Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:30

Qeyri-rəsmi milyarderlər ölkəsi


Eksport
Eksport

Ölkənin ixrac imkanları, korrupsiya, monopoliya, qiymətlərin artması və əhalinin gəlirlərinin azalması bu gün medianın aparıcı mövzusudur...

YÜKSƏLƏN İXRAC

«Azərbaycan» qəzetində «2921 çeşiddə məhsul, 116 ölkəyə ixrac» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, 2017-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında müsbət nəticələr əldə edilib. Bu da Azərbaycanın qlobal böhran şəraitində belə, davamlı inkişaf etdiyinin göstəricisidir: «İqtisadiyyatın liberallaşdırılması, investisiyaların qeyri-neft sektoruna yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Cari ilin üç ayında ticarət dövriyyəsi 15 faiz, kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. Müsbət saldo 1 milyard dollardan artıq olub».

Yazıda vurğulanır ki, son illər Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir. Həm dövlət, həm də özəl sektora vəsait qoyulur.

Yazıda dövlət başçısı İlham Əliyevdən də sitat gətirilir: «Artıq «Made in Azerbaijan» brendi bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanmışdır. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı».

Dollar
Dollar

OLMAYAN GƏLİR BƏYANNAMƏLƏRİ VƏ MİLYARDLAR...

«Novoye Vremya» qəzetində «Deputatlara hədiyyə almaq qadağan edilir» sərlövhəli məqaləyə yer verilib.

Müəllif «Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında» qanun layihəsini dəyərləndirir.

Yazıda bildirilir ki, layihəyə görə, deputatların dəyəri 55 manatdan yuxarı hədiyyə alması qadağan edilir. Amma müəllifə görə, burada bir sıra məqamlar aydınlaşdırılmalıdır: «Gəlir bəyannaməsi olmadan bu məsələ necə həll ediləcək? Bütün mədəni dünyada məmurların gəlirləri maksimum dərəcədə şəffafdır. Amma bu, Azərbaycana aid deyil. Bununla belə, xalq üçün maraqlıdır ki, məmurlar villaları, bahalı maşınları, şəkilləri və silahları hansı pullarla alırlar».

Müəllif hesab edir ki, Azərbaycanda belə sirlərin üstü bəzi məmurlar «vurulduqdan» sonra açılır. Yazıda nümunə kimi keçmiş Milli Təhlükəsizlik Nazirliyi göstərilir.

Müəllif daha bir məsələyə də diqqət çəkir. Azərbaycanda rəsmi milyonçu yoxdur: «Azərbaycan neft-qazla zəngin ölkədir, amma rəsmi olaraq vergi ödəyən bir nəfər də olsun milyonçusu yoxdur. Keçmiş MDB-nin bütün ölkələrində vergi ödəyicilərinin reytinqi mövcuddur. Bizdə isə əksinədir, heç kəs öz gəlirlərini açıqlamaq istəmir. Amma elə ki, bu məmurlara cinayət işləri başlanır, məlum olur ki, milyon yox, milyardlara malik məmurlar var».

Monopoliya. Karikatura
Monopoliya. Karikatura

MONOPOLİYA İSLAHATLAR TANIMIR

Musavat.com-da «İqtisadiyyatın önünü kəsən «əjdaha»: monopoliya» sərlövhəli məqalə oxumaq olar.

İqtisadçı-ekspert Rəşad Həsənov qəzetə deyib ki, hakimiyyətdə təmsil olunan bəzi oliqarxlar islahatlardan o qədər də məmnun deyil: «2014-cü ilə qədər Azərbaycanda hökumətin iqtisadi proseslərə yanaşması fərqli idi. 2014-cü ildən sonra situasiya tam dəyişdi. Faktiki olaraq, böyük neft gəlirlərindən məhrum olan hökumət digər istiqamətlərdə müəyyən addımların atılması, iqtisadiyyatın şaxələndirilməsi kimi proseslərin zərurətə çevrildiyini qəbul etmək məcburiyyətində qaldı. Mən hesab edirəm ki, bu gün belə, oliqarxlar, hakimiyyətdə təmsil olunan müəyyən qruplar liberal iqtisadi mühitdən, hazırkı situasiyada həyata keçirilən islahat proseslərindən məmnun deyirlər».

Ekspert hesab edir ki, devalvasiyalar ən sərt şəkildə ölkənin iqtisadi zəifliyini üzə çıxarıb: «Manat tamamilə neftdən asılı olan bir valyutadır. Əgər Azərbaycanda neft hasilatı azalırsa, bu, ölkəyə daxil olan valyutanın həcmində kəskin azalmaya, son nəticədə isə tədiyyə bazarında defisitə gətirib çıxarır. Hökumət artıq qəbul edir ki, manatın məzənnəsini qorumaq üçün alternativ yollardan biri də qeyri-neft məhsulların ixracının təmin edilməsidir».

R.Həsənov deyib ki, şaxələnmədən söhbət gedirsə, bundan ötrü liberal iqtisadi mühitin formalaşması vacibdir. Liberal iqtisadi mühit formalaşmayınca və inhisarçılıq meylləri neytrallaşdırılmayınca, Azərbaycanda heç bir islahat nəticə verə bilməz: «Azərbaycan iqtisadiyyatının monopoliyadan ən qısa müddətdə xilas edilməsi istiqamətində çox ciddi plan hazırlanmalıdır».

Cib
Cib

«YAMAN» GÜNƏ HEÇ NƏ YOXDUR...

«Exo» qəzetində «Azərbaycanlılar «yaman» günə pul yığa bilmirlər» sərlövhəli məqalə diqqət çəkir.

İqtisadçı Vüqar Bayramov əhlinin maddi durumunu qəzetə belə anladıb: «İndi insanların xərcləri artıb, bəzən pul yığmaq istəyirsən, amma hər şeyin bahalanmasına səbəb olan manatın məzənnəsinin kəskin düşməsi buna imkan vermir. Orta statistik azərbaycanlının demək olar ki, bütün maaşı ən zəruri ehtiyacların ödənilməsinə sərf edilir. Devalvasiyaya qədərki dövrdə hətta orta həddən aşağı maaş alanlar belə, müəyyən qədər «arxa»ya pul ata bilirdilər. İndi bu, artıq mümkün deyil».

İqtisadçı hesab edir ki, qiymətlər bahalaşsa da, əhalinin gəlirləri artmayıb. Onun deməsinə görə, əvvəllər sadə insanlar da xaricə istirahətə getməyə pul yığa bilirdi: «Bu gün maaşı 500 manatdan yuxarı olanlar ancaq ölkənin regionlarına səfər edə bilirlər. Düzdür, ölkə regionlarında istirahət qiymətləri ucuz deyil. Amma onsuz da bahalaşmış aviabiletə pul vermək lazım gəlmir. Əvvəllər avtomobillərini müntəzəm dəyişən vətəndaşlar bu gün onu edə bilmirlər. Daşınmaz əmlak almırlar, bunlar isə əmlak bazarında da durğunluq yaradıb».

Başqa bir ekspert Seyfəl Əliyev isə qəzetə deyib ki, 2015-ci ildən başlayan böhran dövründə əhalinin aylıq xərclərinin strukturu əhəmiyyətli dərəcədə dəyişib: «Ərzaq malları xərcləri vətəndaşların əsas xərcləri olaraq qalır. 500 manat maaş alan işçinin pullarının 80 faizi ən zəruri ərzaq mallarının alınmasına gedir. Qalan 20 faiz isə nəqliyyata və kommunal xidmətlərə yönəldilir. Bu, olduqca narahatedici göstəricidir. Bu o deməkdir ki, əgər qida xərcləri artırsa, deməli, ölkədə insanların durumu daha da ağırlaşacaq».

XS
SM
MD
LG