Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:32

'Məhkəmə qərarı olmadan xaricə çıxış qadağası qanunsuzdur'


İ.Əliyev və N.Nazarbaev

Azərbaycan-Qazaxıstan münasibətləri, vətəndaşların borca görə ölkədən çıxışına qoyulan qadağalar, məhkəmə sisteminin durumu və dollar ucuzlaşsa da, ərzağın qiymətinin dəyişməməsi bu gün medianın aparıcı mövzusudur...

QAZAXISTANLA DOSTLUQ

«Azərbaycan» qəzetində «N.Nazarbayev: «Qazaxıstan hər zaman İlham Əliyevin yanında olacaq» sərlövhəli məqalə dərc edilib.

Yazıda Qazaxıstan prezidenti N.Nazarbaev-in bu günlər Azərbaycana gerçəkləşən səfəri dəyərləndirilir.

Müəllif tarixi köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların həmrəyliyini son dərəcə vacib sayır. Yazıda qeyd edilir ki, prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsinə önəm verir: «Son 14 ildə ölkə başçısı Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verib. Azərbaycanın Qazaxıstanla münasibətlərinin ildən-ilə inkişaf etməsi də deyilənlərə əyani misal ola bilər».

Daha sonra müəllif diqqəti Qazaxıstan prezidentinin Azərbaycana son səfərinə yönəldir. Bu səfər zamanı iki ölkə arasında əlaqələrin daha da inkişafı xəttinin üstünlük təşkil etdiyi, bir sıra sənədlərin imzalandığı vurğulanır.

Müəllif bu səfərin mahiyyətini çatdırmaqdan ötrü dövlət başçısı İlham Əliyevdən sitat da gətirir: «Bu il biz dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 25 illiyini qeyd edirik. Hərçənd, xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixi 100 illiklərlə hesablanır».

Yazıda xüsusi qeyd edilir ki, Qazaxıstan prezidenti N.Nazarbaev çıxışında ölkəsinin daim Azərbaycanın yanında olacağını vurğulayıb.

Bakıda tikinti materialları bazarı.
Bakıda tikinti materialları bazarı.

DOLLAR UCUZLAŞIR, MALLAR YOX

«Yeni Müsavat» qəzetində isə «Dollar ucuzlaşdı, amma qiymətlər olduğu kimi qaldı» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, son vaxtlar ölkədə dolların nisbətən ucuzlaşmasına baxmayaraq, bazarlarda malların qiymətləri enmir.

Yalnız tikinti materialları bazarında qiymətlərdə müəyyən ucuzlaşma müşahidə olunur: «İş adamları bu sahədə yaranan durğunluğu azaltmaq üçün dolların yeni məzənnəsi ilə aldıqları malları daha ucuz satmağa çalışırlar».

Yazıda qeyd edilir ki, tikinti mallarından fərqli olaraq ərzaq malları ucuzlaşmır.

Tikinti materiallarının qiymətini qəzetə dəyərləndirən ekspert Natiq Cəfərli deyir ki, bu, bazarın tələb-təklif nisbətinə bağlıdır: «Tikinti sektorunda onsuzda durğunluq müşahidə olunur. O sahədə çalışan iş adamları dövriyyəni saxlamaq üçün bəzən məcburən qiymət artımına getmirlər. Çünki yüksək qiymətlər onsuzda az olan müştəriləri daha da qaçırdır».

N.Cəfərliyə görə, ərzaq malları bazarında durum isə fərqlidir. İnsanlar ərzaq almağa məcburdurlar.

Ekspert hesab edir ki, dolların baha satılması, inhisar da bahalaşmaya təsir göstərən amillər sırasındadır.

N.Cəfərli deyib ki, ölkədə rəqabətli mühit, işləməyə normal şərait, bazarda oyunçuların sayı yetərincə olsaydı, bunun qiymətlərə müsbət təsiri olardı: «Hökumətin inhisarda maraqlı olduğunun bir göstəricisi də budur. 20 ildir Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır, ancaq quruma üzv olmaq istəmir».

Hava limanı.
Hava limanı.

BİR QANUN, YÜZ QANUNSUZLUQ

«Exo» qəzetində «Hansı halda Azərbaycandan xaricə çıxmağa icazə vermirlər?» sualına ekspertlərlə cavab axtarılır.

Müəllif yazır ki, bu yaxınlarda Vergilər Nazirliyi vergi borcları olan fiziki və hüquqi şəxslərin ölkədən çıxışına qadağa siyahısını yeniləyib: «Nazirlikdən bildiriblər ki, xaricə çıxış qadağası borc tam ödənildikdən sonra qaldırıla bilər».

Ekspert Əkrəm Həsənov isə mövzunu qəzetə belə dəyərləndirib: «Ölkədə elə bir qanun yoxdur ki, vətəndaşa kredit və ya maliyyə təşkilatına olan borcuna görə xaricə getməyi qadağan etsin».

Ekspertin deməsinə görə, borclunun xaricə çıxışına yasaq ancaq bir halda qoyula bilər. Həmin şəxslə bağlı məhkəmə qərarı olsun: «Məhkəmə qərarı var, amma şəxs borcunu imkanı olduğu halda ödəmir, yalnız bu halda xaricə çıxışa qadağa qoyula bilər. Qalan bütün hallarda xaricə çıxış yasağı qoyulması qanunsuzluqdur».

Ekspert Samir Əliyev isə hesab edir ki, ölkənin indiki mürəkkəb maliyyə durumunda dövlət, əksinə, vətəndaşa tərəf addımlar atmalıdır.

S.Əliyev deyir ki, Azərbaycanda şəxsin məhkəməyə verilməsindən ötrü borcun məbləği ilə də bağlı normativ hələ müəyyən edilməyib.

Məhkəmə
Məhkəmə

MÜSTƏQİL MƏHKƏMƏ SİSTEMİ OLMADAN...

«Novoye Vremya» qəzetində isə «Səmərəli məhkəmə hər şeyin başıdır» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazıda ölkənin məhkəmə sisteminin durumunu gündəmə daşıyır.

Yazıda qeyd edilir ki, neftin qiyməti düşdükdən sonra ölkə iqtisadiyyatı «dalana» dirənib. Müəyyən çıxış yolları təklif edilsə də, vəziyyət dəyişmir: «Odur ki, iqtisadi sahədə durum ağır olaraq qalır və, ən azı, yaxın perspektivdə müsbət meyl gözləməyə dəyməz».

Müəllif hesab edir ki, bu durumu neftsiz də dəyişmək olar. Bundan ötrü siyasi müstəvidə islahatlar və müstəqil məhkəmə sistemi olmalıdır.

Yazıda deyilir ki, Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində Azərbaycanda məhkəmə sistemi ilə bağlı 2 illik layihə bu günlər başa çatıb: «Bununla bizim ədalət mühakiməsi daha səmərəli oldumu? Xeyr, çünki Azərbaycan məhkəmə sistemi korrupsiyaya, ədalətsiz qərarlara və siyasi sifarişə açıq məhkəmə sistemidir. Yeri gəlmişkən, müstəqil olmayan məhkəmə sistemindən səmərə gözləməyə dəyməzdi».

Müəllif hesab edir ki, hakimiyyətin siyasi iradəsi olarsa, islahatlar səmərə verər: «Azərbaycanda hamı, o cümlədən hökumət də ədalətli mühakimə sisteminin varlığında maraqlı olmalıdır. Təkcə ona görə ki, ölkəni düşdüyü siyasi və iqtisadi böhrandan çıxarmağın, sadəcə, başqa yolu yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG