Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 21:45

Qubad İbadoğlu: 'Hakimiyyət gələcək nəsillərin pulunu xərcləyir'


Qubad İbadoğlu

“Neftin cari qiyməti belə onun gəlirliyini təmin edəcək səviyyədədir. İndiki qiymətlərlə bu sahədəki mənfəət normadan 3-4 dəfə yuxarıdır. Normadan yuxarı mənfəət isə həmişə korporativ maraqların dövlət maraqlarından da irəli keçməsinə əsaslar yaradır”.

İqtisadçı Qubad İbadoğlu neft bazarındakı qiymətlər və Azərbaycanda neft vəsaitlərinin xərclənmə durumu ilə bağlı şərhində belə qeyd edib.

Buna da bax:​ 'İqtisadiyyat neft asılılığından azad olmadı'

Dünya bazarında 1 barrel Brent markalı neftin 50 dollara qədər ucuzlaşdığını deyən ekspert neftin qiymətinin daha da düşməsinə tərəfdarı olduğunu ifadə edib.

“Çünki, dövlətin neftdən gəlirlərinin azalması islahatlara imkan yarada bilər. Fikrimcə, mövcud hakimiyyət neft gəlirləri kəskin azalmayınca, nə iqtisadi və nə də siyasi islahatlara getməyəcək”.

Q.İbadoğlu vurğulayıb ki, neft nə qədər baha olsa da, onun gətirdiyi vəsaitlər bir o qədər tez istismar olunur.

“Belə olan halda da neft gəlirlərindən pay əldə edə bilməyən gənc və gələcək nəsillərə neft nəinki dəyər formasında, heç natura formasında sərvət kimi də qalmır”, deyən ekspert diqqəti rəqəmlərə çəkib.

Buna da bax: Neft Fondunun gəlirləri gözləniləndən çox olub

O, Azərbaycan hakimiyyətinin 2001-2017-ci illərdə neft və qaz satışından 130 milyard dollardan çox gəlir əldə etdiyini xatırladıb.

“Hazırda onun 30 milyard dolları ehtiyat şəklində saxlanılır. 100 milyard dollara qədəri isə son 15 ildə xərclənib. Bu o deməkdir ki, 2001-ci ildən indiyə qədər adambaşına 10 min dollarlıq neft gəliri xərclənib. Beləliklə, həmin dövrdə hər il ardıcıl olaraq 7 milyard dollar neft gəliri məsrəf olunub. Əgər orta hesabla 7 milyard dollar deyil, ildə 5 milyard dollar xərclənsə idi, hazırda neft gəlirlərinin 58 faizi xərclənmiş olardı. 42 faizi və ya 55 milyard dolları isə yığıma yönələrdi. Bu halda isə Dövlət Neft Fondunun sərəncamında qalan neft gəlirlərinin idarə olunmasından daha çox qazana bilərdi”.

Q.Ibadoğlu əlavə edib ki, bu halda cari ilin xərcləmələri 2023-cü ildə həyata keçirilməli idi.

Buna da bax:​ Doğrudanmı Azərbaycan istəsə xarici borcunu bir həftəyə qaytarar? [video]

“Deməli, Azərbaycan hakimiyyəti nəinki gələcək nəsilləri borca salır. Hətta onların 2023-cü ildə xərcləməli olduğu vəsaiti indidən xərcləyib”, ekspert vurğulayıb.

Hazırda Azərbaycan neftinin 1 bareli 51 dollardan bir qədər yüksəkdir.

Son dövrlər "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG