Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:03

Ekspert: 'Hədəf dolları 2 manata çatdırmaqdır'


İlham Əliyev Ağdamda.

Dövlət başçısı İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası barədə sərəncamı, manatın məzənnəsinin sürətlə düşməsi, ölkədə demokratiyanın və təhsilin səviyyəsi bu gün medianın aparıcı mövzusudur...

«BÖYÜK QAYIDIŞ»

«Azərbaycan» qəzetində dərc edilən «Heydər Əliyevin geri aldığı kəndə İlham Əliyev qayıdışı təmin etdi» sərlövhəli məqalədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması barədə dövlət başçısının bu günlərdə imzaladığı sərəncam dəyərləndirilir.

Müəllif bu hadisəni «böyük qayıdış»a start verilməsi adlandırır: «Həmişə inanmışıq ki, ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcək! Bu gün də əminik ki, Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri prezident İlham Əliyev uğurla davam etdirərək gözlənilən və istənilən nəticəyə nail olacaq!».

Məqalədə qeyd edilir ki, kənddə abadlıq işlərinin aparılmasından ötrü Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 4 milyon manat ayrılıb.

Müəllif hesab edir ki, bu «qayıdış»ın əsası 1993-cü ildə keçmiş prezident Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mümkün olub.

Məqalədə bir kəndin azad olunması obrazlı şəkildə belə ifadə olunur: «Gedənlər heç də geri dönmək niyyətində deyillər, çünki yaxşı bilirlər ki, indi yaşadıqları torpaqların sahibi var və əsl sahiblər qayıdacaqlar, artıq qayıdırlar! Prezident İlham Əliyevin 24 yanvar tarixli sərəncamı isə həmin qayıdışın başlanğıcı, ilkidir!».

Mətbuat azadlığı. Karikatura.
Mətbuat azadlığı. Karikatura.

DEMOKRATİYAYA GÖRƏ «2»

«Novoye Vremya» qəzetində «Demokratiyaya görə Azərbaycan yenə tənqid olundu» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, «The Economist Intelligence Unit» beynəlxalq təşkilatı 165 ölkə arasında demokratiyanın səviyyəsinə görə Azərbaycana 148-ci yeri verib. Bu, Afrika ölkələri ilə bir sırada olmaq deməkdir.

Yazıda xatırladılır ki, indeksin tərtibi zamanı seçki prosesi, plüralizm, vətəndaş azadlıqları və hökumətin fəaliyyəti kimi kateqoriyalar əsas götürülür.

Müəllif hesab edir ki, dünyada demokratiyanın genişlənməsində maraqlı olan güclər buna davamlı, gündəlik iş kimi baxmırlar: «Ancaq özlərinə aid olanda, bu məsələ yada düşür. Odur ki, bu güclərin Azərbaycanda demokratiyanın güclənməsini istəmələri inandırıcı görünmür».

Bununla belə yazıda vurğulanır ki, Azərbaycanda demokratik institutları inkişaf etdirmək ölkənin öz inkişafından ötrü vacibdir. Müəllif hesab edir ki, demokratiya ümumbəşəri dəyərlərdir və inkişafına ehtiyac var.

Yazıda vurğulanır ki, Azərbaycan həm öz milli maraqlarını düşünməlidir, həm dəcəmiyyətdə demokratik institutları inkişaf etdirməlidir: «Odur ki, insan haqları Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Bu haqların müdafiəsinə isə ölkədə ancaq demokratik islahatlar aparılması ilə nail olmaq mümkündür. Müstəqil məhkəmə sistemi vətəndaşların hüquq və azadlıqlarının qarantıdır».

Dollar.
Dollar.

DOLLAR 2 MANATA YAXINLAŞIR...

Musavat.com saytında «Dollar 2 manata yaxınlaşır-manat dəyərdən düşmə sürətini artırıb» sərlövhəli məqalə oxumaq olar.

Yazıda vurğulanır ki, bu proses ölkə iqtisadiyyatına böyük problemlər yaradacaq. Müəllif xatırladır ki, artıq dollar 1.90 manatı keçib.

Ekspert Əkrəm Həsənov düşünür ki, Mərkəzi Bank dolların manata nisbətdə hansısa hədəfə çatmasını gözləyir: «Yəqin ki, hədəf dolları 2 manata çatdırmaqdır. Bu nöqtədən sonra müəyyən sabitləşmə olacağını gözləyirəm. Buna qədər Mərkəzi Bank bu məzənnəni 1-2 qəpik artırırdı, son həftə isə artım 4 qəpik olub. Hamımıza da aydındır ki. Mərkəzi Bank istəsəydi, buna yol verməzdi».

Ekspertə görə, bu, bazara daha çox valyuta çıxarmaq deməkdir. Görünür, Mərkəzi Bank daha valyuta itkisinə getmək istəmir. O düşünür ki, müəyyən həddə çatdıqdan sonra artım prosesi dayanacaq.

Ekspert Natiq Cəfərli isə dolların 1.90 həddini ötməsini tələskənlik adlandırıb: «Neft də kəskin düşməyib. Neçə vaxtdır ki, 55 dollar həddindədir. Sizə nə olub ki, belə tələsirsiniz, bir günə də 5 qəpik məzənnə artar?».

Ekspertə görə, Mərkəzi Bank məzənnənin inzibati yolla müəyyən edildiyini etiraf etməlidir. Onun düşüncəsinə görə, belə məzənnə artımı olmaz və bu, vətəndaşlarla oynamaqdır.

Şahlar Əsgərov.
Şahlar Əsgərov.

HARA GEDİRSƏN, AY CƏMİYYƏT?

«Exo» qəzetində «Azərbaycanın taleyi təhsilsiz cəmiyyətin əlinə keçə bilər» sərlövhəli məqalə diqqət çəkir.

Keçmiş deputat, təhsil üzrə ekspert Şahlar Əsgərov mövzunu qəzetə belə dəyərləndirib: «Müasir tələblərə cavab verməyən, təhsilin keyfiyyəti sıfır həddində olan universitetlərdə kadr islahatları aparılmalıdır. Gənclərin daha çox hissəsinin ali təhsil almaları diqqətdə saxlanmalıdır. İnkişaf etmiş ölkələrdə gənclərin 70 faizi ali təhsillidir. Bizdə isə bu, heç 20 faizə də çatmır. Daha dəqiq, haradasa 17 faizdir. Bu məsələdə Avropadan 4 dəfə geri qalırıq. Azərbaycanda universitetlərin sayı azalsa, ölkənin taleyi təhsilsiz cəmiyyətin əlində olacaq».

Ekspert düşünür ki, ali məktəblərin rəhbərlikləri təhsil sistemini tənəzzülə aparır, buna qarşı ciddi mübarizə getməlidir. Ölkədən «beyin axını»na yol verilməməlidir. Ş.Əsgərov deyir ki, ölkəni, əsasən, peşəkarlar tərk edir.

Ekspert Məlahət Mürşüdlü isə hesab edir ki, maddi-texniki, pedaqoji kadr çatışmazlığı olan universitetlər ləğv olunmalıdır: «Hökumət bu məsələyə diqqət yetirməlidir. Təhsil sistemindəki islahatlar gözlənilən faydanı vermir. Bu universitetlər hər il gənc mütəxəssislər yetişdirirlər, amma onlar işəgötürənlərin tələbələrinə cavab vermirlər. Bunların problemləri daha çox biliklərlə bağlıdır və buna görə də onların çoxu ölkənin əmək bazarında yerlərini tapa bilmirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG