Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:18

'Bir dəfə qalxan qiymətlər bir daha enmir'


Büdcə
Büdcə

İqtisadi islahatlar, bank sektorundakı böhran, bahalığın yaratdığı qida problemi və neftçi ölümlərinə görə məsuliyyətsizlik bu gün medianın aparıcı mövzusudur…

SOSİALYÖNÜMLÜ BÜDCƏ

«Azərbaycan» qəzetində dərc edilən «İqtisadi islahatların qanunvericilik əsasları təkmilləşdirilir» sərlövhəli məqalədə ölkə iqtisadiyyatının inkişafında dövlət büdcəsinin rolu və əhəmiyyəti dəyərləndirilir.

Müəllif yazır ki, gələn ilin dövlət büdcəsi hazırlanarkən dünya iqtisadiyyatında baş verən proseslər nəzərə alınıb. Məqalədə qeyd edilir ki, neftin dəyərinin kəskin azalması ilə ölkənin gəlirləri də kəskin azalıb: «Milli Məclisdə müzakirələr zamanı deputatlar bildiriblər ki, 2017-ci ilin dövlət büdcəsi mövcud reallıqlar, neft gəlirlərinin azalması, dünyada dərinləşən maliyyə-iqtisadi böhranın təsirləri nəzərə alınmaqla tərtib edilib».

Bununla belə, məqalədə vurğulanır ki, büdcə sosialyönümlüdür. Orada sosial xərclər 40 faiz təşkil edir.

Müəllifin fikrincə, indi ölkədə bir sıra qanunların qəbulu, vergi sahəsində qanunvericiliyə dəyişikliklər yeni makroiqtisadi mühitə uyğunlaşma prosesinin tərkib hissəsidir.

Bütün dəyişikliklər ölkədə iqtisadi fəallığın gücləndirilməsi və iş adamlarına daha əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.

Müəllif vergi qanunvericiliyinə edilən dəyişikliklərə də toxunur. Bundan sonra toylarda, şənliklərdə iştirakçı olan çalğıçı, rəqqas, aşıq və məzhəkəçi sabit şəkildə 30 manat vergi ödəyəcək. Eyni zamanda pinəçilər belə sadələşdirilmiş vergi ödəyicisi kimi ayda 5 manat vergi verəcəklər.

Neft Daşları
Neft Daşları

NEFTÇİ ÖLÜMLƏRİNDƏN QAZANILAN MİLYARDLAR

Azadliq.info «40 neftçinin ölümünün məsuliyyəti kimin üzərindədir?» sualına cavab axtarır.

«Azərbaycanda bir qayda olaraq prinsipial əhəmiyyətli cinayətlərin üstü açılmır. Bu cinayətlərin sədası ölkəyə yayılır, prezident işi nəzarətinə götürür, istintaq aparılır, amma həmişə bu istintaq sonsuza qədər uzanır. Nəticədə insanların qanı batır, hadisə unutdurulur».

Yazıda vurğulanır ki, əgər «Günəşli» yatağında yanğın nəticəsində 30 nəfərin itkin düşməsinə görə vəzifədə olan günahkarlar cəzalandırılsaydı, bu il dekabrın 15- də Nəriman Nərimanov adına neft-qaz çıxarma idarəsində bu hadisə baş verməzdi: «İndi də deyirlər ki, neftçilərin axtarışına 44 gəmi, 8 helikopter, 700-dən çox canlı qüvvə cəlb olunub. Hətta prezident prokurorluğa tapşırıq verib, hadisəni öz nəzarətinə götürüb».

Müəllif yazır ki, müxtəlif idman tədbirlərinə milyonlar xərcləyən SOCAR-ın istismar müddəti bitmiş estakadalardan istifadə etməsi başa düşülən deyil.

Yazıda qeyd edilir ki, SOCAR-ı ailə şirkətinə çevirənlər, neftçilərin hesabına milyardlar qazanıb onların ölümünə bais olanlar ən sərt şəkildə cəzalandırılmalıdırlar.

Müəllifi yazır ki, indi axtarışa neçə helikopterin, neçə gəminin cəlb olunması, ölkə başçısının hansı tapşırıq verməsi heç nəyi dəyişmir...

Manat. Karikatura
Manat. Karikatura

BANKLAR ÇIXILMAZ PROBLEMLƏR İÇİNDƏ...

«Novoye Vremya» qəzetində isə «Bank sistemində böhran güclənir» sərlövhəli məqalə oxumaq olar.

Yazıda deyilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların sayının azalmasına maliyyə bazarının sabitləşməsi kimi baxır. Ancaq ölkədə bankların sayı azalsa da, maliyyə sabitliyi yaranmır.

Yazıda vurğulanır ki, bankların bağlanması ilə işsizlərin sayı bir qədər də artır, bağlanmayan banklarda da ixtisarlar gedir: «Bütün banklarda ştat aparatının şişirdilməsi faktdır. Amma kütləvi ixtisarlar da yolverilməzdir. Bank strukturunun fəaliyyətinin yaxşılaşdırılması ilə birgə insan amili barədə də düşünmək lazımdır. Bir çox banklar bazarda qalmaq üçün ixtisarlara əl atırlar».

Müəllif qeyd edir ki, bankların böhrandan çıxmasından ötrü vəsaitlər lazımdır. Bu isə yoxdur. İndi hansı banka dövlət kömək etmirsə, o, müflisləşməyə məhkumdur: «Aydındır ki, belə həcmdə pullar nə indi, nə də yaxın perspektivdə olacaq. Banklar özləri bu prosesi dayandıra bilməyəcəklər, odur ki, ixtisarlar davamlı olacaq».

Yazıda vurğulanır ki, valyuta böhranı və süni şəkildə ortaya çıxarılan «qara bazar» fonunda ölkədə bank sisteminin perspektivi yaxşı görünmür.

Ət bazarı
Ət bazarı

ƏTƏ, BALIĞA HƏSRƏT QALANLAR...

«Bizim Yol» qəzetində «Bəzi azərbaycanlılar daha ət yemirlər» sərlövhəli məqalə diqqət çəkir.

Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov qəzetə deyib ki, indi bahalıqdan bəzi ailələr tək ət yox, bəzi zəruri qida məhsullarını almırlar: «Devalvasiyadan sonra Azərbaycanda bəzi məhsullar arxa plana keçməyə başlayıb, çünki qiymətlər sürətlə bahalaşır. İnsanların bu məhsullara əlçatanlılığı azalır. 2016-cı ildə Azərbaycan əhalisinin ət istehlakı kəskin aşağı düşüb».

Ekspert hesab edir ki, bu vəziyyət qıtlığın yaranacağından və bunun ardınca da inflyasiya səviyyəsinin yüksələcəyindən xəbər verir: «Bu gün Azərbaycan vətəndaşı balıqdan, ətdən könüllü yox, məcburi qaydada, bahalıq üzündən imtina edir».

E.Hüseynov bununla belə, hökumət orqanlarının bazarı tənzimləmək səylərini də yolverilməz adlandırır. O hesab edir ki, qiyməti bazar özü tənzimləməli, heç bir halda bu sahədə inzibatçılığa yol verilməməlidir: «Əhali günahın çoxunu hökumətdə görür. Hökumət qurumlarının vəzifəsi ölkədə bolluq yaradılmasını təmin etmək üçün kənd təsərrüfatı sahəsində effektiv siyasət yürütməkdir. Amma təəssüf ki, kənd təsərrüfatı sahəsində siyasət yarıtmazdır».

E.Hüseynov deyir ki, 2015-ci il ilə müqayisədə bu il bayram məhsulları, xüsusilə çərəzlər, quru meyvələr 70 faiz baha satılacaq: «Həmin 70 faizlik bahalaşma isə enməyəcək, çünki Azərbaycanda bir dəfə qalxan qiymətlər, bir daha enmir».

XS
SM
MD
LG