Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 18:25

'Sabun təmizlikdir, niyə yaltaqlığı simvolizə etməlidir...'


Sabun.

Amil Məmibəyli

Mən sabunam

Mən sabunam... Bəli,hamınızın bildiyi adi bir sabun. Kimya dili ilə desək, kalium və natrium-hidroksiddən ibarət olan sabun. Hansı firmaya aid olduğumu deməyəcəm. Axı nə fərqi, sabun elə sabundur. Bəlkə də bir az özümü tərifləyəcəm, amma yenə də özüm haqda bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Çünki son vaxtlar mənim adımı pisə çıxarıblar. Sabun deyən kimi insanların ağlına ilk öncə təmizlik yox, başqa şeylər gəlirsə, daha mən nə deyə bilərəm? Amma yox deyəcəm, çox şey deyəcəm!

Buna da bax: 'Yaltaqlıq qadağan olunarsa...' (Karikatura)

Öz şəxsi mənafeyini güdən, karyerasında uğurlar qazanmaq üçün vəzifəcə özündən yuxarı olan adamlara tərif yağdıran, şirinlik və girənlik edən yaltaq adamlara nədənsə mənim adımı qoyurlar. Bəli, “girən” sözünü heç də təsadüfən demədim. Yəni girən olmaq, girmək üçün mütləq müəyyən bir sürüşkənlik lazımdır. Bu mənada təəssüf ki, adamların yadına ilk olaraq mən düşürəm. Amma başa düşə bilmirəm ki, sürüşkənlik üçün başqa mayelər ola-ola axı niyə mən yada düşürəm? Axı niyə məhz mən? Axı mən həm də bərk maddə sayılıram. Nolsun mayedən hazırlanıram, nəticədə ki, bərkəm. Özü də mənim sabunluğumu sübut etmək üçün daha başqa bir mayeyə, suya ehtiyac yoxdurmu?

Buna da bax: İş, ev, çörək, televizor...

Yəni su olmasa, mənim sabunluğuma özümün belə şübhəm olar. Bütün bunlar da təəssüf ki, mənim daha çox ürəyiyumşaqlığımdan və bir az da ayağı sürüşkənliyimdəndir. Həm də, ayağısürüşkənlik demişkən, yadımnan çıxmamış onu da deyim. Təsadüfən hamının istifadə etdiyi bir hamamda əgər yerə düşürəmsə, heç kim nədənsə məni yerdən götürməyə cəsarət eləmir. Ancaq mən buna qətiyyən cəsarət kimi baxmıram. Axı məni ayağınızın altında qoyub, ayağınızı-qolunuzu sındıra bilərsiniz? Vallah düz deyirəm. Axı bu adətləri, vərdişləri kimlər yaradıb? Axı mənim bu qədər lazımlı və faydalı olmağımı adi və bayağı bir yazılmayan qanuna necə dəyişə bilirsiniz? Axı mənim sizə təmizlikdən savayı da xeyirlərim dəyir. Necə ki, məsələn, əgər kiminsə nəyisə nəyəsə ilişib-keçib qalıbsa, onun nəyinisə ordan çıxartmaq üçün məndən-yəni sabundan istifadə etmək yetincədir. Unutmayın, məni yox edən və öldürən sizin kirinizdir, cənablar! Sizin kiriniz olmasa, demək olar, mənim həyatım da olmaz.

Allah epidemiyaları, bakteriyaları mənə çox görməsin. Onlarsız mənim bir günüm olmasın.Təəssüf ki, heç kim sabunun son köpüyünə qədər təmizlik uğrunda necə mübarizə apardığını və özünü təmizliklə mübarizədə necə sərf etdiyini bilmir. Mənim üstün cəhətlərimdən biri də odur ki, heç vaxt kirlənmirəm. Yəni mənim heç vaxt başqa bir sabuna, başqa bir təmizləyici, yuyucu toza-filana ehtiyacım yoxdur. Bir sözlə, sabunun sabunu olmur. Mən təmizlikdən savayı işləri də görə bilirəm. Məsələn, dərzilərə parçanın üzərində xətt çəkmək üçün mənim bircə parçam bəsdi ki,onlara işinə yarısın. Bəli, sabunu siz heç də elə-belə məişət əşyası hesab etməyin ha. Hər halda özümə əcdad saydığım 72% sabunların necə faydalı olduğunu özünüz məndən gözəl bilirsiniz. Hə, birdə lap yadımdan çıxacaqdı, bir müddət, adını çəkmək istəmədiyim bir sabun firması “Bu, sabun deyil” reklamı adı altında həmin sabunu necə lazımdırsa, hamıya tanıtdı. Təəssüflər ki, sabunluğunu danan neçə belə sabunlar var. Bəlkə də onlar bunu etməklə daha yaxşı sabun olduqlarını bildirirdilər. Bir sözlə, cənablar! Kim ki, mənim adımı pisə çıxarır, bundan sonra oturub yaxşı-yaxşı düşünsün. Axı mən yaxşılıqdan başqa sizə nə eləmişəm? Yoxsa nə tez unutduz sabunsuz günlərinizi? Bircə bir təsəllim var, o da, Sabunçu rayonudu. Çox sağ olusunlar ki, vaxtında, rayonun Leninin adını dəyişib, Sabunçu rayonu qoydular. Adımızı uca tutan belə gözəl idealı təşəbbüskar insanlara öz minnətdarlığmı və təşəkkürümü bildirirəm. İnanıram ki, yenidən rayonun adını dəyişib hansısa bir siyasi liderin adını qoymayacaqlar. Çox sağ olun bir daha, var olun!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG