Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:04

Biznes ombudsmanı yaradılsın


Bakıda Heydər Əliyevin plakatı
Bakıda Heydər Əliyevin plakatı

Dünya azərbaycanlılarının həmrəyliyi, orta təbəqənin zəifləməsi, investisiyaların azalması və biznes ombudsmanının yaradılması bu gün medianın aparıcı mövzusudur…

MİLLİ HƏMRƏYLİK

«Azərbaycan» qəzetində «Birlik nümunəsi» sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, keçmiş prezident Heydər Əliyev cəmiyyətin bütövləşməsi naminə azərbaycançılıq ideologiyasını aparıcı amilə çevirib: «Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir».

Müəllifə görə, Azərbaycançılıq ideologiyası bu gün ilk növbədə etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir: «Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənib, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilib».
Məqalədə vurğulanır ki, prezident İlham Əliyev də hakimiyyətdə olduğu 13 ildə diaspor və lobbi quruculuğu yönündə sistemli iş aparıb. Müəllifə görə, bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.

Məqalədə deyilir ki, bu gün əqidəsindən, dünyagörüşündən, milliyyətindən asılı olmadan Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi zamanın çağırışıdır.

Samir Əliyev
Samir Əliyev

ORTA TƏBƏQƏ YOXDUR

Azadliq.info-da «Azərbaycan hökumətinin orta təbəqə yalanı» sərlövhəli məqalə oxumaq olar.

Müəllif Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının ölkə əhalisinin 29 faizinin orta təbəqəni təmsil etməsi ilə bağlı açıqlamasını təhlil edir: «Dünyada orta təbəqə nümayəndələrinin sayı insanların 14 faizini təşkil edir. Ənənəvi olaraq yüksək gəlirə sahib olan Avropa və Şimali Amerikada bu göstərici 33 və 38 faizə bərabərdir».

Ekspert Samir Əliyev isə qəzetə deyib ki, ölkədə orta təbəqə yox səviyyəsindədir: «Əgər qiymətləndirmə aparsaq, o zaman məlum olacaq ki, Azərbaycanda orta təbəqə yoxdur. Azərbaycanda kəskin təbəqələşmə var. Belə ki, az bir kəsim var ki, onların böyük maliyyəsi var. Böyük bir hissə isə var ki, onların gəliri bir o qədər də yaxşı deyil. Onların maaşları ehtiyaclarına aydan-aya çətinliklə çatır. Artıq həmin təbəqədə də kasıblaşma başlayır. Kiçik və orta sahibkarlıq subyekti olmayan ölkədə orta təbəqə ola bilməz».

Müəllifə görə, inflyasiyanın artması, iş yerlərinin azalması orta təbəqəyə zərbələr vuran başlıca amillərdəndir.

Biznesmen
Biznesmen

BAZARDAN XƏBƏRSİZ SAHİBKARLAR

«Exo» qəzetində «Bizim sahibkarlar bazarı öyrənmədən məhsul istehsal edir, sonra isə dövlətdən kömək istəyir» sərlövhəli məqalə diqqət çəkir.

Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə şərh edib: «Bizim ölkədə biznesin ən böyük problemləri iş adamlarının savadsızlığı, bazar və biznes qanunlarını bilməmələridir. Onlar vergi, biznes hüquqi haqqında təsəvvürlərə malik deyillər. Bizim iş adamları bazarı öyrənmədən məhsulu istehsal edir, sonra isə onun satılması üçün dövlətdən kömək istəyirlər. İstehsaldan öncə bu və ya digər məhsulun nə dərəcədə zəruri olması öyrənilməlidir».

Ekspert düşünür ki, Azərbaycan nə vaxtsa biznes ombudsmanının yaradılması zərurəti ilə qarşılaşacaq. Nəriman Ağayev deyir ki, indi əsas diqqət ölkədə rəqabət mühitinin yaradılmasına, gəncləri, qadınları sahibkarlıq fəaliyyətinə cəlb etməyə verilməlidir.

Ekspert Seyfəl Əliyev də deyir ki, Azərbaycanda biznes üzrə ombudsman institutu təsis edilməlidir və bu proses gecikdirilə bilməz: «Azərbaycanda hər sahibkarın dövrü olaraq biznes-ombudsmanın köməyinə və məsləhətinə ehtiyacı yaranır. Bu da heç kəsə sirr deyil ki, bir çox sahibkarlar təzyiqlərlə üzləşirlər. Belə halda səlahiyyətli şəxsə müraciət etmək zərurəti yaranır».

Dollar
Dollar

İNVESTİSİYA YATIRIMLARI AZALIR

«Novoye Vremya» qəzetində dərc edilən «İnvestisiyalarla bağlı situasiya sevindirici deyil» sərlövhəli məqalədə ölkədə investisiya yatırımlarının azalması dəyərləndirilir.

Yazıda deyilir ki, məsələ təkcə ölkə iqtisadiyyatına yatırılan xarici sərmayənin azalmasında və xarici investorların ölkəni tərk etməsində deyil. Daxili investisiya qoyuluşu da azalır.

Yazıda vurğulanır ki, bu, neftin ucuzlaşması və bank sektorunun acınacaqlı duruma düşməsindən irəli gəlir: «Maliyyə və bank sektoru dibi olmayan çəlləyə bənzəyir. Nə qədər pul qoyursan qoy, xeyri yoxdur. Bir zamanlar dövlətin bu sahəyə çox vəsait qoymasına baxmayaraq, vəsaitlər dağıdıldı. İndi isə dövlət investisiyasına ümid etməyə dəyməz. Hələ ki, dövlətin sərbəst pul vəsaiti yoxdur».

Müəllifə görə, iqtisadiyyatın kiçilməsi, dollar qıtlığı maliyyə bazarında tezliklə sabitlik olacağına əsaslı şübhələr yaradıb: «Kiçik və orta sahibkarlar oyundankənar duruma düşüblər. İşgüzar sazişlər baş tutmur, sahibkarlar maliyyə itkilərinə məruz qalırlar. Belə şəraitdə investisiyaların azalması gözlənilən hadisə idi. Əgər sosial proqramlara yatırımlar azalırsa, başqa sahələr haqda danışmağa dəyərmi?».

Yazıda vurğulanır ki, maliyyə sektorunda nisbi sabitlik bərpa edilməsə, xarici investorlar ölkə iqtisadiyyatına sərmayə yatırmayacaqlar.

XS
SM
MD
LG