Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:27

Novruz bayramı, valyuta bazarının aylıq həcmində kəskin azalma və ərzaq təhlükəsizliyi bu gün medianın aparıcı mövzusudur…

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏCƏSSÜMÜ

«Azərbaycan» qəzetində «Milli-mənəvi dəyərlərin möhtəşəm təcəssümü» sərlövhəli məqalə dərc edilib. Yazıda Azərbaycan xalqının tarixində Novruz bayramının yeri və rolu dəyərləndirilir.

Müəllif yazır ki, Novruz bayramı Azərbaycan xalqının zəngin tarixi ənənələrini və müasirliyini tam əks etdirir: «Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyi və mehribanlığı möhkəmləndirmişdir».

Yazıda vurğulanır ki, tarix boyu zəhmət və halallıqla yaşayan Azərbaycan xalqı Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləyir.

Müəllif qeyd edir ki, min illəri haqlayan Novruz intizarı milli mənəviyyatın simvoluna çevrilərək Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır: «Novruzun xalqımızın milli taleyindəki yerini dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir».

Yazıda deyilir ki, indiki dövlət başçısı İlham Əliyev də bu bayramı müqəddəs milli irs kimi dəyərləndirir: «Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq, ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq».

Nemət Əliyev
Nemət Əliyev

VALYUTA BAZARINI NECƏ YENİDƏN CANLANDIRMAQ OLAR?

Azadliq.info saytında «Valyuta bazarının aylıq həcmi 12 il əvvəlki səviyyəyə enib» sərlövhəli məqalə oxumaq olar.

Yazıda iqtisadçı-ekspert Nemət Əliyevin düşüncələrinə yer verilib.

Ekspert deyib ki, valyuta bazarında ABŞ dollarının nağd alış-satış həcmi bu ilin yanvar ayında kəskin şəkildə azalaraq 180 milyon dollardan aşağı düşüb: «Müqayisə üçün deyək ki, bu göstəricinin orta aylıq həcmi 2016-cı ildə 4 milyard 647.3 milyon, 2015-ci ildə isə 1 milyard 316 milyon dollar olmuşdu».

N.Əliyev bildirib ki, 2017-ci ilin yanvarında göstəricilər 2016-cı ilin orta aylıq göstəricisindən 2.6 dəfə, 2015-ci ilin aylıq göstəricisindən isə 7.3 dəfə az olub: «Dollarla nağd valyuta bazarının aylıq həcmi 2005-ci ildəki səviyyədən də aşağı düşüb. Avronun, ingilis funtunun, rus rublunun alış-satış bazarı üzrə də vəziyyət əhəmiyyətli dərəcədə pisləşib».

N.Əliyev deyib ki, yanvar ayında qeyri-nağd valyuta bazarının kiçilməsi də şübhə doğurmur: «Valyuta bazarının yanvarda bu dərəcədə pisləşməsi ölkədə iqtisadi fəallığın hələ də zəifləməkdə davam etməsi anlamına gəlir. Odur ki, qəbul etdiyi yarıtmaz qərarlarla monetar amillərin iqtisadiyyata müsbət təsirini heçə endirən Mərkəzi Bank, nəhayət, destruktiv fəaliyyətdən əl çəkməlidir».

Ekspertə görə, haqqında danışılan mənfi tendensiyanın aradan qaldırılmasından ötrü iqtisadiyyatın pulla təminat səviyyəsinin yaxşılaşdırılması, valyuta bazarına basqıların durdurulması və milli valyuta ilə verilən ucuz kreditlərin önünün açılması istiqamətində gərəkli addımlar atılmalıdır.

Eyyub Hüseynov
Eyyub Hüseynov

SAXTALAŞDIRILAN MƏHSULLAR BAZARI

«Exo» qəzetində «Azərbaycanda hansı məhsullar daha çox saxtalaşdırılır» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif ölkə bazarlarında ərzağın keyfiyyətini ekspertlərlə müzakirə edib.

Yazıda deyilir ki, saxta qida məhsulları mövzusu tək inkişaf etməkdə olan ölkələri deyil, yüksək dərəcədə inkişaf etmiş Qərb ölkələrini də narahat edir. «Saxtalaşdırılmış qida məhsulları Azərbaycanda da çoxdur. Hazırda Azərbaycan vətəndaşları gəlirlərinin 25 faizini saxta qida məhsulları almağa sərf edirlər», - deyə Azad İstehlakçılar Birliyinin sədri, ekspert E.Hüseynov qəzetə bildirib.

Ekspertin deməsinə görə, problemin miqyasına gəlincə, hazırda ölkədəki bütün qida məhsullarının 40 faizi saxtalaşdırılmış, dövlət standartlarına uyğun olmayan məhsullardır: «Qida məhsulları arasında saxtalaşdırma üzrə ilk yerdə alkoqollu içkilər dayanır. İkinci yerdə spirtsiz içkilər, üçüncü yerdə süd məhsulları, o cümlədən kərə yağı adı ilə satılan marqarin yağları durur».

Ekspertə görə, ölkədə bu durumu yeni yaradılan qida məhsulları üzrə təhlükəsizlik agentliyi dəyişdirə bilər: «Hazırda bu agentliyin yaradılmasından ötrü işçi qrup işləyir və əsas məqsədlərdən biri də istehlakçıların hüquqlarını müdafiə etməkdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG