Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:04

'Hiperinflyasiya qapını döyür'


Köçkünlər üçün tikilmiş bina.
Köçkünlər üçün tikilmiş bina.

Köçkünlərə dövlət qayğısı, işgəncə şikayətləri, Azərbaycanın MSŞT-dən çıxması, yüksək inflyasiya təhlükəsi bu gün medianın aparıcı mövzusudur...

QAÇQIN VƏ KÖÇKÜNLƏRƏ DÖVLƏT QAYĞISI

«Azərbaycan» qəzetində «Qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlər yeni mənzillərə köçürüləcəklər» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan MDB məkanında ilk sıralarda yer tutur. Eyni zamanda Azərbaycan bu kateqoriyadan olan insanlara qayğı baxımından uğurlar əldə edib: «Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir».

Müəllif yazır ki, bu kateqoriyadan olan insanların həyat şəraitlərinin yaxşılaşdırılmasından ötrü 6.2 milyard manat xərclənib. 3.2 milyon kvadrat metrdən çox 95 yaşayış kompleksi salınıb. 50 min ailə və ya 250 min nəfər məcburi köçkün yeni mənzillərlə təmin edilib.

Müəllif vurğulayır ki, bununla belə, ölkədə 80 min köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Həmin ailələrin əksəriyyəti yataqxanalarda, ictimai binalarda, sanatoriya-pansionatlarda, tikintisi yarımçıq binalarda məskunlaşıblar.

Müəllif yazır ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın da martın 9-da ilk müşavirəsini bu məsələyə həsr etməsi təsadüfi deyil. Bu, ilk növbədə məcburi köçkünlərə diqqət və həssas münasibətin göstəricisidir.

Həbs
Həbs

TALEYİMİZ KİMLƏRİN ƏLİNDƏDİR?

Azadliq.info saytında «Biz hansı ölkədə yaşayırıq?» sualına cavab axtarılır.

Müəllif yazır ki, Azərbaycanda xeyli qanunsuzluqların, ədalətsizliklərin və faciələrin şahidi olub: «Yaşadığımız ölkədə qanunun şah olmadığını, insana dəyər verilmədiyini, günahkarların cəzasız qaldığını bilirik. Amma bəzən elə faktlarla üzləşirik ki, dəhşətə gəlirik, insan övladının bu qədər vəhşiləşməsini qəbul etmək istəmirik».

Daha sonra müəllif «Nardaran işi» üzrə mühakimə olunan dindarların ifadələrinə toxunur. Onlar ifadələrində işgəncələrlə üzləşmələrindən və qanunsuzluqlarla qarşılaşmalarından bəhs edirlər.

Müəllif yazır ki, həmin ifadələri dinləyəndə, Hollivud filmlərindən və ya İŞİD əsirliyindən bəhs edildiyini güman etmək olar: «Bu hadisələr Azərbaycanda, polis idarələrində baş verib. Dövlətin təhlükəsizliyini, ölkədəki asayişi qorumalı olan adamlar dəhşət filmlərinin qəhrəmanları kimi hərəkət ediblər».

Müəllif hesab edir ki, «Nardaran işi» üzrə məhkəmə prosesi ölkədə hamının həyatının təhlükə içində olduğunu göstərib.

Yazıda vurğulanır ki, ölkədə insan həyatı elementar insan hüquqlarını tanımayan şəxslərə həvalə edilib: «Daha dəhşətlisi isə budur ki, bu işgəncələri sifariş verənlər, buna şərait yaradanlar, bu dəhşətlərə göz yumanlar var. Yəni, bu işgəncələr kimlərinsə özfəaliyyəti deyil, sifarişin nəticəsidir».

Müəllifin fikrincə, ölkənin fəlakəti təkcə maddi sərvətlərinin talan edilməsində, seçkilərin saxtalaşdırılmasında, təhsilin və səhiyyənin məhv edilməsində deyil. Ölkədə mənəvi dəyərlər də yerlə-yeksan edilib: «Biz hansı ölkədə yaşayırıq? Bizi hara gətirib çıxarıblar? Bizim həyatımız, taleyimiz kimlərin əlindədir?».

İlham Şaban
İlham Şaban

UĞURLARIN SONU...

«Exo» qəzetində «MSŞT-dən çıxış: «Azərbaycan 2003-cü il uğurlarından sonra inkişaf etmək istəmədi» sərlövhəli məqalə oxumaq olar.

Müəllif bu il martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) Azərbaycanın fəaliyyətinin dayandırılmasını və daha sonra bu qurumdan çıxmaq barədə qərarı ekspertlərlə dəyərləndirir.

Ekspert İlham Şaban Azərbaycan hökuməti komissiyasının ikili standartları bəhanə edərək, bu qurumdan çıxmasını inandırıcı saymır: «Məsələ bundadır ki, bizim ölkə əvvəllər uğurlar qazandı, bunu MSŞT rəhbərliyi də qeyd edib. Amma bu gün tərif üçün elə bir əsas yoxdur. Odur ki, Azərbaycan bu qurumdan çıxmaq qərarı verib».

İ.Şaban deyib ki, Azərbaycan 2003-cü ildə bu təşəbbüsə qoşulub. Bundan sonra təşəbbüsə xeyli ölkələr də qoşulub, amma onlar uğurları baxımından Azərbaycanı qabaqlayıblar.

Ekspertin fikrincə, MSŞT rəhbərliyinin Azərbaycana qərəzli münasibəti olmayıb: «Azərbaycan, sadəcə, MSŞT-nin tarixində qalıb və bununla barışmaq lazımdır».

İ.Şaban Ermənistanın bu quruma üzvlük məsələsini də şərh edib. O deyib ki, bu namizədlik hələ 2015-ci ildən müzakirə edilirdi. Yalnız 2017-ci ildə onu üzv seçiblər və səbəb də budur ki, Ermənistan mis filizi istehsal edir.

Ekspertə görə, Ermənistan ancaq özünə aid ərazidəki mis istehsalına dair hesabatlar verə bilər. Nəzarətlərində olan Azərbaycan torpaqlarından mədən hasilatı barədə hesabat təqdim edə bilməz.

Supermarket
Supermarket

HİPER (İFRAT) İNFLYASİYA TƏHLÜKƏSİ

«Novoye Vremya» qəzetində «İnflyasiya dalğası işə düşüb, hiperinflyasiya dağların arxasında deyil?» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda ölkədə gerçək inflyasiyanın həddi müəyyən edilməyə çalışılır.

Müəllifə görə, rəsmilərin etiraf etməməsinə baxmayaraq, ölkədə iqtisadi vəziyyət heç də ürəkaçan deyil: «Yeri gəlmişkən, nə qədər acı olsa və statistika sussa da, artıq inflyasiya deyil, hiperinflyasiya boylanır».

Daha sonra müəllif Dövlət Statistika Komitəsinin ölkə iqtisadiyyatındakı durum barədə martın 14-də yaydığı rəqəmlərə istinad edir. Yazıda deyilir ki, ölkədə istehlak malları və xidmətlər 12.5 faiz bahalaşıb. Üstəlik, müəllif rəsmi rəqəmlərin özünə belə şübhə ilə yanaşır: «Qiymət artımının qarşısının alınmaması artıq hiperinflyasiya əlamətləri olduğunu göstərir. Bir qədər öncə bu cəmi 11faiz idi. İndi isə artıq 12.5faiz-ə qalxıb. Bu hələ rəsmi statistikadır, qiymətlər isə daha sürətlə artır».

Müəllif qeyd edir ki, hiperinflyasiya sürətlə artan inflyasiyadır. Belədə qiymətlər 50 faizdən çox bahalaşır.

Yazıda vurğulanır ki, Novruz bayramı ərəfəsidir, bəzi məhsullar 100 faiz bahalaşıb və bu, hiperinflyasiyanın artıq qapını döydüyünü göstərir.

Müəllifin fikrincə, Azərbaycanda real illik inflyasiya 17-18 faiz həcmindədir.

Müəllif hesab edir ki, bundan sonra da islahatlar aparılmayacaqsa, iqtisadiyyat daha da kiçiləcək, əhalinin yoxsullaşması davam edəcək.

XS
SM
MD
LG