Xilasedicilər Qara dənizdə qəzaya uğrayan təyyarənin qara qutusunu tapıblar. Qutu sudan çıxarılıb, rəsmilər onun bir azdan təyyarə ilə Soçidən Moskvaya göndəriləcəyini deyirlər. Moskvada qutu Müdafiə Nazirliyinin ekspertlərinə təslim ediləcək.
Rusiyaya məxsus TU-154 təyyarəsi bazar günü qəzaya uğrayıb. Təyyarədəkilərin hamısı—Müdafiə Nazirliyinin «Aleksandrov» hərbi ansamblın 68 üzvü, bir neçə telekanalın əməkdaşı, «Spravedlivaya Pomoş» xeyriyyə fondunun sədri, hüquq müdafiəçisi Elizaveta Glinka—ümumilikdə 92 nəfər həlak olub.
Gazeta.ru saytı xəbər verir ki, qara qutunun tapıldığı ərazidə həm də 3 sərnişinin meyiti və təyyarənin xeyli qalığı aşkar edilib.
Dünən xilaskarlar 11 cəsəd tapdıqlarını deyirdilər.
Qəzayla bağlı dekabrın 26-da Rusiyada matəm elan olunmuşdu.