Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:50

Gəncədə bəndin içərisində qalan ailə


Gəncədə evi sökülən sakin
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Gəncədə evi sökülən sakin

«Dörd otağım vardı, gəldilər ki, ev plana düşür, iki otağı sökdülər, pul vermədikləri üçün çıxmadım, onlar da söküntünü yarımçıq qoyub getdilər. Bənd çəkdilər, məni də bəndin içində qoydular. Bu gecə qaldığım iki otaq da uçdu».

Bunu AzadlıqRadiosuna Gəncə sakini Afət Zeynalova deyir.

«BU GECƏ BİR HİSSƏSİ UÇDU»

Afət Zeynalovanın evi Gəncədə – Gəncəçayın kənarındadır. 6 aydan çoxdur ki, çayın daşması ilə əlaqədar bəndtikmə işləri aparılır. Buna görə də, çaya yaxın ərazilərdəki ailələr köçürülüb. Sakinlər hər kvadratmetrə görə təklif olunan 300 manat kompensasiya ilə razılaşmasalar da, çoxu məcburiyyətdən evini çoxdan tərk edib. A.Zeynalova isə hələ də evi tərk etməyib. Ev deyəndə ki, əslində evdən əsər-əlamət də qalmayıb. Dekabrın 12-dən 13-nə keçən gecə isə olan-qalan hissəsi də dağılıb: «O vaxt iki otağı sökəndə dedim, «pulu verməmiş evimdən niyə çıxım?». Dedilər, «yaxşı, üç günə gətirib pulunu verəcəyik, çıxarsan». Getdilər, düz 6 ay ötür, yay keçdi, payız keçdi, qış da yarı oldu, hələ də gəlib çıxmayıblar. Ağacları evin ortasında dirək kimi qoymuşam ki, başıma uçmasın. O vaxt dedim, «heç olmasa, uçurtduğunuz otağın qapı yerini kərpiclə hördürün». Onu da etmədilər ki, «artıq işdir, onsuz da 3 günə hamısı söküləcək». Gəlib traktorla qonşunun evini uçurdular, mənim bu iki otağım bir az da zədələndi. Bu gecə bir hissəsi uçdu».

QAZ, İŞIQ, SU YOXDUR

Afət xanımın övladları və nəvələri başqa-başqa adamların evində qalırlar. Bir sözlə, ailə pərən-pərən düşüb. Ötən 6 ayda şəhərin memarı ilə isə bir dəfə təsadüfən qarşılaşıb: «Evim söküləndə, başlarının üstündə şəhərin memarı Məharət Mustafayev şəxsən özü dayanmışdı. Bir dəfə qarşıma çıxdı, dedim, «axı evi başıma uçurdub getmisiniz, 3 günə gəlirdiniz, məni köçürürdünüz, niyə gəlməsiz?». Kobud şəkildə dedi ki, «nə xəbərdir, gözlə, gələcəyik»».

İndi Afət xanım nə edəcəyini bilmir. Bir hissəsi dağıdılmış evin qazı, işığı, suyu yoxdur. Üstəlik də, olan-qalan hissəsi günbəgün ovulub tökülür. Rəsmi qurumlarsa problemin həllinə, hələ ki, yaxın durmur.

«RAZI SALMAĞA ÇALIŞACAĞIQ»

Gəncə şəhər İcra Hakimiyyəti isə Afət xanımı günahlandırır: «Kompensasiya hamıya necə hesablanıbsa, o ailəyə də həmin qaydada hesablanıb. O xanım inad göstərib evi tərk etmir, biz nə edə bilərik? Əslində bizim də işimizə mane olur. Vaxtında ona dəfələrlə deyildi ki, «gəl, sən çıx evdən, dedi, istədiyim məbləği verməyənə qədər burdan ölümü çıxararsınız». Yenə danışıqlar aparıb razı salmağa çalışacağıq».

Gəncəçayın sahilində yaşan bir qrup sakin indiyədək bir neçə dəfə Prezident Administrasiyasına şikayətə gəlib. Onlar Gəncə şəhərində eyniadlı çayın ətrafındakı evlərinin sökülməsindən və ədalətli kompensasiya verilməməsindən şikayətləniblər. Şikayətçilərin deməsinə görə, Gəncə şəhər İcra Hakimiyyəti çay ətrafında gah bənd tikiləcəyi, gah da park salınacağı adı ilə bir sıra evləri sökür.

Hazırda ərazidə evi sökülən də var, dirəniş göstərib evindən çıxmayan da...

XS
SM
MD
LG