Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:23

Minimal əməkhaqqı 300 manat olmalıdır, amma…


Bayraq meydanı
Bayraq meydanı

«Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə inkişafın istiqamətlərinə dair Strateji Yol Xəritəsi», Cocuq Mərcanlı kəndində əhalinin məskunlaşdırılması və minimal əməkhaqqının artırılması təklifləri bu gün medianın aparıcı mövzularıdır...

İQTİSADİ İNKİŞAF PROQRAMI

«Azərbaycan» qəzetində «Fundamental inkişaf proqramı» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, 2016-cı ilin dekabrında açıqlanmış «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə inkişafın istiqamətlərinə dair Strateji Yol Xəritəsi» Azərbaycanın davamlı inkişaf modelinə keçid konsepsiyasıdır.

Məqalədə qeyd edilir ki, sənəd iqtisadi təhlükəsizliyi təmin və onun əsas inkişaf istiqamətlərini müəyyən edir: «Ümumilikdə Strateji Yol Xəritəsinin hazırlanması ölkəmizin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin sistemli və kompleks təhlilinin, dəyərləndirilməsinin, reallaşma mexanizmlərinin əsaslı surətdə yeniləşməsini tələb edir».

Müəllifə görə, iqtisadi inkişaf strategiyasının işlənib hazırlanması və qəbulu ölkənin davamlı inkişafının təmin edilməsinin ilkinşərtidir.

Məqalədə deyilir ki, bu sənədlə qarşıya rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması qoyulub: «Bütün bunlar onu deməyə əsas verir ki, milli iqtisadiyyatın bütün sahələrində keyfiyyət, məzmun və forma baxımından yeni inkişaf mərhələsi başlanır. Bu sənəd Azərbaycan iqtisadiyyatının postneft dövründə tamamilə yeni əsaslar üzərində inkişaf etməsini şərtləndirir».

İlham Əliyev Ağdamda.
İlham Əliyev Ağdamda.

HƏRBİ RİTORİKANIN SONU?

Azadliq.info saytında «Hökumət Cocuq Mərcanlıda uşaq oyunları təşkil edir» sərlövhəli məqalə oxumaq olar. Yazıda rəsmi Bakının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin ora köçürülməsi ilə bağlı siyasəti müzakirə edilir.

Müəllif hesab edir ki, 1994-cü ildə azad edilən bu kəndə indi məskunlaşdırılma siyasəti heç də xoş niyyətdən xəbər vermir: «Böhran qapını kəsdirib, insanlara yeni nəsə deyib onların başını qarışdırmaq lazımdır. Bu əsnada Cocuq Mərcanlı kəndini «vətənpərvər» bir hakimiyyətin varlığı faktı kimi insanların gözünə soxmaq tam yerinə düşür».

Yazıda vurğulanır ki, bu kəndin bərpası məqsədilə ayrılan vəsaitin də gələcək taleyi şübhəli görünür: «Əsas odur ki, hansısa məbləğdə pullar ayrılacaq, bu vəsait hansısa dövlət orqanlarının, məsələn «Qaçqınkom»un sərəncamına veriləcək. Həmin vəsaitin sonrakı taleyindən məlumat olmayacaq».

Müəllif hesab edir ki, əhalinin Cocuq Mərcanlıya qayıtması heç də böyük uğur deyil. Üstəlik, bu addım Qarabağın hərbi yolla azad edilməsi xəttinin sonu deməkdir.

Rəsmi Bakı «Münaqişə sülh yolu ilə həll olmasa, hərb yolu ilə Qarabağı azad edəcəyik» ritorikasını tez-tez təkrarlayır. Müəllifə görə, indi yürüdülən siyasətlə bu ritorika heç də üst-üstə düşmür.

Müəllif yazır ki, hərbi vətənpərvərlikdən ağız dolusu danışan insanlar özlərini qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların yerinə qoysalar, yaxşı olar…

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

ƏMƏKHAQQININ ARTIRILMASININ ZİYANI

«Exo» qəzetində «Yüksək minimal maaşın Azərbaycan üçün əcaib nəticələri» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkədə minimal əməkhaqqının qaldırılma ehtimalı və onun nəticələri təhlil edilir.

Ekspert Oqtay Haqverdiyev deyib ki, ölkədə xeyli insanın aldığı əməkhaqqı minimal əməkhaqqıdan bir qədər çoxdur. Minimal əməkhaqqı isə 116 manata bərabərdir. Onun fikrincə, minimal əməkhaqqını çox yüksəltmək də olmaz. Çünki, o haldainflyasiya da özünü çox gözlətməyəcək: «Adəti üzrə minimal əməkhaqqını 2016-cı ilin yekunlarına görə, inflyasiya göstəriciləri ilə eyni səviyyəyə qaldırıblar. Dövlətin minimal əməkhaqqını qaldırmaq üçün imkanları var, amma bunun nəticələri dəhşətli ola bilər. İqtisadiyyat ilbəil tənəzzülə getdiyi halda, əlbəttə minimal əməkhaqqını qaldırmaq olmaz».

O.Haqverdiyev vurğulayıb ki, hökumət xoş zamanlarda bu məsələyə diqqət yetirsəydi, vəziyyət indi kimi acınacaqlı olmazdı. Onun fikrincə, əslində, minimal əməkhaqqı ölkədə orta aylıq əməkhaqqının 80 faizinə bərabər olmalıdır. Bu isə minimal əməkhaqqını azı iki dəfə artırılması deməkdir.

O.Haqverdiyev hesab edir ki, inflyasiya artsa, əmtəə və xidmətlərin qiymətləri bahalaşacaq. Bu, pul kütləsinin artmasına və avtomatik şəkildə alıcılıq qabiliyyətinin enməsinə səbəb olacaq.

Ekspert deyib ki, əhalinin real pul gəlirlərini çoxaltmaqdan ötrü ölkə iqtisadiyyatının illik artımı 4-5 faiz təşkil etməlidir.

İqtisadçı Fuad Əlizadə da deyib ki, minimal əməkhaqqı 300 manat həcmində, yəni, indikindən iki dəfə yarım çox olmalıdır. Ancaq o da hesab edir ki, bu halda inflyasiyanı da cilovlamaq mümkün olmayacaq.

XS
SM
MD
LG