Bolqarıstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri keçmiş baş nazir Boyko Borisov-un qərbyönlü partiyasının qələbə qazandığını göstərir. Rusiyapərəst sosialistlər isə məğlubiyyətlərini etiraf ediblər.
Martın 27-də səhərə bülletenlərin 90 faizi sayılıb. Borisov-un GERB partiyası səslərin 32.58 faizini qazanıb. Sosialistlər isə 26.8 faizlə geri qalırlar. Bu rəqəmlər iki fərqli ekzit-polun göstəriciləri ilə üst-üstə düşür.
«Vahid Vətənpərvərlər» millətçi alyansı səslərin 9.2, etnik türklərin Hüquq və Azadlıqlar uğrunda Hərəkatı 8.9, populist «Volya» Partiyası isə 4.1 faizini qazanıb.
Yekun nəticələr martın 30-da açıqlanacaq. Görünən odur ki, Borisov üçüncü kabinetini formalaşdırmağa mandat qazanacaq.
Bolqarıstan həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. GERB Qərblə daha güclü əlaqələr tərəfdarıdır. Sosialistlər isə Moskvayla münasibətlərin yaxınlaşdırılmasını istəyirlər.