Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:19

ABŞ-ın baş prokuroru rus səfiriylə görüşlərini gizlədirmiş?


Jeff Sessions
Jeff Sessions

Bu gün – martın 2-də Qərb mətbuatının əsas mövzusu ABŞ-ın prokuroru Jeff Sessions-un rus səfiriylə görüşləri, daha doğrusu, bu görüşlər haqda indiyə qədər susmasının doğurduğu səs-küydür.

SƏFİRLƏ 2 DƏFƏ GÖRÜŞÜB

«The Washington Post» qəzeti yazır ki, keçən il, hələ senator olanda J.Sessions Rusiyanın ABŞ-dakı səfiri Sergei Kislyak-la 2 dəfə görüş keçirib. Ancaq prokuror vəzifəsinə təyinatıyla bağlı dinləmələrdə bu haqda heç nə deməyib. Hətta D.Trump-ın seçki kampaniyası müşavirlərinin ruslarla əlaqəli olub-olmaması haqda suala «xəbərim yoxdur» - deyə cavab veribmiş.

Prokurorluğun sözçüsü Sarah Isgur Flores deyib ki, J.Sessions-ın cavabı kimsəni çaşdırmamalıdır: «Dinləmələr zamanı ona senator kimi keçirdiyi görüşlər haqda deyil, Trump-ın seçki kampaniyası müşavirləriylə ruslar arasındakı əlaqələr barədə sual veriblər». S.Flores Senatın Silahlı Xidmətlər Komitəsinin üzvü kimi J.Sessions-un keçən il 25-dən çox ölkənin səfiriylə görüşdüyünü vurğulayıb.

Amma «The Washington Post» qəzeti J.Sessions-ın rus səfiriylə sentyabrda, kəşfiyyatın dediyinə görə, seçkiyə müdaxilənin ən qızğın dövründə, həm də təklikdə görüşdüyünü yazır.

Sergei Kislyak
Sergei Kislyak

20 SENATOR SƏFİRLƏ GÖRÜŞMƏDİYİNİ DEYİR

Yayda isə senator «Heritage» Fondunda çıxış edəndən sonra bir neçə ölkənin səfiri ona yanaşıb və Rusiyanın səfiri S.Kislyak da onların arasında olub. Prokurorluq rəsmilərindən birinin qəzetə verdiyi məlumata görə, az sonra J.Sessions bir neçə səfirlə, o cümlədən S.Kislyakla ayrılıqda görüşüb.

Maraqlıdır ki, rusların ABŞ-da prezident seçkilərinə müdaxiləsini araşdıran əsas fiqurlardan biri elə prokuror J.Sessions-dur. İndi konqresmenlər J.Sessions-un bu araşdırmalardan təcili kənarlaşmasını istəyirlər. O bu çağırışlara, hələ ki, cavab verməyib.

«The Washington Post» qəzeti Senatın Silahlı Xidmətlər Komitəsinin bütün üzvlərinə – 26 senatora müraciət edib, J.Sessions-dan başqa daha hansı komitə səlahiyyətlisinin S.Kislyak-la görüşüb-görüşmədiyini öyrənmək istəyib. Qəzet dünənə – martın 1-nə senatorlardan 20-nin onlara cavab göndərdiyini, səfirlə keçən il ərzində görüşmədiklərini bildirdiklərini yazır.

«BU, RUSLARI MARAQLANDIRA BİLƏRDİ»

Əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) çalışmış və Rusiyayla bağlı əməliyyatlara rəhbərlik etmiş Steven Hall qəzetə müsahibəsində deyib ki, J.Sessions-un komitədəki rolu və D.Trump-ın müşavirlərindən biri olması rusları maraqlandıra, onunla əlaqə yaratmağa sövq edə bilərdi.

Keçən ay «The Washington Post» qəzeti Ağ evin təhlükəsizlik müşaviri Michael Flynn-in Rusiya səfiriylə görüşüb, sanksiyalar məsələsini müzakirə etdiyini yazmışdı. Bir həftə sonra müşavir vəzifəsindən istefa verdi.

J.Session-un isə, hələ ki, tədqiqatlardan uzaqlaşdırılmasını tələb edirlər. Senatın Kəşfiyyat Komitəsinin demokratlarından Adam Schiff deyib ki, bu, sadəcə, çağırış deyil, J.Sessions-un araşdırmadan kənar durması şərtdir.

XS
SM
MD
LG