Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

Sinqapur məktəbliləri öndədir


Məktəb
Məktəb

Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramı-PISA-nın yeni siyahısına Sinqapur məktəbliləri liderlik edir.

Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – OECD məktəblilərin riyazi və elmi biliklərini qiymətləndirməkdən ötrü 73 ölkədən 540 min şagirdi imtahana çəkib. Nəticələr 15 yaşlı yeniyetmələr arasında ən savadlıların Sinqapurdan olduğunu, Yaponiya, Estoniya, Finlandiya və Kanadanın sonra gəldiyini göstərir.

Qərb mətbuatı PISA-nın builki nəticələrinin inkişaf etmiş ölkələrdə narahatlığa səbəb olduğunu yazır.

BAZA SƏVİYYƏSİ DƏ YOXDUR

«Reuters» agentliyinin məlumatına görə, budəfəki sorğu-sualda, əsasən, şagirdlərin təbiətşünaslığa aid biliklərinə diqqət edilib. Bəlli olub ki, OECD-ə daxil olan ən varlı ölkələrdə 5 şagirddən 1-nin təbiət elmləri haqda biliyi baza səviyyəsinə çatmır. Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya və Avstraliyada şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri fənlərində zəiflədiyi ortaya çıxıb. Müəlliflər OECD-nin 2012-ci ildə hazırladığı hesabatla indikini müqayisə edərək bu nəticəyə gəliblər.

Buna da bax-Azərbaycanın 15 yaşlı məktəbliləri 65 ölkə arasında 64-cü olub

«Təbiət elmləri haqda bildikləri çox deyil. Niyə? Çünki elm özü zəif inkişaf edir», - bunu OECD-nin baş katibi Angel Gurria «Reuters»ə müsahibəsində deyib.

Bununla belə, Sinqapur məktəbliləri orta balı 490 olan qiymətləndirmə cədvəlinə görə, 564 bal qazana biliblər. Şərqi Asiya ölkələri məktəblilərinin qiymətləri 500-ü keçdiyi halda, Birləşmiş Ştatlarda şagirdlərin biliyi 470 balla qiymətləndirilib. «The Economist» qəzeti dünya siyasətçilərinin PISA nəticələrindən dərs almalı olduğunu yazır.

ÖZƏLLƏR DAHA YÜKSƏK NƏTİCƏ GÖSTƏRİR

Araşdırma OECD-yə üzv ölkələrdə hər şagirdin təhsilinə xərclənən vəsaitin son 10 ildə 20% artırılmasının da duruma çox az təsir etdiyini göstərib.

Buna da bax-Beynəlxalq testə Azərbaycanın 'yaşı çatmır'

Bundan başqa, tədqiqat məktəblərin bərabər sistemlə çalışmadığını, bəzən özəl məktəb şagirdlərinin ictimai məktəblərdəkindən yüksək nəticələr göstərdiyini aşkarlayıb.

Azərbaycan PISA-nın qiymətləndirməsinə daha qatılmır. 2009-cu ildə ölkə həmin proqramda 65 ölkə arasında 64-cü olmuşdu. O zaman Təhsil Nazirliyi nəticəni obyektiv saymadı və o vaxtdan bəri qiymətləndirməyə qatılmadı.

Qonşu ölkələrdən Türkiyə (52-ci yer) və Gürcüstan (63-cü yer) şagirdlərinin səviyyəsinin aşağı, Rusiya (28-ci yer) məktəblilərinkinin orta olduğu üzə çıxıb.

XS
SM
MD
LG