişməyib. Bu isə milyonların xərclənməsində şəffaflıq mövzusunu gündəmə daşıyır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG