Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:48

'2000 manat alan şəxsin maaşı 700 manata endirilir'


Bakıda Əliyevlərin posteri. 2007

Keçmiş prezident Heydər Əliyevin idarəçiliyi, banklarda ixtisarlar, məhkəmələrin durumu və Bakıda 40 köçkün ailəsinin üzləşdiyi çətinliklər bu gün medianın aparıcı mövzusudur...

HEYDƏR ƏLİYEVİN 94 İLLİYİ

«Azərbaycan» qəzetində «Dünyanın ən böyük azərbaycanlısı» sərlövhəli məqalədə keçmiş prezident Heydər Əliyevin həyat və idarəçilik təcrübəsindən bəhs edilir. Yazı mərhum prezidentin doğulmasının 94 illiyinə həsr edilən silsilə yazılardan biridir.

Müəllif yazır ki, bəzi şəxsiyyətlər milli fəlakətlər, sarsıntılar dövründə tarixin səhnəsinə çıxaraq problemləri həll edirlər. Azərbaycanın tarixində də H.Əliyevin rolu belə dəyərləndirilir: «Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi, iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdırmışdır. Bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin xalq və vətən naminə fədakarlığının bəhrəsidir».

Yazıda neft müqavilələrinin imzalanması, ölkədə iqtisadi islahatların başlanması, bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi və yeni Konstitusiyasının qəbul olunması H.Əliyevin müstəsna xidmətləri kimi vurğulanır: «Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda genişmiqyaslı siyasi, iqtisadi, sosial, hüquqi islahatlar həyata keçirildi. Cəmiyyətdə demokratik dəyərlərin möhkəmləndirilməsi yolunda lazımi addımlar atıldı, dəfələrlə azad və ədalətli seçkilər keçirildi, Azərbaycanda çoxpartiyalı parlament quruldu».

Bank
Bank

BANKLARDA İXTİSARLAR DAVAM EDİR

«Exo» qəzetində «Azərbaycan bankları əməkdaşlarını könüllü işdən azad olunmaq həddinə çatdırır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən bildirir ki, bu il aprelin 1-də ölkənin bank sistemində 16 min 312 nəfər çalışıb. Bu, təkcə bir ayda bank sektorunda 350 nəfərin ixtisar edildiyi anlamına gəlir . Bütünlükdə isə bu ilin üç ayında bank sektorunu 653 nəfər tərk edib.

Yazıda xatırladılır ki, 2015-ci ildən bəri ölkədə 13 bank ləğv edilib. Hazırda ölkədə yalnız 32 bank fəaliyyət göstərir. Müəllifin bildirməsinə görə, təkcə 2016-cı ilin üçüncü rübündə 6 min 500 bank işçisi işini itirib.

İqtisadçı-ekspert Samir Əliyev bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyini düşünür: «Tezliklə ölkədə daha bir neçə maliyyə institutunun bağlanacağını nəzərə alsaq, 2017-ci ildə işini itirənlərin sayı daha çox olacaq. Keçən il çoxsaylı maliyyə institutlarının bağlanması üzündən kifayət qədər bank əməkdaşı işsizə çevrildi. 2017-ci ilin əvvəlindən müflisləşmə barədə bir hadisə belə baş verməyib. O zaman sual yaranır ki, bəs bank işçilərinin işdən azad olunması niyə dayanmır? Banklarda xərclərin optimallaşdırılması gedir. Odur ki, banklar filialların və əməkdaşların sayını azaldırlar. Bu proses bu il də davam edəcək».

Ekspertin deməsinə görə, məsələ təkcə ixtisarda deyil. İşçilərin əmək haqları da bir ucdan azaldılır: «Bəzən banklar bilərəkdən əmək haqlarını azaldırlar ki, əməkdaş özü işdən çıxmaq təşəbbüsü göstərsin. Məsələn, 2000 manat alan şəxsin maaşı 700 manata endirilir. Təbii ki, bəzi bank işçiləri belə şərtlərlə razılaşmırlar və yüksək maaşlı iş tapmaq ümidi ilə bank sektorunu tərk edirlər...».

Məhkəmə
Məhkəmə

ƏDALƏTLİ MÜHAKİMƏ OLMADIQCA...

«Novoye Vremya» qəzetində «Cinayət və cəza: Bitərəflik nə zaman yerli məhkəmələr üçün normaya dönəcək?» sualına cavab axtarılır. Yazıda ölkədə məhkəmə sisteminin durumu təhlil edilir.

Müəllif yazır ki, bəzən çoxları çox gec başa düşürlər ki, müstəqil məhkəmə sistemi və ədalətli mühakimə istənilən şəxsi qanunsuzluqdan qoruyur.

Daha sonra yazıda ləğv edilən Milli Təhlükəsizlik Nazirliyində və Beynəlxalq Bankda keçmişdə yüksək vəzifələr tutmuş şəxslərin məhkəmələrindən bəhs edilir. Müəllifin gəldiyi nəticəyə görə, bir vaxtlar qanunsuzluqlar törədənlər indi özləri qanunsuzluqdan şikayətlənirlər.

Yazıda vurğulanır ki, ölkədə ədalətli mühakimə standartlarının olmamasından tək keçmiş məmurlar yox, əksər insanlar əziyyət çəkirlər: «Müstəqil məhkəmə sistemi olmadıqca, hətta ən demokratik qanunlar belə işləməyəcək. Ölkə vətəndaşları isə daim əziyyət çəkəcək».

Yazıda iddia edilir ki, cinayət və mülki işlərdə rüşvət amili, siyasi motivli proseslərdə isə «yuxarı»ların sifarişi görünür: «Amma qanunları pozan məmurlar bu gün mühakimə önündə duran keçmiş məmurların taleyini unutmamalıdırlar. Sonuncular da bir zamanlar cəza almayacaqlarına və hər şeyə qadir olduqlarına inanırdılar».

BAKIDA ALDANDIQLARINI DÜŞÜNƏN 40 AİLƏ

«Yeni Müsavat» qəzetində isə «40 ailə zibilliklər arasında gizlədilir: «Bizə ayrılan vəsaitlər məmurların cibindədir»» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif Yasamal rayonundakı «Qanlı göl» ərazisində yaşayan məcburi köçkünlərin ağır məişət şəraitini gündəmə daşıyır.

Yazıda bildirilir ki, burada yaşayış evlərinin sökülməsinə hələ 3 il öncə başlanıb. Ancaq proses başa çatmayıb. Üstəlik, əhalinin çoxuna kompensasiya və ev verilsə də, hazırda 40-a yaxın ailə köçürülməyib.

Yazıda xatırladılır ki, bu ərazidə yeni istirahət, sağlamlıq mərkəzləri, çoxmənzilli binaların inşa olunması nəzərdə tutulur.

Yazıda 40 ailənin yaşadığı şərait belə təsvir edilir: «Söküntü aparılan ərazi xarabalığı xatırladır. Əksər evlər söküldüyündən bura zavodların, müəssisələrin tullantı məkanına çevrilib. Zibilliyə çevrilmiş ərazidən gələn üfunət iyi və gəmirici həşəratlar burada yaşayan ailələrin güzəranını cəhənnəmə çevirib…».

Sakinlər qəzetə deyiblər ki, axşam saatlarında burada çaqqal və tülkülərin səsindən qulaq tutulur. Elektrik olmadığından insanlar gecəni qaranlıqda keçirməyə məhkum olunublar.

Sakinlər indiyə kimi köçürülməmələrinin səbəbini qəzetə belə izah ediblər: «Burada qalan təxminən 40 ailəyə 600 manatdan kompensasiya və yaxud mənzil veriləcəyi nəzərdə tutulub. Tez-tez gəlib yoxlayırlar, amma heç kim nə zaman köçürüləcəyimiz barədə məlumat vermir. İnanmırıq ki, bizi köçürsünlər. Bizə ayrılan vəsaitlər çoxdan məmurların cibindədir…».

Günün bütün mövzuları

XS
SM
MD
LG