Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:55

'Məmurlar əhalinin pay torpaqlarını ələ keçirmək istəyir'


Francois Hollande və İlham Əliyev

Prezidentin Fransaya səfəri, aqrar sahədə problemlər, Novruz bayramı öncəsi qiymətlərin qalxması və neft gəlirlərinin azalması bu gün medianın aparıcı mövzusudur...

AZƏRBAYCAN-FRANSA MÜNASİBƏTLƏRİ

«Azərbaycan» qəzetində «25 illik tarixə əsaslanan dostluq əlaqələri» sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin Fransaya səfəri fonunda Azərbaycanın bu ölkə ilə münasibətləri dəyərləndirilir.

Yazıda bildirilir ki, Fransa ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasından 25 il keçir. Fransa ilə bütün strateji sahələrdə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biridir: «Prezident İlham Əliyev də Fransa ilə əlaqələrin inkişafına xüsusi diqqətlə yanaşıb. Onun prezidentliyi dövründə Fransa-Azərbaycan əlaqələri daha da inkişaf edib, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad güclənib».

Müəllif yazır ki, Azərbaycan Fransanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır, Azərbaycanda 50-dən çox Fransa şirkəti çalışır.

Yazıda dövlət başçısı İlham Əliyevin hazırda davam edən Fransa səfərinə də toxunulur. Müəllif hesab edir ki, bu səfər siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Yazıda qeyd edilir ki, Azərbaycan və Fransa arasında çoxsaylı humanitar tədbirlər də həyata keçirilib. Bu sahədə Luvr Muzeyində İslam incəsənəti bölməsinin yaradılması və Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti xüsusi olaraq vurğulanır.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

KƏNDLİNİN QAYĞILARI...

Azadliq.info saytında dərc edilən «Hakimiyyət kəndlidən nə istəyir?» sərlövhəli məqalədə iqtisadçı-ekspert Vahid Məhərrəmovun ölkədə kənd təsərrüfatının vəziyyəti ilə bağlı fikirlərinə yer verilib.

V.Məhərrəmov deyib ki, Azərbaycanda aqrar siyasəti şəxsi maraqlarını daha üstün tutan korrupsioner məmurlar müəyyən edir. Bu sahəyə rəhbərlik də məhz onların əlindədir.

Ekspert qeyd edib ki, Azərbaycan coğrafi baxımdan çox uğurlu bir məkanda yerləşir. Burada aqrar sahənin inkişafından ötrü lazım olan bütün amillər var: «İqlim tiplərinin təsiri altında fərqli torpaq örtüyü formalaşmışdır ki, bu da Azərbaycanda çoxlu sayda bitkiçilik məhsullarının istehsalını, kənd təsərrüfatının inkişafını və şaxələndirilməsini şərtləndirir».

Ancaq ekspert hesab edir ki, ölkədə kənd təsərrüfatının bir sıra problemləri var. Ekspert vurğulayır ki, torpaqların deqradasiyaya məruz qalması, maliyyələşmə və kredit proqramlarına çıxışın azlığı da bu sahəni inkişaf etməyə qoymayan səbəblər sırasındadır. Üstəlik, üzvi və mineral gübrələrin əldə edilməsində də süni problemlər mövcuddur.

Yazıda deyilir ki, dövlət məmurları belə problemləri həll etmək əvəzinə, torpaq sahiblərinə təzyiqlər edirlər. Bununla kəndliləri pay torpaqlarından bezdirmək istəyirlər. Məqsəd, onun fikrincə, əhalinin torpaqlarını ələ keçirməkdir.

Bazar
Bazar

ÇƏRƏZLƏRİN QİYMƏTİ 100 FAİZ BAHALAŞIB

«Novoye Vremya» qəzetində «Bayram öncəsi artıq qiymət qalxmasının qarşısını almaq olmaz» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Novruz bayramı yaxınlaşdıqca, ərzağın qiyməti artmağa başlayıb: «Bu, təkcə qiymət artımı deyil, bu, qiymətlərin əhalinin maliyyə imkanlarını artıq üstələməsi deməkdir».

Yazıda vurğulanır ki, keçən illə müqayisədə çərəzlərin qiyməti 100 faizə qədər qalxıb, sümüksüz ətin bir kiloqramı 14 manata yüksəlib.

Müəllifi hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalar səmərəsizdir. Onun fikrincə, yarmarkalarda qiymətlər bazardan elə də fərqlənmir. Üstəlik, yarmarkalarda əksər məhsulların keyfiyyəti aşağı olur.

Yazıda mövzu ilə bağlı ekspertlərin fikirlərinə də yer verilib. Ekspertlərin hesablamalarına görə, bu il Novruz süfrəsi minimum 200 manata başa gələcək.

İlham Şaban
İlham Şaban

NEFT GƏLİRLƏRİ AZALIR

«Exo» qəzetində «Azərbaycan 2017-ci ildə neft satışından nə qədər qazanc əldə edəcək?» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, neftin qiymətində son aylar müəyyən artım gözə çarpır. Ancaq bir çox iqtisadçılar hesab edirlər ki, bu qiymət bir neçə il öncəki həddə çatmayacaq.

Ekspert İlham Şaban qəzetə deyib ki, neft satışından gələn gəlirlər sürətlə azalmaqdadır: «Buna inanmaq üçün son bir neçə ilin statistikasını nəzərə çatdırmaq yetərlidir. Belə ki, 2014-cü ildə neft satışından gələn xalis gəlir 15 milyard dollar idisə, 2015-ci ildə bu 7 milyard dollara enib. 2016-cı ildə isə 5.1 milyard dollar təşkil edib. Yəni, iki il ərzində gəlir 3 dəfə azalıb».

İ.Şaban deyib ki, bu il neftin qiymətinin nisbətən yüksəlməsi ilə «Azəri-Çıraq-Günəşli» yataqlarından əldə edilən gəlir artıb. Ancaq hasilat ildən-ilə azalmaqdadır.

Ekspert hesab edir ki, neftin qiyməti dünya bazarında 55 dollar həcmində qalarsa, Azərbaycan 2017-ci ildə də neft satışından, ötən il olduğu kimi, 5.1 milyard dollar qazanacaq.

Müəllif beynəlxalq maliyyə institutlarının proqnozlarına istinadən qeyd edir ki, 2020-ci ildə neftin bir barrelinin qiyməti 65-80 dollar arasında dəyişəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG