Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:58

'Azərbaycanda qız istəmədiyinə görə abort etdirən çoxdur'


İ.Əliyev İsmayıllı velosiped zavodunun açılışında.
İ.Əliyev İsmayıllı velosiped zavodunun açılışında.

Ölkədə iqtisadi islahatlar, valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlayacağına aid gözləntilər və ölkədə qız uşaqlarından imtina ilə bağlı abortların artması bu gün medianın aparıcı mövzusudur...

İQTİSADİ İSLAHATLAR SƏMƏRƏ VERİR

«Azərbaycan» qəzetində «Yeni iqtisadi islahatlar Azərbaycanın ixrac potensialını artırıb» sərlövhəli məqalə dərc edilib.

Yazının əvvəlində Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan indiyə qədər olan dövr dəyərləndirilir: «Ulu öndər Heydər Əliyevin həm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərliyindən sonra başladığı islahatların nəticələri təsdiq edir ki, tərəqqiyə nail olmaq üçün mütləq dəyişikliklər lazımdır. Sonrakı illərdə prezident İlham Əliyevin başlatdığı yeni islahatların nəticəsində Azərbaycanda bütün sahələrdə dinamik yüksəlişə nail olundu, o cümlədən iqtisadi keçid dövrü başa çatdı».

Müəllif yazır ki, dünyada baş verən proseslərin özü Azərbaycanda da islahatların aparılmasını tələb edirdi. Çünki dünyanın əksər, xüsusən neft istehsalçısı olan ölkələrinin iqtisadiyyatında inkişaf templəri azalıb, makroiqtisadi göstəricilər zəifləyib: «Lakin dünyada davam edən neqativ proseslərdən qaynaqlanan amillərin təsirinə baxmayaraq, prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti Azərbaycanın bu təbəddülatlardan minimum itki ilə çıxmasını təmin etdi. Ötən il Azərbaycanın tarixində dərin islahatlar dövrü kimi qaldı. İqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi yeni inkişaf yoluna çıxdı».

Müəllifin bildirməsinə görə, bütövlükdə 2016-cı ilin yekunları və 2017-ci ilin ilk aylarında əldə edilən göstəricilər sübut edir ki, iqtisadi sferada həyata keçirilən tədbirlər əsaslı və düzgündür. İslahatlar iqtisadiyyatın inkişafında və onun dayanıqlığının qorunmasında öz nəticələrini göstərir.

Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi

VALYUTADƏYİŞMƏ MƏNTƏQƏLƏRİNƏ EHTİYAC VARMI?

«Exo» qəzetində «Azərbaycanda valyutadəyişmə məntəqələrinə ehtiyac yoxdur, amma onlar açıla bilər» sərlövhəli məqalə oxumaq olar. Yazıda ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verilib: «Bu məntəqələrin açılması Maliyyə Bazarlarına Nəzarət Palatası üçün faydalıdır. Belə ki, Palata dövlət büdcəsindən maliyyələşmir. Valyutadəyişmə məntəqələri bu mənada onlar üçün rəsmi qaydada əlavə gəlir mənbəyi deməkdir. Hesab edirəm ki, onların sayı cüzi olacaq, sahibkarlarda bu məntəqələrin açılmasına kütləvi maraq yaranmayacaq. Çünki pul dövriyyəsi və valyuta əməliyyatlarına tələbat azalıb».

Ekspert deyib ki, manatın devalvasiyasına qədər valyutadəyişmə məntəqələri qanuna ciddi əməl edirdilər, amma devalvasiyalardan sonra özbaşınalıq başlanıb: «Elə ki, manatın məzənnəsi endi, «dollar aclığı» başladı, onlar 4 faizlik marjaya əməl etmədilər və faktiki olaraq, «qara bazar»ın oyunçularına döndülər. Onlar bilirdilər ki, Mərkəzi Bankın müəyyən etdiyi məzənnə reallıqdan uzaqdır. Həm də Mərkəzi Bank onlara dollar satmırdı. Odur ki, Mərkəzi Bank bu məntəqələrin bağlanması haqda qərar verdi».

Ə.Həsənov hesab edir ki, indi ölkədə situasiya dəyişib. Marja aradan qaldırılıb, indi məzənnəni banklar özləri müəyyən edirlər: «Artıq bu məntəqələr istəsələr də, problem yarada bilməyəcəklər...».

Müəllif yazının sonunda da xatırladır ki, 2016-cı ilin yanvarından valyutadəyişmə məntəqələri Azərbaycanda yalnız bankların və poçt bölmələrinin nəzdində fəaliyyət göstərə biliblər. Əgər qanunvericiliyə nəzərdə tutulan hazırkı dəyişikliklər qəbul edilsə, valyutadəyişmə məntəqələrini təkcə Azərbaycandakı rezidentlər deyil, xarici şirkətlərin filialları da aça biləcəklər.

Qız
Qız

QIZ İSTƏMİRLƏR...

«Bizim Yol» qəzeti «Statistika Komitəsi həyəcan təbili çaldı: qızları öldürürlər» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, Azərbaycanda bəzi ailələr selektiv abortlar sayəsində qız uşaqlarını doğulmadan məhv edirlər.

Yazıda vurğulanır ki, ölkədə bəzi ailələrdə oğlan və qız uşaqlarına fərq qoyulur: ««Mən oğul anasıyam», «Oğlum dünyaya gəldi», «Oğul atası olmaq başqa hissdir». Bu ifadələri çoxumuz tez-tez eşidirik. İnsanlar oğul övladı dünyaya gələndə, onun gəlişinə qurbanlar deyir, toy –bayram edirlər. Bir çox ailələrdə qız övladı arzulanmır».

Müəllif vurğulayır ki, elə dünyaya gələn uşaqların statistikasına nəzər salanda da, bunu görmək olur. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində bu ilin yanvar-fevral ayları ərzində 24 min 648, yaxud hər gün orta hesabla 418 körpə qeydə alınıb. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47.3 faiz təşkil edir. Bu da hər doğulan 100 qıza 112 oğlanın (bioloji norma 105-107 təşkil edir) düşməsi deməkdir.

Yazıda bildirilir ki, son illər ölkədə abort halları artıb. Abortun əsas səbəblərindən biri də qız uşağından imtinadır. «Oğlan uşaqları bütün Şərq dünyasında sevilir. İnsanlar oğlan uşağını ona görə arzulayır ki, oğlan soyadını daşıyır və nəslin davamçısı hesab edilir. Hər bir insan düşünür ki, ailədə oğlan uşağının dünyaya gəlməsi ailə təməlinin möhkəmlənməsinin zəmanətidir»,-deyə psixoloq Ramin Hacıyev qəzetə bildirib.

Sosioloq Əhməd Mansurovun deməsinə görə, bu məsələdə ciddi şəkildə maarifləndirməyə də ehtiyac var: «Evli cütlüklər və münasibət quran şəxslər ailə qurmazdan öncə mütəxəssislərlə məsləhətləşsələr, ailə planlaşdırılması haqqında düşünsələr, belə suallar ortaya çıxmaz. O ki, qaldı qız uşaqlarının ana bətnində öldürülməsinə, bu, sadəcə vəhşilikdir...».

Ginekoloq Yayla Babayeva da deyib ki, Azərbaycanda qıza görə abort etdirənlər çoxdur: «Əslində, 10 həftədən sonra abort etdirmək olmaz. Buna icazə verilmir. Dölün ana bətnində olduğu müddət USM vasitəsilə müəyyən edildikdən sonra abort həyata keçirilir...».

XS
SM
MD
LG