Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:40

Ekspert: 'Bəzi insanların 10 banka borcu var'


İlham Əliyev hərbi təlimlərdə.
İlham Əliyev hərbi təlimlərdə.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdış, inanclı insanların həbsi, ölkə əhalisinin banklardan asılılığı və saxta əmtəə bu gün medianın aparıcı mövzusudur...

BÖYÜK QAYIDIŞI BAŞLADAN PREZİDENT

«Azərbaycan» qəzetində dərc edilən «Böyük qayıdışı başladan prezidentimiz, var olun!» sərlövhəli məqalədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət başçısı İlham Əliyevin sərəncamı dəyərləndirilir.

Müəllif yazır ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam ölkə vətəndaşlarında, orduda böyük ruh yüksəkliyi yaradıb və məcburi köçkünlərdə doğma torpaqlarına qayıdacaqları günün uzaqda olmadığı ilə bağlı inam hissini daha da gücləndirib: «Böyük qayıdışın başlanğıcı olan bu sərəncam eyni zamanda xalqımız, xüsusən də məcburi köçkünlər üçün olduqca xoş müjdədir».

Müəllif bildirir ki, sərəncama uyğun olaraq Cocuq Mərcanlıda, hələlik, 50 fərdi yaşayış evinin, məktəb binasının tikilməsi və müvafiq infrastrukturların yaradılması nəzərdə tutulur. Yazıda artıq 190 ailənin doğma yurda dönməkdən ötrü müraciət etdiyi vurğulanır.

Müəllif hesab edir ki, kəndin bərpası bütünlükdə Cəbrayıl rayonunun yenidən qurulacağının rəmzidir: «Bu, böyük yolun başlanğıcıdır! Gün gələcək, dövlət başçısı Xankəndiyə, Xocalıya, Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına qayıdışla bağlı sərəncamlar imzalayacaq!».

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal edilib, bir il sonra işğaldan azad edilib.

Əhsən Nuruzadə
Əhsən Nuruzadə

İTKİN «BANDOTDEL»DƏN TAPILIR

Azadliq.info saytında ««Bandotdel» nəyin qisasını alır?» sərlövhəli məqalə oxumaq olar.

Zümrüd Yağmurun müəllifi olduğu yazıda hazırda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırovun bu günlər bir tərəfdarının itkin düşməsindən vəsonra onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (Bandotdel) tapılmasından bəhs edilir.

Müəllif qeyd edir ki, həmin şəxsin-Əhsən Nuruzadənin yerini öyrənməkdən ötrü onun vəkili günlərdir həm polis idarələrinə, həm də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər etmişdi. Müəllif daha sonra sual edir: «Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi niyə bu qədər aqressiv davranır? Bu, «Nardaran işi» məhkəməsində uğradığı iflasın acığı olmasın?!».

Zümrüd Yağmur yazır ki, Taleh Bağırovun tərəfdarlarının təqib edilməsi, həbsi bu qurumun az qala hobbisinə çevrilib: «Əhsən Nuruzadənin 6 gün oğurlanıb yaxınlarına və vəkilinə heç bir məlumat verilməməsi, sonra da «əməkdaşımıza müqavimət göstərdi» ittihamı ilə 10 sutka azadlıqdan məhrum edilməsi elə rahatlıqla söylənilir ki, sanki elə belə də olmalıdır. Bəlli olub ki, Əhsən bəydən bir çox adamlarla əlaqəsi və Taleh Bağırovu niyə müdafiə etdiyi barədə soruşublar... Axı niyə anlamaq istəmirsiniz ki, insanları həbs edib onları şərləmək, insanların dini inanclarına qarşı açdığınız savaş bu gün ölkədə qütbləşməni və gərginliyi artırmaqdan başqa heç nəyə xidmət etmir?!».

Əkrəm Həsənov
Əkrəm Həsənov

ƏHALİNİN 1/3-İ BANKLARA BORCLUDUR

«Exo» qəzetində «Azərbaycanın hər üç vətəndaşından biri banklara borcludur» sərlövhəli məqalə diqqət çəkir.

Ekspert Əkrəm Həsənov bu mövzunu qəzetə belə şərh edib: «Hazırda Azərbaycanda 2.5 milyon nəfərə yaxın adam banklara borcludur. Ölkədə yaşayanların, az qala, hər üçündən birinin banklara borcu var. Çoxları əvvəlcə bir bankdan kredit götürüblər. Sonra başqa bir bankdan köhnə borcları bağlamaqdan ötrü kredit götürüblər və bu, devalvasiyaya qədər belə davam edib».

Ə.Həsənov deyib ki, başçılıq etdiyi hüquq firmasına elə şəxslər müraciət edirlər ki, onların 10 banka borcu var. Onun bildirməsinə görə, adətən belə şəxslər ancaq faizləri ödəyə bilir. Borcun məbləği o qədər də dəyişmir. Belə olan halda problemli kreditləri azaltmaq müşkülə çevrilir.

Ə.Həsənov vurğulayıb ki, çoxları təkcə banklara yox, lombardlara və ticarət şəbəkələrinə də borcludur.

Digər ekspert Nəriman Ağayev də deyib ki, Azərbaycanda bir çox ailələrin iki və daha çox banka krediti var: «Azərbaycan xalqı banklardan təkcə pul götürmür, habelə kreditə telefon, mebel, avtomobil, ipoteka ilə mənzil alır. Vətəndaşlar faktiki kreditlərlə yükləniblər və müxtəlif reklam çarxları insanları banklar önündə daha çox borca batmağı stimullaşdırır».

Alkoqol içkilər.
Alkoqol içkilər.

SPİRTLİ İÇKİLƏRİN 95 FAİZİ SAXTADIR

Bizimyol.info saytında «Bazar saxta, zərərli məhsullarla dolub daşır» sərlövhəli məqalə yer alır.

Ekspert Eyyub Hüseynov deyib ki, ölkə bazarlarında kifayət qədər arzuolunmaz məhsullar var. Bu da ölkədə xəstələrin sayını artırır: «Bizim nə yediyimizin cavabını apteklərdə görmək olar. Azərbaycanda apteklər şəbəkəsi digər ölkələrdən 20 dəfə çoxdur. Klinikalarda növbələr, müalicə üçün xaricə gedənlərin sayı kifayət qədər çoxdur».

Ekspertə görə, ölkədə onkoloji xəstələrin sayının artması, uşaq ölümlərinin Avropa ölkələrindən çox olması və əksər xəstəliklərin cavanlaşması heç də təsadüfi deyil.

E.Hüseynov vurğulayıb ki, ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur.

Ekspert bununla bağlı layihə hazırlanıb aidiyyəti qurumlara təqdim edildiyini də bildirir: «Ancaq hökumət belə bir qanun qəbul etmək istəmir. Biznes qurumlarına yaradılan toxunulmazlıq şəraitindən eninə-uzununa istifadə edərək, istehlakçını aldadırlar. İnsan orqanizmi üçün zərərli olan qidaları bazara çıxarırlar».

Ekspertə görə, spirtli içki bazarında məhsulların 95 faizi saxtadır.

E.Hüseynov deyib ki, yağ, sərinləşdirici içkilər və şirələr bazarı da bərbad gündədir. Ekspert vurğulayıb ki, bazarda kərə yağı adından saxta yağlar satılır və bunu müəyyən etməkdən ötrü onun qiymətinə fikir vermək kifayətdir.

XS
SM
MD
LG