Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 09:22

Hüquq müdafiəçisi: 'Son günlər 40-dan çox şəxs saxlanıb'


Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti, son vaxtlar artan inzibati həbslər, şair Mikayıl Müşfiqin abidəsinin götürülməsi və ölkədə idxaldan asılılığın davam etməsi bu gün medianın aparıcı mövzusudur ...

MÜTƏRƏQQİ MAARİFÇİLİK

«Azərbaycan» qəzetində «Mütərəqqi maarifçilik missiyasının yeni mərhələsi» sərlövhəli məqalə dərc edilib.

Yazıda birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsindəki fəaliyyəti xüsusi olaraq dəyərləndirilir.

Müəllifə görə, Şərq və Qərb mədəniyyətləri arasında tutulan mövqe, bu iki dünyanın mədəni-intellektual irsinə sahiblik və multikultural dəyərlərə sadiqlik Azərbaycanın dünyada önəmini xeyli dərəcədə artırır: «Bu baxımdan Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın son 13 ildə inamla rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkə rəhbərliyi səviyyəsində keçirilən mədəniyyət diplomatiyasına sanballı töhfələr verib».

Müəllifə görə, M.Əliyevanın birinci vitse-prezident təyin olunması da onun çoxşaxəli fəaliyyətinin nəticəsidir.

Yazıda M. Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi bu baxımdan xüsusi təqdir edilir. Müəllifə görə, bu layihənin məqsədi ölkədə müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq olub. Yazıda vurğulanır ki, son 10 ildə bu çərçivədə 100-lərlə məktəb inşa edilib, yenidən qurulub.

Yazının sonunda da oxuyuruq: «Bu baxımdan cəmiyyətdəki həlledici çoxluq Mehriban Əliyevanın əzmkar səyləri ilə cəmiyyətin sosial, mədəni və intellektual sferalarında kardinal yeniliklərin olacağına ürəkdən inanır və ölkənin gələcəyi baxımından bu uğurlu təyinatı birmənalı dəstəkləyir».

Oktay Gülaliyev
Oktay Gülaliyev

SİZ ÖZÜNÜZ DEYİN...

Azadliq.info saytında «İslahat, yoxsa repressiya?» sualına hüquq müdafiəçisi Oktay Gülaliyevlə cavab axtarılır .

Bu yazıda da hüquq müdafiəçisi M.Əliyevanın birinci vitse-prezident təyin olunmasını dəyərləndirir.

O.Gülaliyev yazır ki, ölkə daxilində bəzi qüvvələr M.Əliyevanın vitse-prezident təyin olunmasını islahatlara başlanğıc kimi qiymətləndirməyə və sübut etməyə çalışırlar. Ancaq yazıda buna bir qədər şübhə bəslənilir: «Apardığımız araşdırmalar göstərir ki, son bir neçə gündə 40-dan çox şəxs qısa- və uzunmüddətli həbsə məruz qalıb. 4 nəfərə cinayət işi açılıb. Qalan şəxslərə isə inzibatı həbs verilib, pul cəriməsi və xəbərdarlıq edilib. Ən səs-küylü həbs Hollandiyada yaşayan siyasi mühacir, bloqqer Orduxan Teymurxanın bacılarının və digər qohumlarının polisə aparılıb incidilməsi oldu».

Hüquq müdafiəçisi daha sonra yazıda bir-bir saxlanma olaylarına toxunur və onun detallarından bəhs edir. O.Gülaliyev yazını elə sualla da başa vurur: «Əldə olan məlumatlara görə, hazırda saxlanma yerlərində daha çox fəal var, sadəcə, onlar ailələrinin də haqsız həbs və başqa cəza tədbirləri ilə üzləşməməsi naminə susmağa, həbslərini ictimailəşdirməməyə qərar veriblər. İndi özünüz deyin: bu həbslər islahatdır, yoxsa cəmiyyətin müqavimətini qırmağa, qorxu xofu yaratmağa hesablanmış repressiya?».

Mikayıl Müşfiqin abidəsi
Mikayıl Müşfiqin abidəsi

BU DAĞIDICILARI KİMSƏ YAD EDƏCƏKMİ?

«Novoye Vremya» qəzetində də «Müşfiqi yenidən repressiyaya məruz qoydular» sərlövhəli məqalə oxumaq olar.

Yazıda tanınmış şair, 30-cu illərinin repressiya qurbanı Mikayıl Müşfiqin İnşaatçılar prospektindəki abidəsinin təmirlə bağlı xəbərdarlıqsız götürülməsi qiymətləndirilir.

Müəllif yazır ki, 1939-cu ildə cəmi 29 yaşında güllələnən şairin 80 il sonra abidəsi «repressiya»ya məruz qalıb.

Yazıda qeyd edildiyinə görə, «Azəravtoyolservis» ASC-dən bildiriblər ki, təmir işləri başa çatdıqdan sonra təkrar abidə yerinə qaytarılacaq. Qurumdan abidənin götürülməsini «xoş niyyət»lə izah ediblər.

Müəllif isə bu cavabı yetərli saymır. Belə «xoş niyyət»lər hesabına Füzuli və «Sovetski» küçələrində bir sıra tarixi abidələrin yerlə yeksan edildiyini vurğulayır.

Yazıda deyilir ki, sökülən, sıradan çıxarılan hər bir abidə xalqın milli sərvətidir. Müəllifin fikrincə, amma bu sərvətin qədri, qiyməti bilinmir.

Müəllif yazır ki, burada problem bunu edənlərin xalq və vətənə münasibətindədir: «Bu dağıdıcılar üçün bizim vətən «bu ölkə», bizim xalq «bu xalq» mərtəbəsindədir. Amma 80 il keçsə də, Müşfiq yad edilir, unudulmur, amma bu dağıdıcıları kimsə yad edəcəkmi?».

İdxal
İdxal

İDXALDAN ASILILIQ DAVAM EDİR

«Exo» qəzetində isə «Azərbaycan 30 faiz idxaldan asılıdır» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, qeyri neft sektorunun inkişafından və iqtisadiyyatın şaxələndirilməsindən danışılsa da, ölkə hələ də idxaldan asılıdır. Ekspert Nəriman Ağayev mövzu ilə bağlı qəzetə bunları bildirib: «Ölkə 30 faiz idxal məhsullarından asılıdır və yaxın gələcəkdə bundan xilas olacağı inandırıcı görünmür. Odur ki, ərzaq təhlükəsizliyi daim gündəlikdə qalmaqda davam edir».

N.Ağayevə görə, ölkə yaxın illərdə heç vaxt özünü yağla, konservləşdirilmiş balıq məhsulları və ətlə təmin edə bilməyəcək: «Bu üç məhsul növü zəruri tələbata aiddir və gələcəkdə də onların idxalı davam edəcək. Bu məhsullar həm də «istehlak səbəti»nə daxildir».

Ekspert hesab edir ki, kosmetika və əczaçılıq vasitələrini ixraca yönəltmək mümkün idi. Amma bu sahəni ələ keçirən bəzi sahibkarlar bu istiqamət üzrə ölkənin ixrac imkanlarını artırmaqda maraqlı deyildirlər.

Ekspert deyib ki, hətta neftin dəyərinin kəskin düşməsinə baxmayaraq, yenə də ixracın böyük bir hissəsini bu xammal təşkil edir: «Bütünlükdə isə ixracdan gələn gəlir maliyyə bazarında durumu sabitləşdirə və milli valyutanın məzənnəsindəki kəskin dəyişmələri dayandıra bilərdi».

Günün bütün mövzuları

XS
SM
MD
LG