Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:55

'Məzənnəni oliqarxlar müəyyən edir'


İlham Əliyev
İlham Əliyev

Azərbaycanın xarici siyasəti, Rusiya xarici işlər naziri S.Lavrov-un Qarabağ münaqişəsi ilə bağlı son fikirləri, korrupsiyanın səviyyəsi və valyuta alqı-satqısında böyük fərqlər bu gün medianın aparıcı mövzularındandır...

UĞURLU XARİCİ SİYASƏT

«Azərbaycan» qəzetində «Azərbaycan beynəlxalq aləmdə etibarlı və ləyaqətli tərəfdaş kimi tanınır» sərlövhəli məqalədə ölkənin xarici siyasəti dəyərləndirilir.

Müəllifə görə, Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, ərazi bütövlüyünü təmin etmək, böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək xarici siyasətin prioritet istiqamətləridir.

Məqalədə qeyd edilir ki, iqtisadi inkişaf və demokratikləşmə xəttinin önə çəkilməsi beynəlxalq aləmdə ölkənin müsbət imiclə tanınması sahəsində önəmli rol oynayıb.

Müəllif vurğulayır ki, dövlət başçısı İlham Əliyev xarici siyasətdə «güclü dövlət-müstəqil siyasət» devizini praktik olaraq gerçəkləşdirib: «Ötən müddət ərzində xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilib, region dövlətləri ilə hərtərəfli əlaqələr genişləndirilib».

Məqalədə yazılır ki, təhlükəsizliyinin təmin olunması, Yaxın Şərq ölkələrində baş verən hadisələrin ölkəyə nüfuz etməsinə imkan verilməməsi də xarici siyasətdə aparıcı istiqamətlərdən biridir.

Müəllif hesab edir ki, ölkənin Avrointeqrasiya istiqamətində də önəmli addımlar atılıb. Bundan başqa, məqalədə Qoşulmama Hərəkatı ilə də əməkdaşlığa yer ayrılır.

Məqalədəvurğulanır ki, bütün xarici münasibətlər sistemində ölkənin maraq və mənafelərinin təmin olunması daim aparıcı mövqe tutub.

Arif Məmmədov
Arif Məmmədov

KEÇMİŞ SƏFİRİN QEYDLƏRİ

Azadliq.info saytında dərc edilən «Bu hakimiyyətlə müstəqilliyimizi də itirərik» sərlövhəli məqalədə keçmiş səfir Arif Məmmədovun düşüncələrinə yer verilib.

Diplomat Rusiya xarici işlər naziri S.Lavrov-un bu günlər ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Qarabağ probleminin təkcə Azərbaycanın daxili işi olmaması haqda dediklərini təhlil edib.

A.Məmmədov deyib ki, S.Lavrov Rusiyanın xarici işlər naziri olaraq öz ölkəsinin geosiyasi maraqlarından çıxış edir. Ancaq, keçmiş səfirə görə, bu məsələdə rəsmi Bakının ümumi fonda səssizliyini anlamaq olmur.

Diplomat vurğulayıb ki, Qarabağ məsələsində təhlükəli olan daha ciddi məqamlar var və ona diqqət yetirmək lazımdır. Onun bildirməsinə görə, Avropa Birliyinin (AB) Gürcüstan, Moldova və Ukrayna ilə bağlı sənədlərində aydınşəkildə göstərilir ki, bu ölkələrin ərazi bütövlüyü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanınır: «Azərbaycanla bağlı sənəddə isə ərazi bütövlüyünün tanındığı bu vacib məqam qeyd olunmayıb. Yəni, bizimlə bağlı sənəddə «beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində» ifadəsi yoxdur. AB ilə danışıqlar zamanı qurumun Finlandiyadan olan prezidenti eyni qeydi Azərbaycan üçün də təklif etmişdi. Amma Fransanın xahişi ilə Azərbaycan rəhbərliyi «Ermənistanla danışıqlara xələl gəlməsin deyə» bu ən vacib müddəanın sənəddən çıxarılmasına razılaşdı…».

Diplomata görə, Azərbaycan hakimiyyətinin xarici siyasəti bütün istiqamətlərdə tam iflasa uğrayıb. A.Məmmədovun fikrincə, mövcud hakimiyyətin özü Azərbaycanın geosiyasi və təhlükəsizlik maraqlarına ciddi təhdidə çevrilib: «Bu hakimiyyətlə nəinki Qarabağı, dövlət müstəqilliyimizi də itirə bilərik»,-deyə A.Məmmədov bildirir.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

ÖLKƏNİ İÇİNDƏN YEYƏN BƏLA

«Exo» qəzetində «Korrupsiya Azərbaycanı içindən yeyir» sərlövhəli məqalə diqqət çəkir. Yazıda toxunulan mövzu ekspert Oqtay Haqverdiyevlə dəyərləndirilir:

«2016-cı ildə Azərbaycanda korrupsiyanın səviyyəsi azalmayıb. Bundan əlavə, 2017-ci ilə nikbin proqnozlar verməyə də əsas yoxdur. Vətəndaşlar bu problemlə mübarizədə ümidsizliyə qapılıblar. Azərbaycanda məmurların və dövlət qulluqçularının ölkə vətəndaşlarının maliyyə durumuna anlaşıqlıyanaşacaqlarını düşünmək yanlışlıq olar. Hələ ki, korrupsiyanın miqyası ölçüyəgəlməzdir. «ASAN Xidmət» istisna olmaqla, cinayətin bu növü bütün dövlət sahələrində aparıcıdır»,-deyə ekspert qəzetə bildirib.

O.Haqverdiyev deyib ki, dövlət səviyyəsində korrupsiyaya ilə ciddi mübarizə aparıldığını görmək olmur. Ekspert vurğulayıb ki, korrupsiya cinayətlərinə görə həbs edilənlər var. Amma bunlar kiçik fiqurlardır və ümumi situasiyada böyük rola malik deyildirlər: «100 manat rüşvət alanı həbs etməklə korrupsiya ilə mübarizə olmaz. Diqqəti dövlət müəssisələrində yüksək vəzifələr tutan iri cinayətkarlara yönəltmək lazımdır».

Ekspert qeyd edib ki, əhali hökumətdən ümidini üzüb. Elə bu səbəbə görə də korrupsiyaya ilə mübarizə qurumlarına çox adammüraciət etmir.

Ekspert 2017-ci ildə də bu sahədəmüsbət dəyişiklik gözləmir: «Təəssüf ki, bu gün nikbin proqnozlar verməyə əsas olan meyllər müşahidə olunmur. Anlamaq lazımdır ki, korrupsiya çürümə kimi ölkəni yeyir və ölkənin iqtisadi təhlükəsizliyinə ciddi zərbələr vurur».

Dollar
Dollar

BANKLARLA «QARA BAZAR»IN SƏRHƏDİ İTİB

«Novoye Vremya» qəzetində isə «Banklar insanların ciblərini boşaldır» sərlövhəli məqalə oxumaq olar.

Müəllifyazır ki, valyuta alqı-satqısında marja götürüldükdən sonra alışla satış arasında kəskin fərq yaranıb. Bu fərq bəzi banklarda 10 qəpiyə yüksəlib.

Yazıdaxatırladılır ki, «qara bazar2da alışla satış arasında fərq 3 qəpikdir: «Valyuta alqı-satqısında böyük fərqin yaranması bankirlərin sövdələşməsindən başqa bir şey deyil. Ölkədə bankların real sahibləri bir neçə oliqarxdır və bu sövdələşmə nəticəsində məhz oliqarxlar məzənnəni müəyyən edirlər. Bu məqam isə «qara bazar»ı canlandırır. Bəzi hallarda «qara bazar»la banklar arasında sərhədlər itir. Üstəlik, bu bazarı da onlar stimullaşdırırlar».

Müəllif hesab edir ki, belə getsə, il ərzində dolların məzənnəsi 2.20-2.50 manata bərabər ola bilər: «Belə bir durumda hökumət vaxtı keçmiş kreditlər məsələsinə ciddi yanaşmazsa, Azərbaycanın bank sistemi çökə bilər. Kredit resursları olmadan banklar fəaliyyət göstərə bilməz».

Müəllifə görə, Azərbaycan iqtisadiyyatı özündə su olmayan, kənardan su tökülən quyu şəklində qurulub. Hökumət isə bu situasiyadan çıxa bilməkdən ötrü konkret təkliflərə malik deyil.

XS
SM
MD
LG