Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 14:02

A. Popogrebski: 'Rus kinosunun əsas bəlası kinoda artıq göstərilmiş şeyləri çəkməkdi'


Rus rejissoru Alexei Popogrebski.

Alexei Popogrebski müasir rus kinosunun tanınmış rejissorlarından biridi. Onun “Koktebel” filmi 2003-cü ildə XXV Moskva Beynəlxalq Kinofestivalının “Qızıl Georgi” mükafatına, “Sadə nəsnələr” filmi 2007-ci ildə XVIII “Kinotavr” festivalının baş mükafatına layiq görülüb. “Mən bu yayı necə keçirdim” filmi isə 2010-cu ildə Berlin Beynəlxalq Kinofestivalında iki “Gümüş ayı” mükafatı, London Film festivalının baş mükafatını, həmçinin “ən yaxşı film” nominasiyasında “Qızıl Qartal” mükafatını qazanıb.

A. Popogrebski həm də Moskva Kino Məktəbində gənclərə rejissorluq sənətinin sirlərini öyrədir. O tələbələrinə öyrətdiyi rus kinosunun sirrləri və problemləri haqda "Tvkinoradio" kino dərgisinə danışır.

Moskva Kino Məktəbi bədii kino üzrə ixtisaslaşmış olsa da, tələbələrdən mütəmadi olaraq sənədli film çəkmələri də tələb edilir. A.Popogrebskinin sözlərinə görə, bu, gənclərin gözlərini açmaq, onların tədris müddətinin başlanğıcında reallıqla təmas nöqtələrini tapmalarına yardım məqsədilə edilir. Buna görə də ilk semest sənədli kinoya həsr olunur. Tələbələr həftədə bir dəfə müəllimlərin verdikləri tapşırıqlara əsasən, qısa sənədli etüdlər çəkirlər və semestrin sonlarına doğru hər tələbənin ona yaxın sənədli etüdü olur.

Buna da bax: Yuri Arabov: 'Biz bolşevizmin dirçəldiyi bir dövrdə yaşayırıq'

“Bundan əlavə onlar bir və ya bir neçə qəhrəman tapmalı, bir və ikinci semestr boyu onları çəkməli, birinci kursun sonunda kurs işi qismində bədii filmlə yanaşı sənədli film də hazırlamalıdılar. Bu, artıq böyük formatlı layihədi və onun sayəsində tələbələr əhvalatla işləməyi, qəhrəmanların hekayətlərini, dramatik struktura - əvvəli, ortası və finalı olan - malik həyat şəraitini göstərməyi öyrənirlər”.

Məktəbdə tələbələrin özünüifadə azadlığı heç bir şəkildə məhdudlaşdırılmır, amma peşəkarlıqla bağlı bəzi sərhədlər qoyulur. Məsələn, kadrarxası monoloqlardan, verbal izahatlardan, mövzu ilə bağlı kameraya müsahibə verilməsindən istifadə qəti şəkildə qadağandı. Bu üsullar bədii kinoda nadir hallarda istifadə olunduğundan sənədli kinoda da istifadəsinə icazə verilmir.

Popogrebski deyir ki, sözügedən məhdudiyyətlər həddindən artıq faydalıdı, zira kinoda istifadəsi məqbul sayılmayan vərdişlərin formalaşmasına bəri başdan imkan yaratmır: “Sadaladığım vasitələrdən bədii kinoda nadir hallarda istifadə olunur, odur ki, gəlin, biz də sonra işimizə yarayacaq metodları öyrənək. Bizim tələbələr kameranı əllərinə götürüb qəhrəman axtarmağa gedirlər, reallığa qərq olurlar, həyatın, hələ tanış olmadıqları müxtəlif aspektlərinə toxunurlar. Ki, yeni kəşflər eləsinlər və öz hisslərini bizlərə çatdırsınlar. Biz tədris prosesini bu qadağalarla başlayırıq və uşaqların gözləri, vərdişləri formalaşdıqca “ipi” boşaldırıq. Bu qadağaları hamı bilir, onlar haqqında internetdə tapmaq mümkündü. Məsələn, sinxron qadağası – personajın nitqini digər kadrların üzərinə qoymaq. Və ya ştativ qadağası: bədii kinonu əl kamerası ilə çəkmək intuisiyanın formalaşmasına kömək edir. Müəllif öz ayaqları üstündə dayanıb kameranı əlində saxlayanda dərhal kadrı tuta, ştativin imkan vermədikilərini çəkə bilər”.

Gələcək rejissorlara qoyulan qadağalardan biri də kadrarxası musiqi ilə bağlıdı və digər yasaqlardan fərqli olaraq uzun müddət tətbiq edilir. Popogrebskinin sözlərinə görə, çoxları musiqi ilə bütün səhvləri ört-basdır etməyin mümkün olduğunu düşünür. Həmçinin kadrda transfakatordan – (zoom) istifadə də tövsiyə olunmur.

Rejissor Alexei Popogrebski.
Rejissor Alexei Popogrebski.

“Zoom eləmək istəyirsənsə, özün yaxınlaş. Ancaq bu yasaqlar bütün vəziyyətlərə aid deyil. Tələbə filmboyu kadrarxası musiqidən istifadə eləməyini inandırıcı şəkildə əsaslandıra bilər. Hərçənd hələlik belə halla rastlaşmamışıq”, - rejissor deyir və əlavə edir ki, qadağaları tətbiq edərkən məşhur dokumentalist və pedaqoq Marina Razbejkinanın kino məktəbinin qaydalarından ilhamlanıblar: “Həmin məktəbdən son dərəcə parlaq rejissorlar çıxır, onlar sonra təkcə sənədli yox, bədii filmlər də çəkirlər. Ümumiyyətlə, o məktəbin uğur faizi çox yüksəkdi və Marina Razbejkinadan çox şey öyrənmək olar. Buna görə də bizim hər sənədli film semestrimiz ənənəvi olaraq Razbejkinanın ustad dərsləri ilə başlayır. Onun metodikası bədii kino rejissorları kimi bizim üçün həddindən artıq maraqlı və faydalıdı”.

Buna da bax: Rus hökumətinin mübarizə apardığı "Artdokfest" kino festivalı niyə önəmlidir..

Moskva Kino Məktəbinin tələbələri kurs və diplom işlərində ən müxtəlif mövzulara və janrlara müraciət edirlər – trillerdən tutmuş, komediyaya, farsa qədər. Filmlərin tərzləri fərqlidi, lakin yasaqlar hamı üçün eynidi. Popogrebski deyir ki, tələbələrin filmlərində “danışan baş”, yaxud gözəl kadrlar və arxada ağıllı məsləhətlər verən səs görmək mümkün deyil. Bədii kino da, bəzi hallar istisna olmaqla, bu vasitələrdən istfadə eləmir.

Alexei Popogrebski Moskva kino məktəbində master-klass keçir.

“Ancaq bədii kinodakı kimi sənədli kinonun da öz qəlibləri var və biz tələbələri onlardan xilas eləməyə çalışırıq. Məsələn, gənclər tez-tez məhdud imkanlara malik insanlar haqqında film çəkmək istəyirlər. Səyyahlar haqqında çəkənlər çoxdu. Bir qəlib də var- həyatda yerini tapmamış insanlar. Bu barədə film çəkmək çox çətindi, zira hansısa xətti izləmək mümkün olmur. Eyni şeyi bədii kinoda da görürük. Daha bir qəlib: çoxları elə bilir ki, sənədli kino – zibilxana, marginallar və qaramat deməkdi. Yeni gələnlər fikirləşirlər ki, bu mövzuları işləmək asandı. Biz isə digər müəllimlər və tələbələrlə birlikdə müəllifi ilhamlandıracaq, yarım il-bir il çəkən çəkilişlər və postprodakşn boyu ayaqda qalmağa imkan, təkan verəcək məqamlar tapmağa çalışırıq. Bu, adi, vərdiş etdiyimiz, lakin bizdən yeni baxış tələb edən bir şey də ola bilər. Məsələn, sənədli kino günündə kor müğənni haqqında film göstərmişdik. Ona baxanda beşinci dəqiqədə qəhrəmanın kor olduğunu unudursan: o film həyat yolu, insanın mübarizəsi, əlil yox, unikal insan haqqındadı”, - rejissor söyləyir.

Onun fikrincə, təkcə tələbələrin yox, ümumiyyətlə, bütün rus kinosunun əsas bəlası kinoda artıq göstərilmiş şeylər haqqında çəkməkdi: “Eyni personajların, situasiyaların, qlamur saxtakarlığın sonsuz silsiləsi. Amma silsiləni qırmaqdan ötrü Trier olmağa ehtiyac yoxdu. Bu, meynstirmə də aiddi. Elə filmlər var ki, onlara baxanda reallığa inanmağa başlayırsan, qəhrəmanların simasında küçədə rastına çıxan canlı insanları görürsən. Hətta yadplanetli olsalar belə, onlara etibar edirsən”.

Buna da bax: A. Sokurov: Beş il əvvəl Rusiyada düşündüyümü deyə bilirdim, ancaq indi...

Gənc tələbə-rejissorların hər işi müzakirə obyektinə çevrilir. Montaj, planlar, səs, dialoqlar, aktyorların ifası ciddi şəkildə təhlil olunur, çünki sadalananların hamısı gələcəkdə bədii kinoda lazım olacaq. Məhz, həmin müzakirələrin, təhlillərin sayəsində məzunların sənədli və bədii filmləri arasında böyük fərqlər nəzərə çarpır, amma həqiqətəuyğunluq, insani gerçəkliklər mütləq hamısında var. Yaxşı sənədli film çəkən tələbələrin diplom işi olaraq çəkdikləri bədii filmlər də uğurlu alınır.

Məktəbdə tələbələrə verilən tapşırıqlar da sistemləşdirilib.

“Mən əvvəlcə birkadrlıq, sonra isə montaj oluna biləcək əhvalat çəkmələrini istəyirəm. Daha sonra tapşırıqlar, tədricən, mürəkkəbləşir – bir gün, bir neçə gün, bir qəhrəman, bir neçə qəhrəman. Beləcə, onların əlləri işə alışır və dramaturgiya qurmağı öyrənirlər. Məsələn, ilk tapşırıq “Hər gün” adlanır – hər gün baş verən bir şeyi bir kadrla çəkmək lazımdı”.

Alexei Popogrebski özü bədii film rejissoru olsa da, sənədli kinoya baxmağı sevir. Onun sevimli rejissorlarının əksəriyyəti – Werner Herzog, Martin Scorsesse - həm də sənədli filmləri ilə tanınırlar: “Bəzi istisnaları çıxmaqla, məşhur rejissorların hər birinin maraqlı sənədli filmi var. Mənim hələ yoxdu, bəlkə nə vaxtsa çəkdim. Tammetrajlı sənədli film çəkmək arzumdu, təbii, əgər maraqlı, məni cəzb edən bir mövzu olsa”, - deyə rejissor sonda arzusunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG