Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:10

Azərbaycan məktəblərində xəstələnən uşaqlar


Heydər Əliyevin plakatı
Heydər Əliyevin plakatı

Azərbaycan dövlətçiliyində Heydər Əliyevin yeri, hökumətin yaxın gələcəkdə sanksiyalarla üzləşmək perspektivləri və məktəblərin istiliklə təminatı bu gün medianın aparıcı mövzusudur.

MÜSTƏQİLLİYİN BANİSİ HEYDƏR ƏLİYEV

«Azərbaycan» qəzetində «Müstəqilliyin banisi» sərlövhəli məqalədə Azərbaycan dövlətçiliyində keçmiş prezident Heydər Əliyevin rolundan bəhs edilir.

Məqalənin müəllifi deputat Xanhüseyn Kazımlıdır. O, H.Əliyevin ölümünün 13-cü ildönümündə qəzetin oxucuları ilə öz düşüncələrini bölüşüb.

Müəllif hesab edir ki, Azərbaycan tarixində iz qoyan dahi şəxsiyyətlər çoxdur. Amma onların sırasında ən zirvədə dayanan Heydər Əliyevdir: «XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin və müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir».

Deputat yazır ki, Heydər Əliyev təkcə ümummilli lider deyil, həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifidir.

Məqalədə qeyd edilir ki, H.Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəni vətəndaş müharibəsindən, paçalanmaq təhlükəsindən xilas edib.

Müəllif 1994-cü ildə «əsrin müqaviləsi» kimi təqdim edilən neft kontraktlarının imzalanması, islahatların başlanması və ölkənin təhlükəsizliyinin təmin olunmasını H.Əliyevin adı ilə bağlayır: «Bütün bu uğurlar Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev siyasətinin nəticəsində əldə edildi».

Müəllif vurğulayır ki, İlham Əliyev bu siyasəti 13 ildir yeni dövrün tələblərinə uyğun şəkildə, uğurla davam etdirir.

ABŞ Konqresi
ABŞ Konqresi

SANKSİYA TƏHDİDİ –İKİNCİ TƏHLÜKƏ

Azadliq.info-da «Əliyevi gözləyən ikinci təhlükə» sərlövhəli məqalə oxumaq olar. Müəllif yazıda ABŞ-da prezidentin imzalaması gözlənilən Qlobal Maqnitski Qanunun Azərbaycana mümkün təsirlərini şərh edir.

Yazıda vurğulanır ki, ABŞ Konqresi korrupsiyaya uğrayan, dövlət əmlakını mənimsəyən, jurnalistləri və hüquq müdafiəçilərini təqib edən məmurlara qarşı sanksiyalar tətbiq etmək hüququnu genişləndirən tarixi qanun layihəsini dəstəkləyib.

Müəllif hesab edir ki, indi bu qanunun dairəsi təkcə Rusiya ilə məhdudlaşmır. O, bütün dünyaya şamil edilə bilər: «Bu qanunun müəllifləri senator Ben Cardin və konqresmen Chris Smith-dir. Onlar Azərbaycan hökumətini, Azərbaycan hökuməti də onları yaxşı tanıyır. Bu adamlar Azərbaycan hökumətinə qarşı sanksiya təşəbbüsü ilə çıxış ediblər, hakimiyyətin anti-demokratik siyasətinə sərt təpki göstəriblər».

Məqalədə bildirilir ki, Azərbaycan hakimiyyəti ənənəvi siyasəti davam etdiyi bir vaxtda, ABŞ-da daha ciddi addımlar atılır. Hətta Chris Smith bildirib ki, onlayn təhqirə görə həbs olunan adamlar siyasi məhbus hesab ediləcək: «Yəni, Azərbaycan hökuməti repressiya siyasətini davam etdirdikcə, daha ağır vəziyyətə düşəcək. Onsuz da ölkə barıt çəlləyinə dönüb, daxildə ciddi narazılıq hökm sürür və belə bir vaxtda dünya ilə son bağların da qopardılması hakimiyyət üçün başağrısına çevriləcək».

Müəllifə görə, reallıq onu göstərir ki, hökumətin cinayətkar kimi təqdim etdiyi şəxsləri dünya qəhrəman kimi qəbul olunur.

Yazıda vurğulanır ki, «heykəl məhbusları» olan Qiyas İbrahimova və Bayram Məmmədova 10 il həbs cəzası verilməsini də beynəlxalq aləm «repressiya» adlandırır.

Qazaxda məktəb
Qazaxda məktəb

İSTİLİKSİZ QALAN 1000 MƏKTƏB

«Exo» qəzetində isə «Azərbaycanda 1000-ə yaxın məktəb, hələ də, istiliksiz qalıb» sərlövhəli məqalə diqqəti cəlb edir. Ekspert Nəriman Ağayev məsələni qəzetə belə dəyərləndirib: «Çox sayda şagird və müəllim məktəblərdə papaq və üst geyimi ilə oturmağa məcburdurlar. Demək olar ki, şagirdlər uşaqlıqdan «sağ qalmaq» kursu keçirlər».

Ekspert məktəblərdə istilik sahəsində problemlərin yaranmasının səbəbini idarəçilik sistemində görür. N.Ağayev deyib ki, istiliyə görə xərcləri Təhsil Nazirliyi ödəyir, amma buna görə büdcə ayırması olmur, vəsaiti Maliyyə Nazirliyindən alırlar.

Ekspert qeyd edib ki, buna görə də 100-lərlə şagird və müəllim başqasının təqsirlərinə görə əziyyət çəkir.

Müəllif hesab edir ki, prokurorluq «Azəriqaz» və «Azəristiliktəchizat» sistemində buna görə günahkarı aşkarlamalıdır. Onlar məsuliyyətə alınmalıdırlar.

N.Ağayev düşünür ki, bu məsələyə görə Təhsil Nazirliyinin də böyük məsuliyyəti var: «Vaxtında bu məsələyə reaksiya verməyən Təhsil Nazirliyinin də böyük günahı var. Axı, bu problem birinci il deyil, neçə illərdir ki, davam edir. Əgər nazirlik problemin həllində maraqlı olsaydı, bu gün şagirdlər siniflərdə donmazdılar. Bütün ümid ictimaiyyətə qalıb. Vətəndaşlar bu məsələni qaldırmalı, məktəbin konkret adını çəkməli, tədris prosesini foto və video-materiallarda əks etməklə diqqəti bu problemlərə yönəltməlidirlər».

N.Ağayevin deməsinə görə, hazırda Azərbaycanda azı 1000 məktəb istilik sisteminə qoşulmayıb. Bu müəssisələr sinif otaqlarını, ən yaxşı halda, odun və solyarka ilə qızdırırlar: «Bəzi kənd məktəblərində odun və solyarka alınması üçün ayrılan pullar məktəb direktorunun şəxsi ehtiyaclarına ödənir. Yəni, pullardan təyinatı üzrə istifadə edilmir. Belə problemlərlə xüsusilə dağ regionlarının insanları daha yaxşı tanışdırlar».

Yazıda deyilir ki, elə bunun səbəbidir ki, məktəblərdə uşaqlar arasında xəstələrin sayı artır.

XS
SM
MD
LG