Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:14

Parkinson xəstəliyinin müalicəsinə ümid var


Parkinson xəstəliyi olan adam.
Parkinson xəstəliyi olan adam.

Alimlər deyirlər ki, Parkinson xəstəliyini müalicə etməyin, önləməyin yolunu tapıblar. Bundan ötrü zədələnmiş beyinin bərpası üçün əvəzləyici hüceyrələr hazırlana bilər.

Bu haqda BBC yazır.

Alimlər belə bir qənaətə gəliblər ki, insan beynindəki hüceyrələri Parkinson xəstəliyinin dağıtdığı «həmkarları»nın işini görməyə yönəltmək olar.

HÜCEYRƏLƏRİN FUNKSİYASI DƏYİŞDİRİLİR

Testləri Parkinsona oxşar simptomları olan siçanlar üzərində aparıblar, terapiyadan sonra onların durumu yaxşılaşıb.

Ancaq bu araşdırmanı insanlarda tətbiq etməmişdən öncə çox testlər aparılmalıdır. Ekspertlərin fikrincə, «Nature Biotechnology» dərgisində çap olunmuş araşdırma xeyli ümidvericidir, amma çox erkən mərhələdədir.

Alimlər hələ bu müalicənin təhlükəsiz olub-olmadığını öyrənməlidirlər. Funksiyası dəyişdirilmiş, ilkin formada astrosit olan hissəciklər Parkinson xəstəliyinin zədələdiyi, dofamin istehsal edən neyron funksiyasını yerinə yetirə biləcəkmi – bunu yoxlamalıdırlar.

Parkinson xəstələrində dofamin çatışmır, çünki bunu hazırlayan beyin hüceyrələrindən bəziləri ölüb.

Bu hüceyrələrin məhvinə nəyin səbəb olduğu aşkarlanmayıb. Amma sonucda orqanizm gücdən düşür, hərəkət çətinləşir.

REAL MÜALİCƏ?

Həkimlər simptomlara qarşı dərman yazırlar, lakin xəstəliyi müalicə edə bilmirlər.

İndiyədək alimlər zədələnmiş dofamin neyronlarını əvəzləməkdən ötrü beyinə yenilərini yerləşdirməyin yollarını axtarırdılar. Di gəl, son tədqiqat hüceyrə transplantasiyası istəməyən yanaşma ortaya qoyub.

Neyrocərrahiyyə eksperti Dr. Patrick Lewis deyir ki, bu tədqiqat Parkinsonun müalicəsində çox şeyi dəyişə bilər. «Bunu insanların üzərində sınaqdan keçirmək böyük iş olacaq», – o, sözlərinə əlavə edib.

«Parkinson's UK» təşkilatından professor David Dexter bu texnikanı inkişaf etdirməyə çağırıb. «Uğurlu olarsa, bu real müalicə Parkinson xəstələrinin həyatını dəyişə, milyonlarla insanı müalicə edə bilər», – o söyləyib.

XS
SM
MD
LG