Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:00

'Hər yeni terror Erdoğan hakimiyyətini gücləndirir'


R.T.Erdoğan
R.T.Erdoğan

Türkiyədə hər yeni terror hücumu Recep Tayyip Erdoğan-ı mütləq hakimiyyətə bir az da yaxınlaşdırır. «The Wall Street Journal» qəzeti belə yazır.

Müəllif təkcə son iki həftədə Türkiyədə 3 terror hücumunun qeydə alındığını, İstanbulda və Kayseridəki partlayışları, Ankarada Rusiya səfirinin qətlini xatırladır və bütün bunların prezident R.T.Erdoğan-ın tam hakimiyyəti ələ keçirməsinə yol açdığını deyir.

Türkiyədə 2002-ci ildən hakimiyyətdə olan AKP təhlükəli durumdan çıxmaqdan ötrü güclü prezident hakimiyyətinə ehtiyac yarandığını dəfələrlə vurğulayıb. İndi isə Türkiyə prezidentin tam hakimiyyətə sahiblənməsiylə sonuclana biləcək referenduma hazırlaşır.

NOYABR SEÇKİSİNİN TƏKRARI

«Qalib gəlsə, Erdoğan diktatora çevriləcək. R.T.Erdoğan hakimiyyətə dövləti idarə etmək istədiyinə görə deyil, dövlət olmaq istədiyinə görə gəlib». Bunu Türkiyənin ən böyük müxalifət partiyasının lideri Kemal Kılıçdaroğlu deyib.

Qəzet R.T.Erdoğan-ın partiyasının indiyə qədər cəmi bir dəfə, 2015-ci ilin yay seçkilərində uğursuzluqla üzləşdiyini, parlamentdə çoxluğu əldən verdiyini xatırladır. Buna səbəb kürdlərin partiyasının yüksəlişi olmuşdu. Bu uğursuzluqdan cəmi bir neçə həftə sonra Türkiyə hökuməti ilə kürd yaraqlıları arasında razılaşma pozuldu, seçicilər R.T.Erdoğan-ın ətrafında birləşdilər. Koalisiya hökumətinə başçılıqdan boyun qaçıran və özünü terrorizmə qarşı dayaq elan edən prezident elə həmin ilin noyabrında yenidən seçki keçirib, parlamentdə çoxluğa yiyələndi.

Kürdlərin Xalq Demokratik Partiyasının Diyarbəkirdə mitinqi - 2015
Kürdlərin Xalq Demokratik Partiyasının Diyarbəkirdə mitinqi - 2015

Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunda Türkiyə üzrə proqramın rəhbəri Soner Çağaptay deyir ki, terror hücumları siyasi hüququ, Türkiyənin əsas seçici dairəsini birləşdirəcək: «Bu, elə bil, 2015-ci ilin noyabr seçkilərini təkrarlayacaq».

«AKP-YƏ BÖYÜK KİN VƏ NİFRƏT YARANIB»

İstanbul və Kayseridəki son hücumlara görə məsuliyyəti Ankara və Vaşinqtonun terrorçu təşkilat kimi tanıdığı Kürd İşçi Partiyası (PKK) üzərinə götürüb. Bu hadisədən sonra Türkiyənin hər yerində camaat kürdlərin partiya mənsublarının ofislərinə hücum etməyə başlayıb. Sorğular isə Türkiyədə R.T.Erdoğan-ın konstitusiyaya dəyişiklik təklifinə tərəfdarların sayının artdığını göstərir. Bununla belə, hətta AKP seçicilərinin 15-30%-i prezident idarəçiliyinə qarşıdır. Üstəlik, «The Wall Street Journal» fövqəladə durumun hökm sürdüyü Türkiyədə sorğuya qatılanların səmimi cavablarına şübhə etdiyini də vurğulayır.

Müxalifətçilər isə kütləvi təmizləmənin də referendumun nəticələrinə təsir edəcəyinə, həbsə atılmış, ya da işdən çıxarılmış yüz mindən çox Türkiyə vətəndaşının konstitusiyaya dəyişikliyə imkan verməyəcəyinə ümidlidirlər.

«Onların referendumdan istədikləri nəticəni əldə edəcəklərinə inanmıram. Baş verənlər AKP-yə qarşı böyük kin və nifrət yaradıb, elə buna görə də o, qələbə qazanmayacaq». Kürdlərin Xalq Demokratik Partiyasının (HDP) üzvü, Türkiyə parlamentinin spiker müavini Pervin Buldan belə deyir.

R.T.Erdoğan səs verir.
R.T.Erdoğan səs verir.

«60% ERDOĞAN-I DƏSTƏKLƏYƏCƏK»

R.T.Erdoğan-ın tərəfdarları bu proqnozlara gülür. Konstitusiyanı dəyişmək üçün referenduma gedən seçicilərin 50%-dən çoxunun dəyişikliklərin lehinə səs verməsi gərəkdir. AKP-dən olan deputat Mehmet Metiner seçicilərin 60%-dən çoxunun R.T.Erdoğan-a dayaq duracağına əmindir: «Maraqlıdır, əhalinin belə böyük hissəsinin dəstəyini qazanandan sonra da onlar bizim prezidenti diktator adlandıracaqlarmı?».

«The Wall Street Journal»ın yazdığına görə, hakim partiya konstitusiyaya dəyişiklik təklifinin parlamentdən keçməsi üçün millətçilərin partiyasının – MHP-nin dəstəyinə ümidlidir. Partiya lideri Devlet Bahçeli-nin bunun müqabilində vitse-prezident vəzifəsinə təyin ediləcəyini deyirlər. Hərçənd partiyanın bəzi üzvləri prezident sisteminə qarşı çıxdıqlarını bəyan ediblər.

CHP lideri K.Kılıçdaroğlu hesab edir ki, AKP tərkibində də belə düşünənlər, ümumi prinsipə xidmət edən seçicilər var və R.T.Erdoğan-a qarşı durmağın yeganə yolu onun partiyasının kökünə nüfuz etməkdir. K.Kılıçdaroğlu referendumdan öncəki kampaniya zamanı bütün demokratik qüvvələrə, azadlıq tərəfdarlarına müraciət edəcəklərini deyir.

XS
SM
MD
LG