Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:16

AXCP-nin daha bir üzvünün işdən çıxarıldığı bildirilir


AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvünün işdən çıxarıldığı deyilir.

Bu haqda AzadlıqRadiosuna həmin şəxsin özü, partiyanın Şəki təşkilatının gənclər komitəsinin sədri Samir Həsənov məlumat verib.

S.Həsənov, əsasən, yeyinti məhsulları istehsal edən «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətində çalışıb. Gəncin bildirdiyinə görə, müəssisədə ondan AXCP-ni tərk etməsini tələb ediblər. Bu tələbə əməl etmədiyindən, onu izahat vermədən işdən azad ediblər.

S.Həsənov işdən çıxarılmasının qanunsuz olduğunu, məhz siyasi baxışlarına görə ayrıseçkiliyə məruz qaldığını bildirib. O, məhkəmə perspektivi barədə düşünəcəyini də söyləyib.

«Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətindən isə «Turan» Agentliyinə bildiriblər ki, işçilərə siyasi mənsubluğa görə fərq qoyulmur. «Əgər hansısa işçi ilə münasibətlərə son verilirsə, bunun yeganə səbəbi onun öz vəzifələrini yerinə yetirməməsi ola bilər», - müəssisədən deyiblər.

S.Həsənov AXCP-nin fəallığı ilə nəzərə çarpan üzvlərindəndir. O, bir müddət əvvəl - fevralın 7-də saxlanmışdı. Polisə müqavimətdə təqsirli bilinən S.Həsənova 20 sutka inzibati həbs cəzası verilmişdi.

Həmin vaxt AXCP bunun partiyaya basqı olduğunu bəyan etmişdi.

XATIRLATMA

Bu, son günlər AXCP üzvlərinin işdən çıxarılması ilə bağlı yayılan yeganə xəbər deyil.

Bir gün əvvəl partiyanın Xətai rayon şöbəsinin fəallarından olan Elxan Nuriyevin «Azərsu» Açıq Səhmdar Cəmiyyətində sürücülükdən çıxarılması xəbəri verilmişdi.

Masallı rayonunun Hişkədərə kənd orta məktəbinin tarix müəllimi Cəlil İmanov da məhz partiya mənsubiyyəti səbəbindən işdən uzaqlaşdırıldığını deyirdi. Onun özü AzadlıqRadiosuna açıqlamasında bildirmişdi ki, işdən çıxarılmağının əsas səbəbi siyasi baxışları və AXCP üzvü olmasıdır. Halbuki, həmin rayonun təhsil şöbəsindən isə demişdilər ki, cəbhəçi müəllim intizamı pozduğu, sinif rəhbəri kimi funksiyalarını yerinə yetirmədiyinə görə işdən uzaqlaşdırılıb. Üstəlik, o, qanunsuz yerdəyişmə ilə doğulduğu kənddə işə girib.

Başqa oxşar bir olay isə Neftçala rayonunda baş vermişdi. AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədli işlədiyi Mayak kənd orta məktəbindən, onun xanımı isə 3 saylı orta məktəbdən çıxarılmışdı. Neftçala rayon təhsil şöbəsi onları iltizamı pozmaqda və hakimiyyət əleyhinə danışmaqda günahlandırmışdı.

AXCP isə bu halları Milli Şuranın 8 aprel aksiyasından sonra hakimiyyətin onlardan qisas alması kimi dəyərləndirir. Həmin aksiyada «talana və monarxiyaya son» kimi şüarlar səslənmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG