Bu gün, mayın 3-də prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yousef bin Ahmad Al-Othaimeen-in rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev deyib ki, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin mühüm bir hissəsini təşkil edir. Onun bildirməsinə görə, Azərbaycan islamofobiyaya ilə mübarizədə fəal iştirak edir: «Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir. Bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə - müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir».
İ.Əliyev vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı Qarabağ münaqişəsi ilə bağlı daim ədalətli mövqe sərgiləyib.
Dövlət başçısının fikrincə, 2017-ci ilin Azərbaycanda «İslam Həmrəyliyi İli» elan olunması, yaxın günlərdə Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri və xalqları arasında birliyi daha da gücləndirəcək.
Yousef bin Ahmad Al-Othaimeen də Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına toxunaraq, bunu çox önəmli beynəlxalq idman tədbiri kimi dəyərləndirib.
Görüşdə Azərbaycanın turizm potensialı da müzakirə edilib.
Yousef bin Ahmad Al-Othaimeen-in səfəri mayın 5-nə kimi davam edəcək. Səfər çərçivəsində o, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşməlidir. Bu görüşdən sonra tərəflər mətbuat konfransı keçirməlidirlər.
İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.
Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.