Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:10

Könlü balıq istəyən...


İ.Əliyev Tovuz Süd Emalı Zavodunda
İ.Əliyev Tovuz Süd Emalı Zavodunda

Ölkədə iqtisadi islahatlar, Milli Şuranın mitinqində iştirak edən insanlara təzyiqlər və balıqçılığın imkanları bu gün medianın aparıcı mövzusudur...

İQTİSADİ İSLAHATLAR STRATEGİYASI

«Azərbaycan» qəzetində «Dərin iqtisadi islahatlar strategiyası» sərlövhəli məqalə dərc edilib.

Yazıda 1993-cü ildə keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsindən indiyə kimi olan dövrə qiymət verilir. Müəllifin fikrincə, həmin ildən Azərbaycanda inkişafın əsasları qoyulub: «Dərin islahatlara töhfə vermək üçün 1993-2003-cü illərdə qəbul edilmiş qanunların əksəriyyəti məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim edilib. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox sərəncam imzalanıb, 30-a yaxın dövlət proqramı işlənib».

Yazıda vurğulanır ki, İ.Əliyevin prezidentliyi dövründə də iqtisadi islahatlar davam edib. İslahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib: «Qlobal rəqabət qabiliyyətinə görə ölkə dünyada 37-ci yerdə qərarlaşıb. Bu illər ərzində ölkə iqtisadiyyatı 6 dəfə böyüyüb, adambaşına düşən milli gəlir 5 dəfədən çox artıb».

Müəllifə görə, məhz ölkə başçısının səyi ilə iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilib: «Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında hazırlanmış strateji yol xəritələrinin icrası nəticəsində ölkədə sahibkarlarla birlikdə iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə fərqli bir modeli -Azərbaycan modeli daha da inkişaf edəcək».

Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

MİTİNQDƏ İŞTİRAKA GÖRƏ 48 NƏFƏR İŞDƏN ÇIXARILIB?

Musavat.com saytında «Milli Şuranın mitinqində iştirak edənlərə ağır cəzalar-müəllimlər, tələbələr, MİS işçiləri (adlar)» sərlövhəli məqalə oxumaq olar.

Yazıda iddia olunur ki, bu il aprelin 8-də Milli Şuranın Bakıda keçirdiyi icazəli mitinqdə iştirak edənlərin bir qismi cəzalandırılıb.

Müəllif vurğulayır ki, bu xəbər məlumatlı mənbələrdən alınıb. Həmin mənbənin bildirməsinə görə, aksiyada iştirak edənlərin video-foto görüntüləri əsasında onlar təqib ediliblər.

Yazıda bildirilir ki, belə bir məlumatları hələ aprelin 19-da alıblar. Onda da xəbər ictimaiyyətə çatdırılıb: «Həmin video-foto görüntülər əsasında xüsusi yaradılmış qrup büdcə təşkilatlarında işləyənləri və tələbələri təsbit edib. Artıq kimliyi müəyyən edilən müəllim və tələbələrin, o cümlədən mənzil istismar sahələri (MİS) əməkdaşlarının cəzalandırılması yekunlaşıb».

Yazıda iddia olunur ki, indiyə qədər 48 mitinq iştirakçısı işdən qovulub, ancaq yazıda cəmi 5 nəfərin adı çəkilir.

Musavat.com saytında hələ bir həftə öncə də oxşar iddiaların yer aldığı məlumatlar yayılsa da, rəsmi qurumlar bununla bağlı hər hansı təkzib verməyiblər.

Balıq
Balıq

DƏNİZİN SAHİLİNDƏ BALIQ ÜZÜNƏ HƏSRƏT İNSANLAR

«Exo» qəzetində isə «Azərbaycanda balıqçılığın inkişafına mane olan ciddi problem» sərlövhəli məqalə yer alıb.

Müəllif yazır ki, Azərbaycan Xəzər dənizinin sahilində yerləşsə də, ölkə vətəndaşlarının bir çoxu balıq üzünə həsrətdir: «Durumun belə olması balığın qiymətinin bahalığı ilə bağlıdır. Buna görə də, ölkə əhalisinin çoxunun cibi bu məhsulu almağa imkan vermir. Halbuki, dənizə çıxışa malik ölkə kimi balıq əsas qida məhsullarından biri olmalı idi. Yeri gəlmişkən, bu sahədə yaxın gələcəkdə vəziyyətin dəyişəcəyi görünmür».

Ekspert Nəriman Ağayev isə qəzetə deyib ki, balıqçılıq Azərbaycanda perspektivli sahədir. Ancaq ona düzgün yanaşma olmalıdır: «Söhbət balıqçılıq sənayesinin ölkəyə gətirə biləcəyi 10 milyonlardan gedir. Əgər balığın və digər dəniz məhsullarının ixracından söhbət gedirsə, bunun üçün mövcud sanitar normativləri standartlara uyğunlaşdırmaq lazımdır. Bu, sadə məsələ deyil».

N.Ağayev hesab edir ki, bu sahənin dirçəlməsindən ötrü özəl balıqçılıq təsərrüfatlarının inkişafına şərait yaradılmalıdır: «Azərbaycanda belə təsərrüfatlar Qəbələdə, Sabirabadda, İmişlidə var. Bu, olduqca perspektivli biznesdir. Sahibkar balıq təsərrüfatını yaratdıqdan 5 il sonra bu sahə gəlir verməyə başlayır. Biznesin başlanğıcı üçün iş adamları üçün o qədər də yüksək olmayan məbləğ-200-300 min manat tələb edilir».

Ekspertə görə, bu sahədə problemlərdən biri də balıq xəstəlikləri üzrə mütəxəssislərin olmamasıdır. Onun deməsinə görə, bəzi təsərrüfatlarda balıqlar kütləvi şəkildə xəstələnərək ölüblər. Ancaq bunun səbəbi aşkar edilməyib və biznes özü sıradan çıxıb.

Müəllif sonda da yazır ki, ölkə vətəndaşları orta hesabla heç ildə 1 kq balıq yemirlər.

XS
SM
MD
LG