Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:51

'İntiharlar və dəm qazından ölüm adiləşib'


Bakıda Qlobal Forum - 2015
Bakıda Qlobal Forum - 2015

V Qlobal Bakı Forumu, problemli kreditlərin artması, əhalinin sosial vəziyyəti və dəm qazından ölüm hallarının səbəbləri bu gün medianın aparıcı mövzusudur…

BEYNƏLXALQ TƏDBİRLƏRİN MƏKANI-BAKI

«Azərbaycan» qəzetində dərc edilən «Dünya bu gün yenə də Bakıda toplaşır» sərlövhəli məqalədə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi dəyərləndirilir.

Müəllif yazır ki, Azərbaycan geostrateji mövqeyi və davamlı inkişafı ilə qlobal arenaya mühüm töhfələr verir. Müxtəlif formatlı beynəlxalq tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.

Müəllifə görə, beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibi seçilməsi təsadüfi deyil. Müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan qlobal tədbirlərin keçirilməsindən ötrü nümunəvi məkandır: «Azərbaycanın son illər ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Qlobal Bakı Forumudur. İndiyədək 4 forum keçirilib. İlk dəfə 2013-cü ildə keçirilən forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub. İki gün davam edən forumda dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim iştirak edib».

Yazıda daha sonra qeyd edilir ki, bu gün martın 16-da V Qlobal Bakı Forumu öz işinə başlayır.

Müəllif hesab edir ki, getdikcə Qlobal Bakı forumlarının əhəmiyyəti də artır: «Forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır».

Foto illüstrasiya.
Foto illüstrasiya.

İNSAN HƏYATININ UCUZLAŞMASI…

Azadliq.info saytında «Niyə öz əcəlimizlə ölə bilmirik?» sualına cavab axtarılır.

Müəllif baş verən intiharlara toxunaraq yazır ki, artıq ölkədə öz təbii əcəli ilə ölənlərin sayı azalır: «Hər gün ölkədə kiminsə intihar etdiyi, dəm qazından boğulduğu, hərbi hissədə müəmmalı şəkildə öldüyü, qidadan zəhərləndiyi, işgəncəyə məruz qaldığı üzə çıxır».

Müəllifə görə, dəm qazından boğulmalar və intiharlar Azərbaycanın «ölüm brendi»nə dönüb.

Yazıda qeyd edilir ki, belə ölüm halları adiləşib. Artıq bəzən onun baş verməsi yox, baş verməməsi təəccüb doğurur: «Heç kimin sığortası yoxdur. Başını aşağı salıb yaşayanların da, hökumətə tərif yağdıranların da, kreativ yaltaqlığa meyllənənlərin də zəmanəti yoxdur».

Müəllifin fikrincə, ölkə əhalisinin çoxunun sağlamlığında da ciddi problemlər var. Yazıda vurğulanır ki, əksəriyyət təzyiq, diabet xəstəsidir.

Müəllif hesab edir ki, Azərbaycanda həm səhiyyənin səviyyəsinin aşağı düşməsi, həm də pulsuz müalicə almağın mümkün olmaması vəziyyəti daha da acınacaqlı edir.

Yazıda deyilir ki, başqa ölkələrdə də dəm qazından ölənlər var. Ancaq bu, Azərbaycandakı kimi kütləvi deyil: «Heç bir normal ölkədə hər gün dəm qazından ölən yoxdur. Heç bir normal ölkədə diabet xəstəliyi hər ailənin «qonağı» olmur. Heç bir normal ölkədə kütləvi faciələrə «belə də olmalıdır» münasibəti sərgilənmir».

Müəllifin fikrincə, ölkədə belə bir situasiyanın yaranması mövcud idarəçiliyin nəticəsidir və bu idarəçilik sistemi insanları öz əcəli ilə ölməkdən də məhrum edib.

Qaz
Qaz

ÖLÜM KABUSU-DƏM QAZI

«Novoye Vremya» qəzetində də dəm qazından ölüm halları ilə bağlı yazı oxumaq olar.

«Dəm qazı can almaqda davam edir» sərlövhəli yazıda dünən, martın 15-də Xırdalan şəhərində 5 qadının ölümünə toxunulur.

Müəllif yazır ki, hər qış Azərbaycanda dəm qazından bir xeyli insan ölür. Amma hökumət qurumlarından kimsə bunun məsuliyyətini daşımır.

Yazıda qeyd edilir ki, rəsmi qurumlar daim bu məsələdə əhalini təqsirli bilirlər: «Onların inamına görə, problem qaz cihazlarının istismarı zamanı texniki təhlükəsizlik qaydalarının pozulması və onlardan düzgün istifadə olunmamasındadır».

Amma müəllif rəsmi qurumların mövqeyi il razılaşmır. Yazıda bu ölümlərə səbəb olan hallardan biri kimi, tüstü borularının təmizlənməməsi göstərilir.

Müəllif hesab edir ki, hüquq-mühafizə orqanlarının dəm qazı ölümləri ilə bağlı təhqiqatların nəticəsini cəmiyyətə təqdim etməməsi də müəmmalıdır: «Amma bu təhqiqatların nəticəsi olaraq, bu və ya digər qurumdan insan ölümlərinə səbəb olan halları aradan qaldırmağı tələb etmək mümkün idi, bu olmadı».

Müəllif bu ölümlərə daha bir səbəb kimi, qaz verilməsində yaranan fasilələri və qazın təzyiqinin tez-tez aşağı düşməsini göstərilir.

Yazıda vurğulanır ki, bu ölümlərə daha bir səbəb verilən qazın keyfiyyətsiz olmasıdır.

Əkrəm Həsənov
Əkrəm Həsənov

PROBLEMLİ KREDİTLƏR NƏ QƏDƏRDİR?

«Exo» qəzetində «Azərbaycanda vaxtıkeçmiş kreditlər rəsmi rəqəmlərdən 3 dəfə çoxdur» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkədə əhalinin banklara borclu olması ən çox müzakirə edilən məsələlərdən biridir: «Əhalinin hər ay dolların bahalaşması və faizlərin artması üzündən krediti ödəməyə pulu yoxdur. Amma bununla belə, problemi həll etmirlər».

Müəllif rəsmi statistikaya istinadən qeyd edir ki, ölkədə problemli kreditlərin həcmi 2017-ci ilin fevralına 1 milyard 633.1 milyon manat təşkil edib.

Ekspert Əkrəm Həsənov qəzetə deyib ki, məhkəmələrdə baxılan inzibati işlərin 80 faizi problemli kreditlərlə bağlıdır: «Bunu da qeyd etmək lazımdır ki, bu məhkəmə çəkişmələri uzanır, qüvvəyə minən məhkəmə qərarları isə olduqca cüzidir».

Ə.Həsənov bildirir ki, indi banklar daha çox külli miqdarda borcu olan vətəndaşları məhkəməyə verirlər.

Ekspert rəsmi rəqəmlərə də şübhə ilə yanaşır: «Qeyri-rəsmi informasiyalara görə, problemli kreditlərin real həcmi 4.5 milyard manata yaxındır. Banklar özləri bu həcmi göstərməyə maraqlı deyil».

Ə.Həsənov hesab edir ki, bu rəqəmlər artmaqda davam edəcək. Çünki nə hökumət adekvat addımlar atır, nə də əhlinin sosial vəziyyəti yaxşılaşır.

Ekspert vurğulayır ki, bəzi kreditlər girov əvəzində verilməyib. Belə halda kreditlərin qaytarılması özü problemə dönür və onda məsələ məhkəmə prosesi olmadan həllini tapmır.

Ə.Həsənov hesab edir ki, dövlət dəstəyi olmadan bu problemləri çözmək mümkün deyil.

XS
SM
MD
LG