Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 17:42

'Metroda və şəhərlərarası nəqliyyatda qiymət artacaq'


Bayraq meydanı

Azərbaycanda ictimai-siyasi sabitlik, başa çatmaqda olan ilin dəyərləndirilməsi və gələn ildə gözlənilən qiymət artımı bu gün medianın aparıcı mövzusudur.

SABİTLİK ADASI

«Azərbaycan» qəzetində «Sabitlik və təhlükəsizlik məkanı» sərlövhəli məqalə dərc edilib.

Məqalədə deyilir ki, Azərbaycanda ictimai-siyasi sabitlik keçmiş prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra təmin olunub.

Müəllif hesab edir ki, ictimai-siyasi sabitliyin təmin edilməsindən ötrü dövlət güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə malik olmalıdır.

Məqalədə vurğulanır ki, 2003-cü ildə İlham Əliyev hakimiyyətə gəldikdən sonra mövcud siyasət davam etdirilib: «Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın əsas hədəfi kimi müəyyən edib».

Daha sonra müəllif qeyd edir ki, Yaxın Şərq və bir sıra Avropa ölkələrində terror aktları baş alıb gedir. Dövlətlər bu problemin həllində aciz qalıblar. Ancaq Azərbaycanda fərqli situasiya hökm sürür: «İstər Avropada, istərsə də Asiyada tənəzzül müşahidə edilir. Ancaq iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın «sabitlik adası» kimi qalmaqdadır».

Müəllif yazır ki, Azərbaycan öz çoxtərəfli inkişafı ilə regionun lider dövlətinə dönüb və bu statusu qoruyub saxlayır.

Samir Əliyev
Samir Əliyev

GƏLƏN İLDƏ QİYMƏT ARTIMI GÖZLƏNTİLƏRİ...

Azadliq.info saytında «Metroda və şəhərlərarası nəqliyyatda qiymət artacaq» sərlövhəli məqalə oxumaq olar.

Yazıda ekspert Samir Əliyevin təxminlərinə əsasən 2017-ci ildə vətəndaşları gözləyən «sürpriz»lər dəyərləndirilir.

Ekspert qəzetə müsahibəsində heç də nikbin proqnozlar dilə gətirməyib: «Gələn il nəqliyyat sektorunda, metroda və şəhərlərarası nəqliyyatda da artım ola bilər. Ola bilsin ki, kommunal sistemdəki diferensial tarif sistemi digər sektora da tətbiq edilsin. Artıq qiymət artımı daha çox limitlərin dəyişdirilməsi hesabına baş verə bilər. Hər bir halda, kommunal sektorda da bu və ya digər formada artım olacaq».

Üstəlik, ekspert deyib ki, 2017-ci ildə maaş və pensiyaların verilməsində ciddi narahatlıqlar gözlənilir. O, müəllimlərin, həkimlərin maaşlarının gecikdiriləcəyini düşünür.

İqtisadçı hesab edir ki, hökumət bir neçə istiqaməti özündə birləşdirən köklü islahatlara getməlidir və bunun alternativi yoxdur: «Hökumətin bu istiqamətdə atacağı əsas addım öncə büdcə xərclərinin azaldılması olmalıdır. Yəni, hökumət büdcədən ayrılan vəsaitləri azaltmalı, büdcə üzərinə yüklənmiş xərclərdən imtina etməlidir. Hesab edirəm ki, kommunal sektora özəl şirkətlərin cəlb edilməsi bu çıxış yollarından biridir. Dövlətdən maliyyələşən qurumların sayı azaldılmalıdır. Buna görə də, bəzi dövlət qurumlarının birləşdirilməsi istiqamətində addım atılmalıdır. Hökumət bu istiqamətdə də addımlar atacaq».

İqtisadçı deyib ki, hökumət orta və kiçik sahibkarlığın inkişafına dəstək verməlidir. Onun düşüncəsinə görə, əks halda neftin qiyməti yüksəlməsə, böhrandan çıxa bilməyəcəklər.

Ekspert 2017-c ildə yanacağın qiymətinin artırılacağını da istisna etmir.

Büdcə. Karikatura
Büdcə. Karikatura

BÖHRANIN SƏBƏBLƏRİ...

«Novoye Vremya» qəzetində dərc edilən «2016-cı ilin yekunu: ümid və məyusluqlar ili» sərlövhəli məqalədə isə başa çatmaqda olan 2016-cı ilin yekunları dəyərləndirilir.

Ölkədə iqtisadi duruma toxunan müəllifə görə, 2016-cı il ağır olub: «Nikbin bəyanatlara baxmayaraq, ümumi daxili məhsul (ÜDM) azalır, iş yerləri bağlanır. Bu il də ölkənin neft və qazdan asılılığı davam edib».

Müəllif yazır ki, başa çatmaqda olan il manata da yaxşı olmayıb. Hərçənd manat, ötən il olduğu kimi, iki dəfə devalvasiyaya uğramayıb, Ancaq manat dəyər itirməkdə davam edib.

Yazıda qeyd edilir ki, 2016-ci ildə qiymət artımı özünü daha çox göstərməyə başlayıb.

Müəllif düşünür ki, bütün bu böhranın səbəbi ölkəyə gələn böyük neft pullarından səmərəli istifadə edilməməsi, sahibkarlığın inkişafında fürsətin əldən verilməsidir. Yazıda məmur özbaşınalığı, məmur-oliqarxların yaratdıqları inhisarçılıq və korrupsiya da böhranı doğuran başlıca amillər kimi dəyərləndirilir: «Odur ki, ölkənin indiki iqtisadi həyatında yaşanan mövcud problemlər yürüdülən siyasətin nəticəsidir. Bütünlükdə isə ilin iqtisadi yekunları, sosial sahədə olduğu kimi, sevindirici deyil və belə bir ağır yüklə yeni ilə daxil oluruq».

Manat
Manat

BAYRAM HƏDİYYƏLƏRİ VERƏN İŞ YERLƏRİ AZALIR

«Exo» qəzetində isə «Azərbaycan vətəndaşları «quru» maaşa çalışır» sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif əməkçilərin mükafat ala bilməmələrinin səbəblərini ekspertlərlə müzakirə edir.

«Azərbaycan əməkçilərinin illik mükafat ala bilməsinə ümidləri çox azdır. İşəgötürənlərin əksəriyyəti bunu qurumlarının qeyri-sabit maliyyə durumu ilə izah edərək, əməkdaşları 13-cü maaşla sevindirə bilməyəcəklərini deyirlər»,–deyə ekspertlərdən biri qəzetə bildirib.

Yazıda vurğulanır ki, özəl şirkətlərdə də vəziyyət ürəkaçan deyil: «Əməkdaşlarına pul mükafatları verən sahibkarların sayının kəskin azalması birbaşa maliyyə böhranı ilə bağlıdır».

Yazıda bildirilir ki, artıq Azərbaycanda 13-cü maaş ənənəsi bir sistem kimi sıradan çıxır.

Ekspert Nəriman Ağayev qəzetə deyib ki, indi bir çox iş yerlərində bayram mükafatları belə verilmir: «Sahibkarların böyük əksəriyyəti əməkdaşlara hədiyyə və pul mükafatları verməyib. Odur ki, bu yeni il əməkçilər üçün qənaət rejimi ilə gəlir».

Yazıda vurğulanır ki, böhrana baxmayaraq, işçilərinə mükafat verən biznes qurumları da var: «Amma onlar xarici şirkətlərdir və belə sahibkarlar barmaqla sayılası qədər azdır».

XS
SM
MD
LG