Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:28

'Azərbaycanda iqtisadi nəzəriyyələr alt-üst olur'


Bakı
Bakı

Ölkədəki iqtisadi islahatların dəyərləndirilməsi, prezidentin özünün «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərmanına dəyişiklik etməsi və manat bahalaşsa da, qiymətlərin ucuzlaşmaması bu gün medianın aparıcı mövzusudur...

YENİ İSLAHATLAR

«Azərbaycan» qəzetində «Yeni islahatlar kursu beynəlxalq aləmdə təqdir olunur» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, bir çox dünya ölkələri bank-maliyyə sistemini bürüyən böhrandan, hələ də, çıxa bilməyib. Azərbaycanda isə sosial-iqtisadi siyasət müsbət nəticələr verir: «Dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi yönündə həyata keçirilən islahatlar ölkənin dayanıqlı inkişafını təmin edib. Prezident İlham Əliyev Azərbaycanı enerji resurslarından asılı olmayan güclü dövlətə çevirmək məqsədini, sadəcə, bəyanatlarla ifadə etmir, onun icra mexanizmlərinin müəyyən olunması yolunda konkret addımlar atır».

Müəllif hesab edir ki, «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi»nin təsdiq olunması bu yolda əsas sənəddir.

Yazıda vurğulanır ki, Azərbaycanda aparılan islahatlar beynəlxalq qurumların da hesabatlarında əksini tapır. Müəllifin yazmasına görə, islahatlar təqdir edilir: «Respublikanın əldə etdiyi uğurların ən nəhəng reytinq qurumları və maliyyə institutlarının hesabatlarında əksini tapması ölkədə aparılan islahatların uğurlarından xəbər verir».

İlham Əliyev
İlham Əliyev

«SUSMAQ QIZIL DEYİL»

Azadliq.info saytında «Bir fərmandan çıxan nəticə» sərlövhəli məqalədə bu günlər prezident İlham Əliyevin özünün bir ay əvvəl «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərmanına dəyişiklik etməsi dəyərləndirilir.

Həmin sənədə əsasən, məcburi köçkünlərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılırdı. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək.

Dəyişikliklərdə isə qeyd edilir ki, fərdi qaydada sayğacların quraşdırılması mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerində təbii qazla təmin olunmayan məcburi köçkünlər istisna təşkil edəcək.

Müəllif yazır ki, məcburi köçkünlər etiraz aksiyasına başladıqlarından prezident fərmanına belə düzəliş etmək məcburiyyətində qaldı.

Yazıda vurğulanır ki, əgər böyük xalq etirazları olsaydı, ölkənin sərvətləri talanmazdı: «17000 tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetdən kənarlaşdırılanda, 13500 şəhid ailəsi «qan pulu»nu ala bilməyəndə, seçkilər rüsvayçı şəkildə saxtalaşdırılanda, saysız-hesabsız korrupsiya faktları ortaya çıxanda vətəndaşlar etiraz etsəydi, bu gün tamam fərqli bir Azərbaycanı müşahidə edərdik».

Müəllif yazır ki, hökumət qarşısında hesabat verəcəyi qüvvəni görməyəndə, çox arxayınlaşır və neftdən gələn 140 milyard dolları istədiyi kimi xərcləyir: «Xülasə, ölkə başçısının sərəncamından çıxan nəticə budur ki, problemlərin həlli xalqdan asılıdır, yoxsa problem yaradanlar «fəaliyyət»lərini davam etdirəcəklər».

Əkrəm Həsənov
Əkrəm Həsənov

BANKLARIN SAYI AZALA BİLƏR

«Exo» qəzetində «Azərbaycan vətəndaşları ölkə banklarını ləğvə aparır» sərlövhəli məqalədə ölkə banklarındakı durum ekspertlərlə müzakirə edilir.

«Baxmayaraq ki, son vaxtlar manatın mövqeyi möhkəmlənib və bankların fəaliyyəti normal məcraya dönüb, bununla belə, Azərbaycan banklarında depozitlərin həcmi azalmaqda davam edir. Hamı başa düşür ki, bu proseslər qısamüddətlidir və hamı da çalışır ki, əmanətlərini banklardan geri çəksin»,- deyə ekspert Əkrəm Həsənov qeyd edib.

Əkrəm Həsənov deyib ki, banklardakı depozitin azalması davam edəcəksə, banklar bu proses qarşısında çox çətin duruş gətirəcəklər: «Hökumət bu meyli nə qədər dayandırmağa cəhd etsə də, bu onun gücü daxilində deyil».

Ekspert Vüqar Bayramov da deyib ki, əhalinin banklara inamı azalıb: «Statistika göstərir ki, əhali öz bank əmanətlərini geri çəkir, depozit hesablarını bağlayır. Əmanət həcmi 2015-ci ildəki 9 milyard manatdan 7 milyard manata enib. Keçən il daha 500 milyon manat azalma baş verib».

Yazıda qeyd edilir ki, keçən il ölkədə 10-dan çox bank bağlanıb. Proses belə davam edərsə, yeniləri də həmin siyahıya daxil edilə bilər.

Valyutadəyişmə məntəqəsi.
Valyutadəyişmə məntəqəsi.

DEVALVASİYA QAÇILMAZDIR

Musavat.com saytında isə «Manatla bağlı təzadlı gəlişmə» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, son həftələr manat dollara nisbətən dəyər qazanır. Ancaq ekspertlər bunu müvəqqəti hal kimi dəyərləndirirlər: «Üstəlik, son hərraclarda inzibati yoldan istifadə, manata daha ciddi problem yarada bilər. Bir çox ekspertlər tezliklə devalvasiyanın olacağını da qaçılmaz hesab edirlər».

Müəllif yazır ki, manat dollara nisbətdə 20 qəpik bahalaşıb, ancaq bu qiymətlərdə çox cüzi hiss olunur.

Ekspert Natiq Cəfərli qəzetə deyib: «Dəyişiklik o qədər cüzidir ki, alqı-satış qiymətlərinə təsir edəcək səviyyədə deyil. Sadəcə, oyunun davamı kimi son hərracda da dolları 1.7301-dən 1.7296-ya qədər saldılar. Ciddi bir məzənnə dəyişikliyi deyil. Bazardakı məzənnəyə ciddi təsir edəcəyini düşünmürəm. Sadəcə, psixoloji amildir, əhalinin bir qismində «manat hələ də bahalaşa bilər» gözləntisi üçün atılmış addımdır».

Ekspertin deməsinə görə, son hərraca 35 milyon dollar vəsait çıxarılıb. Ancaq tələb 37 milyon dollar olub.

N.Cəfərli deyib ki, tələb təklifi üstələsə də, məzənnə düşməyib, manat ucuzlaşmayıb, əksinə, bahalaşıb: «Bu, iqtisadi nəzəriyyələri alt-üst edə biləcək bir yanaşmadır. Əgər tələb daha çox idisə, bu gün normalda dolların məzənnəsi, az da olsa, artmalı idi. Ancaq əks proses baş verirsə, deməli, inzibati qaydada müdaxilələrin davam etməsinə çalışırlar».

XS
SM
MD
LG