Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:41

'Neftdən asılı bu ölkəni külək yıxmaz, Sarsar buruq, yıxar dayaq'


Tural Turan.

Tural Turan

Yeni şeirlər

Ət qoxulu neft

Başını sudan çıxart, neft ölkəsi!
Ad çıxarsın qara qızılın -
Bir barreli 50 dollar + üstə insan tikəsi...
Sabah bu manşetlərlə çıxacaq "La Gazette", "New York Times"...
"Attack to Baku oils+ meat... Yess!"...
Neft üstündə bir tikə ət,
Yaxud şirin "baş-ayaq"...
Neftdən asılı bu ölkəni külək yıxmaz,
Sarsar buruq, yıxar dayaq.
Milyon-milyon verdiyindən
Beş-beş, on-on salar uzaq...

Terrordan uzaq ölkənin
Qara qızılı ət qoxuyur...
Gəlin, bizim neftə gəlin,
"Bez-qəpiksiz", beş parasız,
Bu neft ağı da oxuyur...

Buna da bax: Aqşin Yeniseyin yeni şeirləri - 'Həbslərdən deyil, polislərdən qorxan gənclik'

Qırat kimi göz işığı düşməyən tövləyə bağlanmaq...


Saçların bir həftədən bir,
Hər tapıntı bənddən sonra
misra–misra ağarırmı yenə,
bətnində boş qəbir,
yataq otağında sinədaşsız beşiyi görüncə?!
Üşüyürsənmi bu axşam da,
Bir qarabuğdayı kişi,
bir sarışın qızcığazı geyirsənmi əyninə?!.


Otağının soyuq gələn, dişlərini qıcırdadan yerlərinə
Bir ehtiraslıq ağ–qara şəkilləri hörüncə –
və yaxud bir şəkil belə tapmayıb,
o deşiklərdən özünü asınca?..
Söndür gözlərindəki bir cüt işığı,
Arxa çevir, ömür alan ilğımlara.
Bir az qımış, bir az işılda, bir az isin...
Qış sonunda qəfil doğan sazaqlı günəş kimi...
Sən qadınsan axı,
bəzən Qırat kimi
göz işığı düşməyən qaranlıq bir tövləyə bağlanmaq istərsən,
uçmaq üçün əclaflıqlardan
xəyalların sənə təslim olduğu yüksəyə.
Uşqunarsan, udqunarsan, üşünərsən...
Bir də... keçəl və qırmızısaqqal bir xədim kişi olsa –
deyə düşünərsən.
Səni bu qırx gün ərzində bəsləməyə...

Sənə baxa bilərəm, əgər istəsən – təki, uç buradan.
Onsuz mən qadın deyiləm.
Bir inadın, bir muradın deyiləm...
Mən kişiyəm alçaqların öldürdüyü,
əclaflıqlardan aşağı –
23 yaşında sarışın kənd qızının axtaladığı
Kipkirli bir Tanrıköy uşağı.
Sənsə, qadınsan, uğurlu bir misrada
heca – heca ölən, əriyən.
Bir çay qaşığında
sarıyla qaranın nəmlənmiş qarışığı.

Söndür, söndür gözlərində işığı,
Ya get, yeni doğulmuş bir yetim quzunun çarasını yala,
ya da
ilim ayağı it bu səhralardan,
Özünü qarabuğdayı bir nəfəsləcə mumyala...

Buna da bax: İndi Marsda qışdır göydən bəlkə də karbon qazının qarı yağır başına

Özünü asmağa hazırlaşan qadın...
(M.E üçün)

...Axı, hələ saçlarından daş asılmayıb onun,
Yanağında yas izi yox,
Göz yaşının oturmaq üçün mizi yox,
Göz yaşı miz alıb oturunca asacaq mütləq,
özünü asmağa hazırlaşan qadın.
Axı hələ payızdadı, alnından qış asılmayıb ?! -
Hələ qalıb bir az taqət...

Sözü bələkli öləcək,
Saçı lələkli öləcək
Min ilin paltarında.
Ləçəkli gəlin paltarında...

Sarışın, yaşıl gözlü bir körpə qığıltısı da,
dayan, dur deməyəcək, özünü asan qadına...
Qırx il bir koma içindəki
üzərindən yük asılan,
bizim asılqan qadına...
Öləcək vallah, öləcək, düz məzarına kimi,
Gün üzü günbatandan
bir gün qızarana kimi...

Şeir - şeir öldürür, onu öz ədibləri,
Bir misra oxuyunca hər gün asır özünü.
Bir ümidqıranı var bu dünyada hər günün,
Onunku da çürümüş, köhnə kəndir ipləri...
Xırıldadıb bir kərə, atır yerə qadını,
Yanağı ağ qızılı, saçı kürən qadını...

O, baxır, düşünür hələ,
Duruxur, üşünür hələ,
İntihar ipinə yaraşan qadın,
özünü kövrək çatıdan
Asmağa hazırlaşan qadın...
Hələ saçlarından daş asılmayıb...

Buna da bax: İçim axıb çölə dolmağa yer axtarır, sənin də için yoxdur ki…

Basardan sonra...

O gecə qağam yan cibindən əzik bir papiros çıxardı,

Kibriti ovcunda bələyib, müşdüyünü ovxardı.

Birtəhər idi o axşam,

Saralmış alt dişlərilə üst dodağını gəmirirdi qağam.

İçindəki tüstüsünü burnundan çıxarıb püskürürdü göyə.

Döşəkçəli taxçada oturmuş anamsa,

əlindəki armudu bardağını qarnına sıxmışdı

arabir qurtumlayırdı,

atam siqaret çəkən kimi...

Mənsə, onlara baxırdım gözlərimi döyə-döyə.

Odda yanmaq imandan-deyib yanırdıq o gecə.

Formulumuz, düsturumuz

Oda çırpılmaq pərvanəlik-olmuşdu.

Oda yaxınlaşmaq şeytandandır – deyə pıçıldamışdı on yaşlı bacım.

Kimsə dönüb baxmadı belə ona.

Kənardan baxa bilən bu ortama;

Deyərdi ki,

Oda küylənmiş birlik marşı çalır bu masa başı.

Atamda bişmiş, anamda kişmiş

Bizdə naşı göz yaşı...

O günün şər vaxtı Basar ölmüşdü – qapımızın çoban iti,

Atamın qarmaqlı gərməşoy ağacının üstündə ...

Sabahsına öldüyü yerdə basırdı atam Basarı,

O bürküdə, istində...

Kətyən üstünə qoyulmuş dörd qarmaqlı gərməşoy

On illik dostumuzun 4x4-lük qəbir hasarı...

O gün

Basarın kölgəsində yekələn yetim quzular

Şur üstə mələyirdi.

Basarın qızılənik balası

Bir yaz şimşəyi kimi

Anasının mıx yerində

Gurhagur tökdürürdü,

Mırhamır əliyirdi...

O gündən sonra qağam Basarın üstünə it gətirmədi,

Dərd üstünə şələ dərd gətirmədi...

Arıq-axsağı qamçıyla hayladı canavar sürüsünün ortasına.

Hər qamçı şartıltısı şeypurluğundan çıxıb,

Elə bil, dönürdü bir yalquzaq butasına.

Basarın ili çıxmamış

Anam – indi rahatam – dedi – ay qoçu; -

Bir az da nazlanaraq gülümsədi ərinə -

Basardan sonra it gətirməyən –

Ölsəm arvad gətirməz, billəm, mənim yerimə...

Tanrı, al buğlu salamlarını...

Bu şəhər yağışı beşiyində boğsa da,
Bu şəhərin soyuqları,
çisək yağışa dönüncə isinər.

Tək bir nəfəslə hənirlənər evimiz;
Arabir, qəbir altından buğlanıb
Atamın, anamın ruhu da qonaq gələr,
cümədən sonrakı yağış axşamı.
Üz-üzə durduğun,
səninlə göz-gözə dirsəklənib
buxar-buxar yaş axıdan pəncərə də,
bir maşının arxa güzgüsünə dönər
hər yağan yağışda...
Ölülərimi oyatmamaq üçün
daha salamlarını ala bilmirəm Tanrı,
Məni bağışla...

Al buğlu salamlarını,
Qır qazanım odlayınca
Kitab-kitab adamlarım,
gəlib alacaq səndən...

XS
SM
MD
LG