Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 11:49

Bakı Apellyasiya Məhkəməsi hazırda xaricdə yaşayan hüquq müdafiəçiləri Leyla və Arif Yunusla bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxacaq. Şikayət Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il avqustun 13-də çıxarılmış hökmündən verilib.

Bu haqda AzadlıqRadiosu-na Yunusların vəkili Elçin Sadıqov bildirib.

Vəkilin deməsinə görə, şikayət hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi məhkəmə kollegiyasının icraatına verilib. Məhkəmə hazırlıq iclası aprelin 19-da saat 12:00-da keçiriləcək.

Buna da bax:​ Arif Yunus: 'Bizi vətəndən, faktiki, deportasiya etdilər'

Leyla və Arif Yunusun müdafiəçiləri onlara bəraət verilməsini tələb edirlər.

Yunuslar barəsində çıxarılan məhkəmə hökmünə bundan əvvəl də apellyasiya və kassasiya instansiyasında baxılıb.

Sonuncu dəfə Ali Məhkəmə 2016-cı il dekabrın 27-də Yunusların kassasiya şikayətini qismən təmin etmişdi. Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin Arif və Leyla Yunuslarla bağlı azadlıqdan məhrumetmə hökmünü şərti cəza ilə əvəzləyən qərarını ləğv etmişdi.

Ali Məhkəmə işi yenidən apelyasiya baxışına qaytarmışdı.

Buna da bax: Yunuslara verilmiş şərti cəza ləğv edildi

Xatırlatma

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Hüquq müdafiəçiləri ittihamları qəbul etməyiblər.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.

Həmin il dekabrın 9-da Apelyasiya Məhkəməsi həbs müddətini şərti cəza ilə əvəz edib. Aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib.

Buna da bax:​ Leyla Yunus: ‘İqtisadi vəziyyət ağırlaşacaq, etirazlar olacaq, camaat ayağa duracaq’

Bundan sonra Leyla Yunus Azərbaycanda həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun, bəzi başqa dindarların və siyasətçilərin beynəlxalq müdafiəsində yaxından iştirak etməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG