Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 03:59

Kommunal qiymətlər 'özbaşına' artır


İlham Əliyev

Ölkənin xarici siyasi kursu, əhalinin vəziyyəti, yeni hündürmərtəbəli binalarda kommunal haqlarının qaldırılması bu gün medianın aparıcı mövzusudur...

UĞURLU XARİCİ SİYASƏT

«Azərbaycan» qəzetində «Milli maraqlara cavab verən çevik və sistemli xarici siyasət» sərlövhəli məqalə dərc edilib.

Müəllif hesab edir ki, dünyada baş verən müxtəlif kataklizmlər mümkün təhlükə və riskləri nəzərə alan xarici siyasət strategiyası həyata keçirməyə ehtiyac yaradır: «Prezident İlham Əliyev məsələnin bu cəhətinə daim diqqət yetirir və bu mənada Azərbaycanın son illərdə beynəlxalq miqyasda əldə etdiyi böyük uğurlar həyata keçirilən düşünülmüş xarici siyasət kursunun nəticəsidir».

Yazıda vurğulanır ki, rəsmi Bakı sistemli xarici siyasət kursu həyata keçir. Müəllif bu siyasətin detallarını belə təqdim edir: «Bunun tərkibində qlobal geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz üçün əlverişli şərait yaradan, ölkənin regionda yerləşən bütün dövlətlərlə əməkdaşlığını təmin edən istiqamətlər var».

Müəllifə görə, xarici siyasət kursunda Qarabağ probleminin həlli prioritet vəzifədir və dövlət başçısı İlham Əliyev bu mənada xarici siyasətdə «hücum strategiyası» müəyyən edib: «Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin xarici siyasətinin prioritetləri qətiyyətlə, inamla həyata keçirilir və praktikada uğurlu nəticələrlə özünü təsdiq edir».

V.Gerasimov və J.Dunford
V.Gerasimov və J.Dunford

«UĞUR DASTANI»

Azadliq.info saytında «Uğursuzluq bolluğunda «uğur» tapıntısı» sərlövhəli məqalə oxumaq olar. Yazıda bu günlər ABŞ və Rusiya hərbi liderlərinin Bakıda keçirilən görüşünün rəsmi təbliğatda Azərbaycanın uğuru kimi təqdim edilməsi dəyərləndirilir.

Müəllif qeyd edir ki, hakimiyyəti müdafiə edənlər, bir qayda olaraq, «müxalifət hər şeyi qara rəngdə görür, uğurları görmür» ittihamlarına ara vermirlər: «İstəyirlər ki, manatın 150 faiz dəyər itirməsini, ərzaq məhsullarının 50 faiz bahalaşmasını, kommunal xərclərin sürətlə artmasını görməzdən gələk. Əvəzində 10 manat maaş artımına sevinək, Lapshin-in ölkəyə gətirilməsini bayram edək, 24 il öncə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə görə hökumətə tərif yağdıraq».

Müəllif hesab edir ki, 116 manat minimum əməkhaqqı alan vətəndaşın qara gününü kənara qoyub, Lady Gaga-ya 1 milyon dollar qonorar verilməsini «ağ rəng» kimi qəbul etmək olmaz: «Bir neçə gündür telekanallar, rejim mətbuatı, sinəsi medallı ağsaqqallar iki generalın ölkəyə gəlməsini bayram kimi qeyd edirlər. Sən demə, ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Joseph Dunford-la Rusiya Federasiyasının baş qərargah rəisi Valery Gerasimov-un Bakıda görüşməsi uzaqgörən siyasətin nəticəsiymiş».

Müəllifə görə, ölkədə uğursuzluq o qədər çoxalıb ki, hakimiyyət hansısa bloqqerin tutulmasını, iki nəhəng ölkənin hərbi liderinin görüş yeri kimi Bakını seçmələrini toy-bayram kimi təqdim edir.

Yazıda vurğulanır ki, həmin generallar Azərbaycanın problemlərini çözməyə gəlməmişdilər: «Biz bu görüşün Azərbaycanda keçirilməsini mənfi saymırıq, sadəcə, bundan böyük uğur dastanı düzəldib, cəmiyyətə yalançı ümidlər verməyin əleyhinəyik».

Müəllifə görə, Qarabağ münaqişəsinin həllinə məhz Rusiya əngəl törədir. Yazıda qeyd edilir ki, hər gün Rusiyadan Bakıya 8 general gəlsə belə, bunun Azərbaycana xeyri olmayacaq.

Bina.
Bina.

BƏZİ BİNALARDA KOMMUNAL QİYMƏTLƏR ARTIB

«Exo» qəzetində «Bakının yeni hündürmərtəbəli binalarında kommunal xidmətlərin qiyməti artırılıb» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, yeni tikilmiş binalara baxan bəzi şirkətlər hətta qiymətləri iki dəfəyə yaxın artırıblar.

«Əgər bina istismara verilibsə və icra hakimiyyətinin balansına keçibsə, tikinti şirkəti kommunal xidmətə görə qiymətləri qaldıra bilməz. Amma binada cəmi bir neçə mənzil satılıbsa və bina tam istismara verilməyibsə, tikinti şirkəti qiyməti artıra və ya endirə bilər. Situasiyanı dəyərləndirə bilmək üçün binanın icra hakimiyyətinin balansına keçib-keçmədiyini aydınlaşdırmaq əsas məsələdir»,-deyə ekspert Rəşad Əliyev qəzetə bildirib.

Ekspert hesab edir ki, kommunal xidmətlərə görə qiymətləri bahalaşdıran tikinti şirkətləri, görünür, bu yolla elektrik enerjisi və qazla bağlı məsrəflərini kompensasiya etmək istəyirlər.

Ekspertə görə, bu, bina istismara verilmədiyi halda mümkündür.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da deyib ki, tikinti şirkətləri vəziyyətdən istifadə edərək kommunal xidmətlərin qiymətlərini artırıblar: «Nəticədə vətəndaşlar əziyyət çəkirlər. Belə yanaşma düzgün deyil və AİB belə qərarların əleyhinədir».

E.Hüseynov deyib ki, tikinti şirkətləri əhalinin də vəziyyətini nəzərə almalıdırlar: «Təəssüf ki , tikinti şirkətləri ancaq özlərinə əlverişli olan qiymətlər müəyyən edirlər. Bundan əlavə, bəzi tikinti şirkətləri mənzil sahəsini olduğundan artıq göstərməklə vətəndaşlardan əlavə pul alırlar».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG