Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:39

'Azərbaycanda kəskin sinifləşmə baş verir'


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyevin fəaliyyəti, itirilən imkanlar, yoxsulların çoxalması və dolların Azərbaycan iqtisadiyyatında rolunun artması bu gün medianın aparıcı mövzusudur...

LİDER

«Azərbaycan» qəzetində «Lider və onun ölkəsi» başlıqlı məqalə dərc edilib.

Prezident İlham Əliyevin idarəçilik keyfiyyətinin dəyərləndirildiyi yazı «hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsridir» fikri ilə başlayır.

Məqalədə qeyd edilir ki, xalqın İlham Əliyevə inamı, hər şeydən əvvəl, onun Heydər Əliyev siyasətinin ən parlaq və ardıcıl davamçısı olmaq potensialına əsaslanırdı: «İnsanlar Heydər Əliyev siyasətinə alternativ görmürdülər. İctimai ovqat ölkənin gələcək taleyini məhz bu şərtlər daxilində qavrayır və həmin səbəbdən də İlham Əliyevə böyük inamla yanaşırdı».

Baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədovun imzası ilə təqdim edilən yazıda prezident İlham Əliyevin gördüyü işlər yüksək qiymətləndirilir:
«Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır. Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır. Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi, indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Bunun ən etibarlı təminatı prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyəti, xalqına təmənnasız xidmət göstərmək arzu və bacarığıdır».

Dollar
Dollar

ANALOQSUZ İMİTASİYA

Azadliq.info-da dərc edilən «Yarıtmazlığın «analoqsuz imitasiya» mərhələsi» sərlövhəli məqalədə ölkədəki mövcud iqtisadi durum dəyərləndirilir.

Müəllif yazır ki, son iki ildə ölkə ciddi böhran yaşayır, amma bunun sonu görünmür: «Son 2 ildə isə «analoqsuz böhran» mərhələsinə qədəm qoymuşuq, amma proses davam edir və indi də «analoqsuz imitasiya» dövrünü yaşayırıq. Bir yandan böhran dərinləşir, valyuta ehtiyatları azalır, hökumət pul axtarışına çıxır, o biri yandan yeni layihələrə imza atacaqlarının anonsunu verirlər».

Yazıda daha sonra Asiya İnkişaf Bankından, Dünya Bankından götürülən yeni-yeni kreditlərdən bəhs edilir. Müəllif qeyd edir ki, hakimiyyət ölkəyə gələn böyük neft pullarını xərclədikdən sonra indi də ölkəni yeni borc bataqlığına salır.

Yazıda deyilir ki, yeni layihələrlə xalqa yalanlar danışılır: «Ölkəni «böhran şəhəri»nə çeviriblər, «sakit şəhər» salmaqdan danışırlar, ölkəni tənəzzül stansiyasına aparırlar, yeni metro stansiyasının tikilməsindən söhbət açırlar. Küçədə qalanlara ev verə bilmirlər, 122 min mənzilin söküləcəyi proqnozunu verirlər. Quru vədlər, çürük təsəllilər, reallaşmayacaq layihələr havada uçuşur».

Müəllif yazır ki, hökumət gələn il daha böyük xarici borcun altına girmək niyyətindədir.

Həkim
Həkim

SAĞLAMLIĞI UNUDANLAR

«Exo» qəzetində «Azərbaycanda hər 20-ci ailədə pul ancaq qidaya yetir» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Nəriman Ağayev qəzetə mövzunu belə dəyərləndirib: «Azərbaycanda hər 20-ci ailədə pul ancaq qaydaya yetir. Geyim, paltar almağa əlində heç nə qalmır. Manatın 2015-ci ildə 2 dəfə devalvasiyaya uğraması əhalinin ərzaq xərclərini artırıb. Əgər əvvəl ümumi gəlirin 40-50 faizi ərzağa xərclənirdisə, indi bu rəqəm 60 faizdən yuxarıdır».

N.Ağayev deyib ki, Azərbaycan əhalisi artıq böhrana adət edib. Onun fikrincə, indi Azərbaycanda kəskin sinifləşmə var. İnsanlar həddən çox zənginlərə və kasıblarabölünür. Orta təbəqə yoxdur.

N.Ağayev vurğulayır ki, indi bir çox insanlar sağlamlığı ikinci plana keçiriblər: «Çoxları məzuniyyətdən imtina edib, çox az halda geyim və s. alır. Restoranlara nadir hallarda gedirlər».

Yazıda qeyd edilməsinə görə, elə xaricdə oxuyan tələbələr var ki,xərclərə görə təhsilini yarımçıq atmaq məcburiyyəti qarşısında qalırlar.

N.Ağayev qarşıdakı ildə də bu vəziyyətin dəyişməyəcəyini düşünür. Onun fikrincə, əhali 2017-ci ildə kəmərləri daha da «sıxmalı» olacaq.

Dollar
Dollar

DOLLAR CEYRAN BELİNDƏ

«Novoye Vremya» qəzetində «Dollarlaşma Azərbaycan iqtisadi strukturunda möhkəmlənib» sərlövhəli məqalədə ölkənin iqtisadi sistemində xarici valyutanın rolu təhlil edilib.

Yazıda qeyd edilir ki, dollar Azərbaycan iqtisadiyyatında get-gedə güclənir. Hazırda ölkədə dollarlaşmanın 70 faizə yüksəldiyini deyən müəllif bunun son 10 ildə ən yüksək rəqəm olduğunu bildirir.

Məqalədə deyilir ki, daşınmaz əmlak bazarında canlanma olsaydı, bu, manata etimad yarda bilərdi. Amma bu hal, hələ ki, özünü göstərmir və bu bazarda tam durğunluq hökm sürür: «Dollarlaşma manata ictimai etimad yaranmaqla azala bilər. Bu isə manatın zəmanətli şəkildə sabit yüksəlişindən asılıdır. İnamsızlıq qapalı dairə yaradaraq, müştərilərin əmanətləri manatla saxlamaqda maraqlı olmamasına gətirir».

Yazıda qeyd edilir ki, manatın yaxın gələcəyi nikbin görünmür. Azərbaycanda dolların bahalaşması prosesi davam edəcək.

Müəllifə görə, ölkə iqtisadiyyatındakı mövcud durum maliyyə və bank bazarını sabitləşdirməyə imkan vermir. Digər tərəfdən neft bazarında da sabitləşmənin olmaması durumu daha da ağırlaşdırır. Neftin qiymətinin qalxacağına ümid etmək, hələlik, əsassızdır.

Yazıda həmçinin vurğulanır ki, indiki iqtisadi komanda ilə hansısa uğurlar əldə olunacağı inandırıcı görünmür. Müəllifin fikrincə, bu iqtisadi komanda qloballaşma şəraitində iqtisadi prosesləri anlamaqdan belə uzaqdır.

XS
SM
MD
LG