Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:39

«Qlobal amillər 2017-ci ildə Qafqaz və Mərkəzi Asiyada da iqtisadi aktivliyə təsir edəcək».

Beynəlxalq Valyuta Fondunun yeni açıqlanmış hesabatında belə yazılır.

Hesabatda vurğulanır ki, Azərbaycanda artım tempi neft hasilatının azalması, qiymətinin ucuzlaşması, tikinti və maliyyə sektorunun zəifliyi nəticəsində aşağı düşüb.

BVF-nin proqnozlarına görə, neft hasil edən ölkələrdə bu il 3.1, gələn il 4.1 faiz artım olacaq.

«Azərbaycanda aktivlik OPEC-in hasilatı azaltmaq qərarı ilə bağlı bir qədər artacaq. Neft ixrac edən ölkələrdə, neft nəzərə alınmadan, büdcə kəsiri 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) 14.9 faizi qədər olub. Bu, ötənilkindən 3.6 faiz yaxşıdır. Bu, əsasən, kapital xərclərinin və neftlə bağlı olmayan gəlirlərin azalması ilə əlaqədardır», - hesabatda yazılır.

BVF-nin proqnozuna görə, 2017-ci ildə neft hasil edən ölkələrdə büdcə kəsiri, «qara qızıl» hesaba alınmadan, 20.6 faizədək artacaq. Fond hesab edir ki, bu, ilk növbədə, Qazaxıstanda bank sisteminə kompleks dəstək və Dövlət Neft Fondundan Mərkəzi Banka borc öhdəliklərinin ödənilməsindən ötrü vəsait köçürülməsi ilə bağlıdır: «Azərbaycan qeyri-istehsal dövlət investisiyalarını azaltdığı üçün 2018-ci ildə kəsir 13.5 faizədək azalacaq. Qazaxıstanda isə büdcə stimulunun müddəti bitəcək».

BVF 2017-ci ildə neft ixrac edən ölkələrdə 8.3, 2018-ci ildə 7.6 faiz inflyasiya gözləyir: «Mübadilə məzənnəsinin sabitləşməsi və inflyasiya təzyiqinin azalması bir sıra mərkəzi banklara 2016-cı ilin əvvəlindən dərəcələri azaltmaq imkanı verib. Neft ixrac edən ölkələrdən Qazaxıstan, idxalçı ölkələrdən Ermənistan, Gürcüstan, Qırğızıstan belə edib. Azərbaycanda isə mübadilə məzənnəsini qorumaq və inflyasiya təzyiqini aradan qaldırmaq üçün pul kredit siyasəti sərtləşdirilib».

Hesabatda o da vurğulanır ki, Azərbaycanda kapitallaşma və problemli kreditlərin alışı prosesi davam edib. Lakin kapitallaşma ilə bağlı yeni planların işlənməsindən sonra bir neçə bank da bağlana bilər.

Ötən il Azərbaycanda 10-dan çox bank bağlanıb. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG