Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:53

'Korrupsiya öz dayaqlarını içəridən dağıdır'


«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994
«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994

Neft müqavilələrinin ölkənin inkişafında rolu, korrupsiya ilə mübarizənin səviyyəsi, əmlak bazarındakı dələduzluq və manatın yaxın aylarda taleyi bu gün medianın aparıcı mövzusudur...

MİLLİ İNKİŞAF

«Azərbaycan» qəzetində ««Əsrin müqaviləsi»ndən başlanan milli inkişaf yolu» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazının əvvəlində Azərbaycanın müstəqillik əldə edildikdən sonra, XX əsrin 90-cı illərinin əvvəllərində ictimai-siyasi və sosial-iqtisadi problemlərindən bəhs edir. Yazıda bildirildiyinə görə, həmin problemlərin aradan qaldırılmasında keçmiş prezident Heydər Əliyevin müstəsna rolu olub: «Müasir Azərbaycan dövləti milli müstəqilliyimizin xilaskarı olan Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində 25 il əvvəlkindən köklü şəkildə fərqlənir və bu fərqlər göz önündədir: dünyəvi, hüquqi və demokratik dövlət. Milli-mənəvi dəyərlərinə sahib çıxmış müasir, gənc və enerjili cəmiyyət. İqtisadiyyatın, elmin, mədəniyyətin və təhsilin misilsiz inkişafı heyranlıq doğurur».

Daha sonra yazıda ölkənin inkişafında 1994-cü ilin sentyabrında imzalanmış neft müqavilələrinin rolu dəyərləndirilir: «Bu saziş Azərbaycanın dövlət müstəqilliyini de-fakto təsdiqləyən, onun dünya birliyinə üzvi surətdə inteqrasiyasına, beynəlxalq enerji bazarında bu hazırkı mövqeyi tutmasına əlverişli imkanlar açan epoxal bir sənəd idi».

Yazıda vurğulanır ki, hazırkı prezident İlham Əliyev də həmin siyasəti uğurla davam etdirir.

Korrupsiya
Korrupsiya

SİSTEMLİ KORRUPSİYA...

«Novoye Vremya» qəzetində isə «Siyasi iradə var, bəs korrupsiyaya ilə mübarizə necə?» sualına cavab axtarılır.

Yazıda əvvəlcə belə bir sual gündəmə daşınır: Necə olur ki, neft, qaz, qızıl kimi strateji təbii sərvətləri olmayan ölkələr uğurla inkişaf edir? «Bu sualın cavabı üzdədir. Belə ki, əhalinin intellektual səviyyəsi olmadan bu, mümkün deyil. Ən başlıcası, bu ölkələrdə ya oğurlamırlar, ya da korrupsiyanın hədd-hüdud tanımadığı ölkələrdəki qədər oğurlamırlar».

Yazıda vurğulanır ki, korrupsiya öz dayaqlarını içəridən dağıdır. Müəllifin gəldiyi nəticəyə görə, belə də, hətta hakimiyyət dəyişikliklər istəsə də, bu baş vermir: «Belə vəziyyət Azərbaycanda da müşahidə edilir. Elə bil ki, korrupsiyaya ilə mübarizə iradəsi var, amma gerçəkdə heç nə dəyişmir. Məişət səviyyəsində olan korrupsiya və rüşvətlə mübarizə gedir. Amma sistemli korrupsiya qalır».

Müəllif hesab edir ki, manatın iki dəfə devalvasiyasından sonra işsizliyin artması, gəlirlərin azalması, bank sektorunun böhranı ölkədə vəziyyəti bir qədər də ağırlaşdırıb.

Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycanın ən böyük problemlərindən biri məhz korrupsiyadır. Odur ki, bu bəla ilə imitasiya yox, əsl mübarizə getməlidir: «Qanunvericilik islahatlarından və elektron hökumətin infrastrukturundan çox danışmaq olar. Amma bütün bu tədbirlərin nüvəsində korrupsiyaya ilə praktik mübarizə dayanmalıdır. Bu Azərbaycanda müşahidə edilirmi?».

Tikinti
Tikinti

DAŞINMAZ ƏMLAK BAZARI –DƏLƏDUZLUQ OYLAĞI

«Exo» qəzetində «Azərbaycanın daşınmaz əmlak bazarındakı fırıldaqlar barədə» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, son illər ölkədə dələduzluq bir xeyli genişlənməkdədir. Xüsusilə daşınmaz əmlak bazarında bu, özünü açıq göstərməkdədir: «İlbəil buradakı fırıldaqçılıq dəyişir və yeni formalar alır. Cinayətkarların qurbanı həm sadəlövh, həm də mənzil və ya ev almağın təhlükəsiz yollarını bilməyən adamlar ola bilər».

Daşınmaz əmlak məsələsi üzrə ekspert Rəşad Əliyev qəzetə deyib ki, dələduzların qurbanı olmamaqdan ötrü tikintini aparan şirkət barədə maksimum informasiya əldə etmək lazımdır: «Öncə bilmək lazımdır ki, şirkət buna qədər bina tikibmi? Bu bina ilə bağlı şikayətlər varmı? Üstəlik, onların qanuni fəaliyyətini təsdiq dən sənədlərə baxmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, şirkət nə qədər tanınmışdırsa, risk də o qədər azdır».

R.Əliyevin deməsinə görə, Azərbaycan daşınmaz əmlak bazarında bu gün ən çox yayılan dələduzluq eyni mənzilin bir neçə vətəndaşa satılmasıdır: «Dələduz müştərini guya ucuz satmaq istədiyi mənzilə və ya torpaq sahəsinə gətirir. Mənzil və ya sahə başqasına satılmasın deyə, razılıq olduqda məbləğin müəyyən hissəsi tələb edilir. Bu 10-12 faiz arasında ola bilər. Beləliklə, kifayət qədər pul dələduzun əlinə düşür və özü də naməlum istiqamətdə yoxa çıxır».

Ekspert daha bir dələduzluq kimi tikintini aparan şirkətin vədlərini yerinə yetirməməsini göstərir: «Binanın tikilməsi, infrastrukturu ilə bağlı eskizləri sizə göstərirlər. Bina tikilir, amma infrastrukturdan əlamət belə yoxdur. Belə yalanlarla Azərbaycanda daşınmaz əmlak almaq istəyənlərin 50 faizi aldadılır».

Dollar
Dollar

AVQUSTA XARİCİ VALYUTAYA TƏLƏBAT ARTACAQ

«Yeni Müsavat» qəzetində «Beynəlxalq idman yarışlarından sonra manatı nə gözləyir…» sərlövhəli məqalə diqqət çəkir. Yazıda manatın taleyi ilə bağlı ekspert Rəşad Həsənovun düşüncələrinə yer verilir.

Yazıda bildirilir ki, ilin əvvəlində 1 dollar 1.92 manat səviyyəsinə yüksəlmişdi. Hazırda bir müddətdir ki, 1.70 manat səviyyəsində qərarlaşıb. Bəzi ekspertlər isə ölkədə İslam Həmrəyliyi Oyunları və «Formula-1» yarışları başa çatdıqdan sonra dolların tədricən bahalaşacağını düşünürlər: «Qarşıdakı beynəlxalq oyunlarla bağlı ölkəyə turist axını gözlənilir. Təbii ki, növbəti aylarda turist axınından əldə olunan valyuta bazarlarda qısamüddətli dövr üçün manatın çox kiçik faizlərlə möhkəmlənməsinə də yardım edə bilər»,- deyə R.Həsənov vurğulayıb.

Ekspert deyib ki, hazırda dövlət büdcəsinin xərcləmələri ilə bağlı da müəyyən problemlər ortaya çıxıb. Ölkədə nağd vəsaitlərin dövriyyəsi ilə bağlı məhdudiyyətlər tətbiq edilir. Bu üzdən dövlət büdcəsindən maliyyələşən layihələrin icrasında podratçı kimi fəaliyyət göstərən hüquqi və fiziki şəxslər öz öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşiblər.

Ekspertin gəldiyi nəticəyə görə, daha bir amil hazırda vətəndaşın və biznesin yığımlarının böyük qisminin xarici valyutada olmasıdır. R. Həsənovun deməsinə görə, indi heç kəs valyutada olan maliyyə vəsaitlərini bazara çıxarmaq niyyətində deyil.

Bu ilin avqust ayından bazarda valyutaya tələbin artacağını deyən iqtisadçı bunu belə izah edir: «Mərkəzi Bank pul kütləsinin artırılmasına yönəlmiş siyasət yürüdə bilər. Bundan başqa, yeni təhsil ilinin başlaması ilə avqust ayından çox ciddi canlanma olacaq».

R.Həsənov hesab edir ki, bu ilin sonunda 1 dollar yenidən 1.90-2 manat səviyyəsinə yüksələ bilər.

XS
SM
MD
LG